Dünən saat 23.20 radələrində İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib (“prezident.az”).
Əliyevin İran səfirliyinə gedərək Ayətullah Xameneinin və digərlərinin həlak olmasıyla bağlı başsağlığı verməsinə görə minnətdarlığını bildirən Pezeşkian Naxçıvanın havadan atəşə tutulmasının İranla əlaqəsi olmadığını deyib, hadisənin araşdırılacağını bildirib.
Halbuki martın 7-də İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməməklə bağlı qərar qəbul etmiş, Pezeşkian dövlət televiziyasında yayımlanan videomüraciətində “Bizim region ölkələriylə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm” demişdi.
Kəşfiyyat materialları
Dron hücumunun İranla əlaqəsinin olmamasıyla bağlı Pezeşkianın iddiası texniki nöqteyi-nəzərdən ancaq o halda doğru ola bilər ki, hücum əmri birbaşa rəsmi Tehran tərəfindən verilmiş olmasın.
Hakimiyyətdəki radikal qanadlar mərkəzin xarici siyasətini sabotaj etməyə başlayıblarsa, bu, Tehranda ciddi koordinasiya probleminin yaranması və ya daxildəki qruplar arasında hakimiyyət uğrunda mübarizənin başlaması deməkdir.
Əslində, müasir radar və peyk texnologiyaları dronların hardan buraxıldığını öyrənməyə imkan verir. Azərbaycan insidentin araşdırılmasında israr etdiyi üçün ehtimal etmək olar ki, Bakının əlində ciddi kəşfiyyat dataları var.
Digər tərəfdən, həmin gün həm Naxçıvanın, həm də Türkiyənin eyni tipli dronlarla hədəf alınması təsadüf ehtimalını azaldır.
Zaman qazanmaq cəhdi?
Prinsipcə, İranda ali rəhbərin qətlinin, o cümlədən mülki və iqtisadi itkilərin yaratdığı xaos fonunda Pezeşkianın Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəməsi anlaşılandır. Ola bilsin ki, Pezeşkian diplomatik kanalları açıq saxlamağa və Azərbaycanın mümkün cavab zərbələrini, xüsusilə də Qars müqaviləsi çərçivəsində Türkiyənin müdaxiləsini ləngitməyə çalışır.
Alternativ ssenarilər
Martın 6-da Naxçıvana başqa kimlər hücum edə bilərdi? Regional müharibəni alovlandırmaq istəyən radikal qruplarmı, yoxsa, Azərbaycan-İran münasibətlərini tamamilə korlamağa çalışan üçüncü bir ölkəmi?
Bu sualın cavabı hadisələrin sonrakı inkişafında bəlli olacaq.
İndilik ancaq bunu qeyd etmək olar – Əliyevin hadisəyə çox sərt reaksiyası Azərbaycan hakimiyyətində dronların İran istiqamətindən buraxılmasıyla bağlı dəqiq məlumatdan qaynaqlanırdısa, Pezeşkianın bunu inkar etməsi münasibətləri normallaşdırmağa kifayət etməməlidir.
“Politfm”



