ABŞ prezidenti Donald Tramp İranla müharibəyə Konqresin təsdiqini almadan başlayıb. Noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində bu müharibənin siyasi və iqtisadi nəticələrinin nə olacağı müzakirə edilir.
ABŞ prezidenti Donald Trampın İsraillə birlikdə başladığı İran müharibəsinin ölkədaxili siyasətdə də ciddi nəticələr doğuracağı gözlənilir.
Tramp seçki kampaniyası zamanı vəd etmişdi ki, müharibələri bitirəcək, yeni müharibələrə başlamayacaq. Onu dəstəkləyən MAGA (Amerikanı yenidən möhtəşəm et) hərəkatı da “Artıq sonsuz müharibələr yoxdur” şüarını qəbul etmişdi.
Bir neçə ay əvvələ qədər Nobel Sülh Mükafatına layiq olduğunu iddia edən və 8 münaqişəni sona çatdırdığını söyləyib bununla fəxr edən Trampın adı indi müharibəylə yanaşı çəkilir.
Yanvar ayının əvvəlində Venesuelaya qarşı əməliyyat əmri verən, dövlət başçısı Nicolas Maduronun qaçırılmasını şəxsən təsdiqləyən Tramp indi ABŞ-nin İsraillə birlikdə İrana qarşı həyata keçirdiyi hücumları müdafiə edir. Amma o, Amerika xalqından tam dəstək ala bilmir.

Amerikalılar müharibəni dəstəkləyirlərmi?

İranda müharibə başlayandan sonra ABŞ-də keçirilən sorğular amerikalıların əksəriyyətinin bu əməliyyata qarşı olduğunu göstərir. CNN telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, rəyi soruşulanların 59 faizi İrana qarşı hava hücumu qərarından narazı olduğunu, 41 faizi dəstəklədiyini bildirib.

“Reuters” agentliyinin keçirdiyi sorğuda isə iştirakçıların 43 faizi müharibənin əleyhinə çıxıb, 27 faizi dəstəklədiyini bildirib, 29 faizi qərarsız olduğunu qeyd edib.

Hər iki sorğuda müharibəni dəstəkləyənlərin əksəriyyətini respublikaçı seçicilər təşkil edib. Amma hərbi əməliyyatlar başlayandan sonra Trampı dəstəkləyən MAGA hərəkatında müəyyən çatlar müşahidə olunur. Məsələn, “Fox News” kanalının keçmiş şərhçisi Taker Carlson bu hücumları “tamamilə iyrənc və şeytani” adlandırıb.

Berlindəki Siyasət və Elm Fondunun (SWP) Amerika üzrə araşdırmalar qrupunun rəhbəri Yohannes Timm narazıların yaxın zamanda daha da artacağını ehtimal edir.

“ABŞ-də müharibənin iqtisadi nəticələri hiss olunmağa başladıqca tənqidlər də artacaq. Neft daşımalarında yaranan maneələr səbəbindən benzinin qiyməti artır. Müharibə inflyasiyanı da yüksəldir, halbuki Trampın əsas seçki vədlərindən biri inflyasiyanı aşağı səviyyədə saxlamaq idi. Müharibə ABŞ büdcəsinə böyük yük gətirəcək” – Timm DW-yə verdiyi açıqlamada belə deyib:

Brookings İnstitutunun eksperti Conatan Katz isə hesab edir ki, “Yaxın Şərqdəki vəziyyət daxili siyasətdə narahatlıqları artıracaq və yüksələn enerji qiymətləri və inflyasiya səbəbindən onsuz da kövrək olan ABŞ iqtisadiyyatına diqqəti daha da artıracaq.

Respublikaçıların çoxluq təşkil etdiyi Konqresdə Epşteyn, ICE və müharibə başlatmaq səlahiyyəti kimi mövzuların müzakirə olunması daxili siyasi problemlərin asanlıqla aradan qalxmayacağını göstərir”.

Trampın miqrantlara qarşı sərt siyasətini dəstəkləyən daxili təhlükəsizlik naziri Kristi Noemin vəzifədən azad edilməsi isə İran müharibəsinin kölgəsində qalıb.

Konqresin təsdiqi olmadan verilən hücum qərarı

Demokratlar hərbi əməliyyat qərarını Konqresin təsdiqinə tabe etməyi nəzərdə tutan “müharibə səlahiyyətləri” adlı qanun layihəsi hazırlamışdılar, istəyirdilər ki, Trampı İrana hücumları dayandırmağa məcbur etsinlər. Lakin gözlənildiyi kimi, Senatda rədd edilən layihə Nümayəndələr Palatasından da keçmədi – 212 nəfər lehinə, 219 nəfər əleyhinə səs verdi.

Konqresin hər iki palatasında respublikaçıların cüzi üstünlüyü olsa da, prezident Tramp İrana hücum üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını deyir.

ABŞ konstitusiyasına görə, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Ancaq müəyyən şərtlər daxilində prezident Konqresin təsdiqi olmadan 90 gün müddətində məhdud hərbi əməliyyatlar başlada bilər.

Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün böyük müharibələrin (İraq, Əfqanıstan) Konqresdə təsdiqləndiyini xatırladan Timm qeyd edir ki, İrana hücumların da böyük müharibə kimi qiymətləndirilə biləcəyini vurğulayır:
“Bu, mütləq təsdiq tələb edən bir vəziyyətdir”.

Müharibənin nəticəsi seçkilər üçün nə qədər həlledici olacaq?

“Atlantic Council” analitik mərkəzinin siyasi eksperti Tomas Uorrik hesab edir ki, Trampın bu qərarı təkbaşına verməsi onun prezidentliyi üçün risk yaradır:

“Tramp Konqresin və Amerika ictimaiyyətinin razılığını almağa çalışmadığı üçün qərarı nəticəyə görə qiymətləndiriləcək”.
Onun fikrincə, İrandakı müharibə ABŞ üçün uğurla nəticələnərsə, Trampa dəstək müəyyən qədər arta bilər, uğursuzluq isə daxili siyasətdə ciddi geriləməsinə səbəb ola bilər.

ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər də Tramp üçün xüsusi əhəmiyyət daşıyır. Bu seçkilərdə Nümayəndələr Palatasının 435 üzvü və Senatın 100 üzvündən üçdə biri yenidən seçiləcək.
Timm bildirir ki, respublikaçılar çətin bir vəziyyətlə üzləşiblər:
“Bir tərəfdən prezidentə arxa çevirmək, digər tərəfdənsə bu müharibəylə əlaqələndirilmək istəmirlər, çünki əməliyyatların geniş dəstək qazanmadığını bilirlər”.

Trampın qeyri-müəyyən məqsədi

İctimai rəyin necə formalaşacağı və aralıq seçkilərdə namizədlərin uğuru İran müharibəsinin gedişindən də asılı olacaq. Tramp administrasiyasından müharibənin məqsədləri və mümkün müddətiylə bağlı müxtəlif açıqlamalar səslənir.

Müdafiə naziri Pit Heqset deyir ki, “Bu müharibəni istədiyimiz qədər davam etdirə bilərik. Daha əvvəl də dediyim kimi, şərtləri biz müəyyən edirik”.

Digər tərəfdən, ballistik raketlərə və pilotsuz uçuş aparatlarına qarşı müdafiədə ordunun kifayət qədər silaha malik olub-olmadığı da müzakirə edilir.

Taker Karlsonsa iddia edir ki, Tramp administrasiyası müharibə qərarını təkbaşına verməyib, bu qərarın arxasında İsrailin baş naziri Benyamin Netanyahu dayanır. MAGA daxilindəki digər müharibə əleyhdarları da ABŞ-nin İsrail tərəfindən müharibəyə sürükləndiyini düşünür.

Katz isə İran müharibəsiylə bağlı strategiyanın, məqsədlərin və müddətin aydın olmadığını vurğulayır:
“Tramp administrasiyası müharibənin nəticələrini düşünübmü? Məsələn, Yaxın Şərqdəki minlərlə amerikalının necə qorunacağı barədə plan varmı? ABŞ-nin İranda həyata keçirdiyi əməliyyatın xarakteri və müddəti də daxil olmaqla, bu qarşıdurmanın təsirləri həm ABŞ-də, həm də dünyada ciddi nəticələr doğura bilər”.

Daha bir qeyri-müəyyən məsələ də var – Tramp müharibənin ilk günündəki səkkiz dəqiqəlik çıxışında Amerika xalqının “İran rejimindən gələn ani təhlükədən” qorunmalı olduğunu bildirmiş, konkret nəyi nəzərdə tutduğunu açıqlamamışdı.

Bir çox ekspertin “beynəlxalq hüquqa zidd” kimi qiymətləndirdiyi bu müharibəyə ABŞ-nin hansı əsaslarla daxil olması da Tramp administrasiyasını çətin vəziyyətə sala biləcək suallardandır.

“Politfm”