İran kürdlərinin müxalif təşkilatları İslam Respublikasını devirmək məqsədilə yeni koalisiya yaradıblar.
Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanının Demokratik Partiyası (PDKI), Kürdüstan Azad Həyat Partiyası (PJAK), İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı və Şəqrqi Kürdüstan Zəhmətkeşlərinin İnqilabi Komala Təşkilatı fevralın 22-də Şərqi Kürdüstan Siyasi Qüvvələr Alyansının yaradıldığını elan ediblər.
Bu qrupların çoxu əvvəllər silahlı olub. Bəziləri İranda muxtariyyət tələb edib, digərləri İslam Respublikasından ayrılmaq uğrunda mübarizə aparıb.
Alyansın bəyanatında qeyd olunur ki, birləşmənin əsas məqsədi İslam Respublikasını devirmək, kürd xalqının öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək və Şərqi Kürdüstanda xalqın siyasi iradəsinə əsaslanan demokratik bir rejim qurmaq uğrunda mübarizə aparmaqdır. Bu mərhələdə partiyalar İranın bütün xalqlarının mövcud hökumətə qarşı etirazlarını dəstəkləmək niyyətindədirlər.
Digər qüvvələrlə hər hansı bir əməkdaşlığın şərti kürd milli hüquqlarının tanınması, demokratiyanın qəbul edilməsi və bütün diktatura formalarının rədd edilməsi olacaq. Alyans koalisiya xaricindəki bütün siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirib.
İranın 90 milyonluq əhalisinin təxminən 10 faizini təşkil edən kürdlər əsasən ölkənin qərbində – İraqla həmsərhəd bölgələrdə yaşayırlar.
İran kürdlərinin müstəqillik qazanmaq şansı varmı?
İran kürdlərinin tam müstəqillik əldə etməsi hazırkı geosiyasi reallıqlar çərçivəsində olduqca mürəkkəb və çətin bir hədəf kimi görünür. Çünki müstəqillik yolundakı ən böyük maneə yalnız İran deyil, həm də qonşu dövlətlərdir.
Türkiyə və İraq öz ərazilərindəki kürd azlıqlarına təsir edə biləcəyi qorxusuyla İranda müstəqil bir kürd dövlətinin yaranmasına qarşıdırlar.
ABŞ və digər Qərb dövlətləri İrandakı rejim dəyişikliyini dəstəkləsələr də, rəsmi olaraq İranın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edirlər, daha çox federativ və ya demokratik mərkəzsizləşmə modeli müzakirə olunur.
Digər tərəfdən, İran rejimi ciddi legitimlik böhranı yaşasa da, hələ ki güc strukturlarına (SEPAH və “Bəsic”) nəzarəti qoruyub saxlaya bilir. 2026-cı ilin yanvar və fevral aylarında etirazların sərt şəkildə yatırılması göstərdi ki, mərkəzi hakimiyyət ərazi itkisinə yol verməmək üçün ən sərt hərbi metodlara əl atmağa hazırdır.
Ona görə də hazırkı mərhələdə geniş muxtariyyət əldə etmək şansı daha real görünür. Amma bu, İranın mərkəzi hakimiyyətinin nə dərəcədə zəifləyəcəyindən və kürd qruplarının birliyi nə qədər qoruyaca biləcəyindən asılıdır.
Həlledici faktor: İran azərbaycanlıları
İranda baş verən son proseslərdə etnik azlıqların (xüsusilə də azərbaycanlıların) mövqeyi həlledici faktordur. Cənubi Azərbaycan türkləri həm say etibarilə, həm də strateji yerləşməsinə görə İranın gələcək taleyini müəyyən edən əsas qüvvədir.
Kürd hərəkatıyla müqayisədə Azərbaycan türklərinin rolu və yanaşması bir neçə mühüm məqamla fərqlənir.
Say üstünlüyü və strateji coğrafi mövqe
Azərbaycan türkləri İranın ən böyük qeyri-fars etnik qrupudur (təxmini hesablamalara görə 25-30 milyon nəfər). Onların yerləşdiyi bölgə (Təbriz, Ərdəbil, Urmiya, Zənjan) ölkənin iqtisadi və sənaye mərkəzlərindən biridir. Bu bölgədə yaşayanların tam hərəkətə keçməsi Tehran üçün kürd hərəkatından qat-qat böyük təhdid yaradır.
Urmiya mübahisəsi
İranın şimal-qərbində (Qərbi Azərbaycan ostanı) azərbaycanlılar və kürdlər arasında ciddi rəqabət və ərazi mübahisələri mövcuddur.
Bu bölgə hər iki tərəf üçün “qırmızı xətt”dir. Həm kürdlər, həm də azərbaycanlılar bəzi şəhərləri (məsələn, Urmiyanı) öz tarixi əraziləri hesab edirlər. Ona görə də Azərbaycan türkləri kürdlərin müstəqillik və ya geniş muxtariyyət tələblərinə ehtiyatla yanaşırlar. Çünki kürd dövlətinin qurulması Azərbaycanın tarixi ərazilərinin bir hissəsinin itirilməsi kimi qəbul edilə bilər.
2025-ci ilin oktyabrında Urmiyada baş verən futbol qarşıdurması və 2026-cı ilin əvvəlindəki etnik gərginliklər göstərir ki, mərkəzi hakimiyyət zəiflədikcə, bu mübahisə daha da dərinləşir. 2024-cü il parlament seçkilərində kürd namizədlərin gözlənilməz qələbəsi bu gərginliyi pik həddə çatdırıb.
Azərbaycanlı aktivistlər iddia edirlər ki, rejim demoqrafik balansı dəyişmək üçün kürdləri bilərəkdən Azərbaycan torpaqlarına (xüsusilə Türkiyə ilə sərhəd bölgələrə) köçürüb.
Kürdlər və türklər arasında Qərbi Azərbaycanla (Urmiya və ətrafı) bağlı toqquşma riski nə dərəcədə realdır?
Bu, mərkəzi hakimiyyətin güclü, yoxsa zəif olmasına bağlı məsələdir. Tehranda hakimiyyət boşluğu yaranarsa, torpaq mübahisəsi silahlı münaqişəyə çevrilə bilər. Təsadüfi deyil ki, molla rejimi bu rəqabətdən “böl və idarə et” aləti kimi istifadə edir, “etnik qarşıdurma” ehtimalını tirajlayaraq mərkəzi hakimiyyətin vacibliyini təbliğ edir.
Azərbaycanlılar arasında həm federasiya tərəfdarları (İranın demokratikləşməsini və türklərə geniş mədəni-siyasi haqlar verilən federativ model), həm də müstəqillik tərəfdarları (İranın tamamilə parçalanması, Şimali Azərbaycanla birləşmə və ya müstəqil dövlət qurmaq) var.
Kürdlərin müstəqilliyi məsələsinə sərt reaksiya verən Türkiyə azərbaycanlıların hüquqlarının genişlənməsi məsələsində dəstəkləyici (ən azı simpatiya bəsləyən) tərəfdir. Bu, Azərbaycan türklərinin əlini gücləndirən amildir.
Milyonlarla insanın qatıldığı kütləvi etiraz aksiyaları vasitəsilə şəhər mərkəzlərini (Təbrizdə, Ərdəbildə, Urmiyada) iflic etmək potensialı da İran azərbaycanlılarının güclü tərəfidir. Geniş bir “şəbəkə” sisteminə malik olan bu hərəkat həm İran daxilindəki gizli hücrələrlə, həm də xaricdəki güclü diaspor və media resursları vasitəsilə koordinasiyalı hərəkət edir.
Daha bir vacib məsələ – kürd birləşmələrindən fərqli olaraq azərbaycanlılar rejimə qarşı mübarizədə terrordan istifadə etmirlər.
Amma İran kürdlərinin üstün olduğu məqamlar da az deyil.
Onlar siyasi baxımdan daha yaxşı təşkilatlanıblar, güclü silahlı potensialları – İraq sərhədindəki dağlıq bölgələrdə onilliklərdir fəaliyyət göstərən təcrübəli silahlı qrupları (məsələn, PAK, PDKI və s.) var. Onların mübarizəsi daha çox partizan müharibəsi və silahlı müqavimət üzərində qurulub.
Beynəlxalq dəstək faktoru
Beynəlxalq güclərin (ABŞ, Aİ, BMT) İrandakı etnik məsələyə baxışı daha çox insan haqları və siyasi keçid üzərində fokuslanıb.
Qərb dövlətləri İranın parçalanmasının Yaxın Şərqdəki dogər dövlətlərə də (İraq, Türkiyə, Suriya və s.) təsir edəcək böyük bir “domino effekti” yaratmasından qorxurlar.
Doğrudur, hazırda BMT-nin Faktaraşdırıcı Missiyası “insanlığa qarşı cinayət” ssenariləri çərçivəsində İranda kürd və Azərbaycan türklərinə qarşı törədilən ayrı-seçkilik faktlarını araşdırır. Amma bu, müstəqilliyə hüquqi dəstək deyil, sadəcə rejimə təzyiq vasitəsidir.
Beynəlxalq birlik üçün ən böyük qorxu İranın parçalanması zamanı nüvə obyektlərinin və uran ehtiyatlarının nəzarətsiz qalmasıdır. Bu məqam Qərbin “müstəqil dövlətlər” ideyasına ehtiyatla yanaşmasına səbəb olur. İlk növbədə buna görə onlar İranda rejimin dəyişməsini və etnik qrupların bu yeni sistemdə “pay sahibi” olmasını istəyirlər.
İranın parçalanması
Kürdlərin və digər etnik qrupların müstəqillik ssenarilərinin reallaşması üçün mərkəzi aparatın tamamilə çökməsi və beynəlxalq güclərin (ABŞ, Rusiya, Çin) buna yaşıl işıq yandırması lazımdır. Hazırda regionda yeni etnik dövlətlər yaranmasına və sərhədlərin dəyişməsinə nə Türkiyə, nə İraq, nə də Qərb dövlətləri isti baxır.
Tehrandakı molla rejimi devrilərsə və yerinə keçid hökuməti gələrsə, ən real görünən variant onun bölgələrə muxtariyyət verməsidir. Bu modeldə həm kürdlər, həm də azərbaycanlılar öz daxili idarəetmələrini (ana dilində təhsil, yerli vergilər, yerli polis) qura bilərlər. Bu, İraqdakı Kürdüstan Regional Hökuməti (KRG) modelinə yaxın bir quruluş ola bilər.
Federativ İran ssenarisi necə, reallaşa bilərmi?
Bu, fars müxalifətinin və bəzi liberal qrupların ən çox dəstəklədiyi variantdır: ölkə bir neçə federal subyektə (Azərbaycan, Kürdüstan, Bəlucistan, Xuzistan və mərkəzdəki fars bölgələri) bölünür, amma vahid xarici siyasət və vahid ordu qorunub saxlanılır. Bu, ölkənin parçalanmasının qarşısını almaq üçün “qızıl orta” kimi təklif olunur.
Amma yenidən qurulacaq İranda etnik qrupların maraqları təmin olunmazsa, bu gün kürdlərlə müqayisədə daha loyal görünən azərbaycanlılar da sərt qüvvəyə çevrilə bilərlər. İlk növbədə ona görə ki, gənc nəsil arasında Güney Azərbaycan milli kimliyi sürətlə populyarlaşmaqdadır.
Fars müxalifəti (xüsusilə Rza Pəhləvinin ətrafındakı monarxistlər) “tək millət, tək dil” modelində israr etsə, müstəqillik gənclər üçün artıq bir xəyal yox, yeganə çıxış yolu kimi görünə bilər.
Tarixdən də bilindiyi kimi ki, inkar və repressiya siyasəti gec-tez daha böyük partlayışa səbəb olur. Bu baxımdan köhnə səhvlərin təkrar edilməsi İranın bütöv qalmaq şansını sıfıra endirəcək.
“Politfm”



