Bugünlərdə Macarıstan yenə Ukraynaya qarşı sərt mövqe nümayiş etdirdi – Avropa İttifaqının bu ölkə üçün hazırladığı 90 milyard avroluq yardım paketini blokladı. Beləliklə, Macarıstanın Baş naziri Viktor Orban Aİ-yə növbəti dəfə meydan oxumuş oldu.
1989-cu ildə sovet qoşunlarını ölkədən qovanlar arasında olmuş gənc demokratdan işğalçı Rusiyanın Avropadakı ən sadiq müttəfiqinə çevrilmək – bu, təkcə inanılmaz transformasiya nümunəsi yox, həm də uğursuz bir həyat hekayəsi sayıla bilər.
“İlliberal demokratiya” quruculuğu
Viktor Orban ikinci dəfə Baş nazir seçiləndən üç il sonra – 2013-cu ildə Macarıstana “müasir Avropa mədəniyyətindən fərqli bir mədəniyyət modeli” lazım olduğunu bəyan etdi. Onun sonrakı 13 il ərzində qurduğu sistem həqiqətən fərqli bir model oldu. Belə sistemlər Avropa İttifaqında “illiberal demokratiya” (liberal olmayan demokratiya) kimi tanınır.
Həm də “oliqarxik avtokratiya” deyə biləcəyimiz bu sistem hazırda Macarıstanı Aİ-nin ən korrupsiyalaşmış iki ölkəsindən birinə çevirib – Bolqarıstanla birlikdə sonuncu yeri bölüşür. 2012-ci ildən bəri ölkənin antikorrupsiya dözümlülüyü 15 bənd geriləyib, korrupsiya qavrayışına görəsə dünyada 84-cü yerdə – Qazaxıstan və Vyetnamla eyni pillədədir (“Transparency International”).
Ölkə mediasının mütləq əksəriyyəti hökumət tərəfindən idarə olunan KESMA fonduna bağlıdır. Bu media qurumları ukraynalıları “nasist”, Zelenskini isə “Macarıstanın düşməni” kimi qələmə verirlər.
Orbanın qurduğu sistem Aİ-nin maliyyə maraqlarını təhdid etdiyi üçün Brüssel Macarıstana görünməmiş sanksiyalar tətbiq edib:
– bütün fondlar üzrə təxminən 22.5 milyard avroluq yardımı dondurub;
– lazımi islahatlar aparılmadığı üçün 2025-ci ilin sonunda 1 milyard avrodan çox vəsaitin müddəti bitib və Macarıstan bu pulu birdəfəlik itirib;
– Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə tətbiq edilən gündəlik cərimələrin ümumi məbləği 386 milyon avronu keçib.
Orbanın biznes imperiyası
Baş nazirin yaxın çevrəsi dünyanın ən sürətlə zənginləşən qrupları sırasındadır.
Kürəkəni İstvan Tiborkz dövlətin maliyyələşdirdiyi küçə işıqlandırma layihələri və daşınmaz əmlak sahəsindəki “şübhəli” tenderlər sayəsində ölkənin ən zəngin adamları siyahısında ilk 10-luqdadır.
Yaxın keçmişdə boru kəmərlərinin montajıyla məşğul olan fəhlə – uşaqlıq dostu Lörinc Meszarosun sərvəti hazırda 1.7 trilyon forintdir (təxminən 5.2 milyard dollar) və bu sərvət hər il orta hesabla iki dəfə artır. Meszaros Macarıstanın ən zəngin adamlarından biri hesab olunur.
Aİ-dən gələn maliyyə vəsaitləri də Orbanın yaxın çevrəsinə yönəldilir.
Dövlət alışlarının 30-40%-i cəmi bir iddiaçının iştirak etdiyi rəqabətsiz tenderlərdə hakim partiyaya yaxın oliqarxlara verilir.
“Milyon markalıq rüşvət” iddiası
Orban Putinlə kriminal-mafioz əlaqələriylə də məşhurdur və Macarıstanın Rusiyayla yaxınlığının pərdəarxasını izah edən ən populyar izah budur.
Bu haqda ilk dəfə 2017-ci ildə “The Insider” nəşri yazıb, bir il sonra daha geniş faktmaterialla mövuya yenidən qayıdıb.
Söhbət əsasən Dietmar Klodo adlı alman iş adamının (və keçmiş məhbusun) iddialarından və məşhur mafiya bosu Semyon Mogileviçlə bağlı “kompromat” hekayəsindən gedir.
Nəşrin materiallarında qeyd olunur ki, 1990-cı illərin ortalarında – Viktor Orban “Fidezs” partiyasının lideri və deputat olan dönəmdə Budapeştdə fəaliyyət göstərən rus mafiyasının “xaç atası” Semyon Mogileviç ona külli miqdarda pul (təxminən 1 milyon alman markası) verib. Dietmar Klodonun dediyinə görə, bu proses gizli kamerayla lentə alınıb.
Başqa bir iddiaya görəsə Macarıstanın daxili işlər naziri Şandor Pinter polis rəisi işlədiyi dövrdə (1990-cı illərdə) mafiya şəbəkələriylə əlaqədə olub və Orbanla bu sistem arasında “körpü” rolunu oynayıb.
Orban və Rusiya FTX-si
İddiaya görə, Amerika FTB-sinin ən çox axtarılanlar siyahısında olan Semyon Mogileviç 2008-ci ildə Moskvada həbs olunanda azad edilməsi üçün arxivindəki bütün sənədləri, o cümlədən Orbanla bağlı olan həmin videonu da Rusiya Federal Təhlükəsizlik Xidmətinə verib.
Putinin ən kəskin tənqidçilərindən biri olan, 2008-ci ildə Rusiyanın Gürcüstana hücumunu sərt tənqid edən Orban 2009-cu ilin noyabr ayında gözlənilmədən Sankt-Peterburqa gedib və orda Putinlə görüşüb.
Həmin görüşdən sonra onun ritorikası 180 dərəcə dəyişib və Avropada Putinin ən yaxın müttəfiqinə çevrilib.
Macarıstan hökuməti bu iddiaları təkzib edir, deyilənləri “siyasi manipulyasiya” adlandırır.
Tezliklə Orban Putinlə həm də biznes tərəfdaşı olub, Macarıstanın Rusiyadan asılılığını artıran energetika layihələrinə imza atıb. Hazırda Rusiya qazından və neftindən ən çox asılı olan Aİ ölkəsi Macarıstandır. Orban mövcud vəziyyəti “ucuz enerji” və “ailələrin rifahı” kimi təqdim etsə də, tənqidçilər bu asılılığı Kremlin onu idarə etmək üçün istifadə etdiyi iqtisadi rıçaq kimi qiymətləndirirlər və hesab edirlər ki, həmin müqavilələrin arxasında ofşor hesablara gköçürülən faizlər var.
2024-2025-ci illərin statistikası göstərir ki, Macarıstan bəzi aylarda Rusiya qazına birjada olan bazar qiymətindən daha yüksək məbləğ ödəyib.
Budapeşt Rusiyanın “Rosatom” şirkətinə tikdirdiyi atom elektrik stansiyası üçün bu ölkədən 10 milyard avro kredit alıb. Ölkəni növbəti 30-50 il ərzində Rusiyadan texnoloji və maliyyə asılılığında saxlayacaq bu layihənin detalları dövlət sirri kimi gizlədilir. Tənqidçilər bunu böyük korrupsiya riskləriylə əlaqələndirirlər.
Orban “Rusiyanın casus yuvası” hesab edilən, sonradan bağlanan Beynəlxalq İnvestisiya Bankına (IIB) uzun müddət diplomatik toxunulmazlıq verib və buna görə Rusiyanın Avropadakı kəşfiyyat əməliyyatlarına şərait yaratmaqda ittiham olunub.
Kremlin “Troya atı”
Aİ daxilində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına və ya bloklanmasına ən çox çalışan ölkə lideri Orbandır. O, Putinlə tez-tez və təkbətək görüşən yeganə Aİ üzvü kimi də diqqət çəkir.
Orban Ukraynaya münasibətdə davamlı olaraq Rusiyanın maraqlarına uyğun siyasət yürüdür. Təsadüfi deyil ki, Macarıstan öz ərazisindən Ukraynaya silah daşınmasına icazə verməyən yeganə NATO üzvüdür.
Aİ-nin Ukrayna üçün nəzərdə tutulmuş 50 milyard avroluq yardım paketinə uzun müddət “yox” deyən Orban hər dəfə siyasi bazarlıq edərək Macarıstana aid dondurulmuş Aİ fondlarını geri almağa çalışıb (Milyardlarla avroluq maliyə vəsaitləri Orban hökuməti qanunun aliliyi pozduğuna görə bloklanıb).
O, Ukraynanın Zakarpatye bölgəsində yaşayan macar azlığın hüquqlarını bəhanə gətirərək bu ölkənin NATO və Aİ-yə inteqrasiyasını da dəstəkləmir. Ukraynaya qarşı az qala düşmənçilik səviyyəsində mövqe tutması ona Qərbdə “Kremlin Troya atı” imicini qazandırıb.
Aprel seçkiləri
Ölkə daxilində Ukraynanı “müharibəni uzadan tərəf”, Brüsseli isə “Macarıstanı müharibəyə sürükləmək istəyən mərkəz” kimi qələmə verən Orban aprel ayında keçiriləcək parlament seçkilərini ölkə vətəndaşlarına “müharibə, yoxsa sülh” seçimi kimi təqdim edir.
Onun əsas seçki narrativi budur: “Müxalifət hakimiyyətə gəlsə, macarları Ukrayna cəbhəsinə göndərəcək, mənsə sülhü qoruyuram”. Bu taktika xüsusilə kənd yerlərindəki seçicilərə təsir edir.
Bundan başqa, Orban seçki qanunlarını dəyişərək parçalanmış müxalifətin qalib gəlməsini riyazi olaraq çətinləşdirib.Yeni qaydalar sayəsində hətta az səs toplandığı halda da parlamentdə mütləq çoxluq (2/3) qazanmağı təmin edən bir sistem qurulub. Amma bir məqam bu il bu sistemi ilk dəfə ciddi şəkildə sarsıda bilər.
Aprel seçkilərində Orbanın qarşısındakı ən böyük maneə ənənəvi sol müxalifət yox, sistemin öz içindən çıxmış keçmiş ədliyyə naziri Judit Varqanın eks-həyat yoldaşı Peter Maqyar və onun “Tizsa” partiyası olacaq.
Orbanın ailə üzvlərinin və yaxın dostu Antal Roqanın korrupsiya sxemlərini ifşa edən, onların yazışmalarını və səs yazılarını ictimailəşdirən Maqyar “Fidesz”in “əxlaqi üstünlük” imicini sarsıdıb və bununla həm sağçı, həm də mərkəzçi seçicilərin diqqətini cəlb edə bilib. Onun partiyası qısa müddətdə onminlərlə insanı Budapeşt küçələrinə çıxarmağı bacarıb. Bu, Orbanın 2010-cu ildən bəri qarşılaşdığı ən ciddi daxili mobilizasiyadır.
Bütün bunlar baş nazirin “məğlubedilməz siyasətçi” imicini zədələyib. Son iki ildə Macarıstanın ən yüksək inflyasiyalı Aİ ölkəsinə çevrilməsi də onun əleyhinə işləyib.
2024-2025-ci illərdə ortaya çıxan pedofiliya qalmaqalları (uşaq evlərindəki zorakılıqların ört-basat olunması) isə Orbanın illərdir istifadə etdiyi “ailə dəyərləri” təbliğatını gücdən salıb. Bu, mühafizəkar seçicinin ona olan inamını sarsıdıb.
Qarşıdakı seçkilər Viktor Orban üçün sadəcə hakimkiyyət yox, həm də təhlükəsizlik məsələsidir. Çünki uduzacağı halda həm ölkədaxili korrupsiya faktlarına, həm də Rusiyayla qaranlıq əlaqələrinə görə mühakimə oluna bilər.
“Politfm”



