Foto: “Reuters”

 

 

 

Donald Tramp ikinci dəfə prezident seçiləndə amerikalılara “Amerikanı yenidən qüdrətli etmək” vədi vermişdi. Hələlik bu vədin uğurla həyata keçirildiyini söyləmək çətindir. Amma nüfuzunu və dünyadakı təsir imkanlarını artırdığına görə ABŞ prezidentinə başqa bir ölkə – Çin təşəkkür edə bilər.

ABŞ-nin dünya liderliyi uğrunda əsas rəqibi sayılan Çin əvvəlcə ticarət müharibəsindən, daha sonra isə ABŞ-nin İranla həqiqi müharibəsindən gözlənilməz qazanc əldə edib. Bu necə mümkün oldu?
BBC-nin məqaləsində bu suala cavab axtarılıb.

Çin Fars körfəzində gedən müharibəyə qoşulmasa da, ABŞ-nin bir sıra tanınmış ekspertləri bu qarşıdurmadan qalib çıxan tərəfin məhz Çin olduğunu düşünürlər. Çinli təhlilçilər isə bu məsələyə daha ehtiyatla yanaşırlar.

Amerikalı ekspertlər vurğulayırlar ki, Donald Tramp müttəfiqlərini əvvəlcədən xəbərdar etmədən müharibəyə başlayıb, genişmiqyaslı enerji böhranına yol açıb, eləcə də ABŞ-nin öz tərəfdaşlarını qorumağa nə dərəcədə hazır və qadir olduğunu şübhə altına salıb.
Demokratiya, dövlət idarəçiliyi və beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı politoloq və filosof Frensis Fukuyama hesab edir ki, ABŞ-nin həm dostları, həm də rəqibləri bu ölkəyə münasibətdə eyni qənaətə gəlirlər.

“Getdikcə ABŞ dünyanın sabitliyinə və beynəlxalq nizama təhlükə yaradan, özünü qaydalarla şərçivələməyən dövlət təsiri bağışlayır və daha tez-tez istehza hədəfinə çevrilir” – Fukuyama belə yazır. Onun sözlərinə görə, Trampın hakimiyyəti dövründə Amerika özünə elə ardıcıl şəkildə zərər vurur ki, Çinin əlavə bir iş görməsinə ehtiyac qalmır.

Trampın ticarət müharibələri və İrana hücumu ABŞ-ni gözlənilməz və dağıdıcı qüvvə kimi göstərir. Kommunizm ideologiyasıyla idarə olunan, dünyanın ikinci böyük iqtisadi və hərbi gücü sayılan Çin isə sabitliyin və ölçülü siyasətin dayağı kimi görünməyə başlayıb.

Co Baydenin prezidentliyi dövründə ABŞ Milli Təhlükəsizlik Şurasında və Dövlət Departamentində Çin üzrə məsləhətçi işləmiş Culian Gevirts vəziyyəti belə təsvir edir:
“Pekindən baxanda görünən mənzərə budur: Vaşinqton addım-addım öz qüdrətinin əsaslarını sarsıdır, müttəfiqləri ilə münasibətlərini korlayır və dünyanın böyük hissəsini özünə qarşı çevirir”.

Hazırda Kolumbiya Universitetində çalışan Gevirtsin fikrincə, artıq bir çox ölkə Çinlə razılığa gəlməyin yalnız öz maraqlarını düşünərək hərəkət edən Amerika ilə anlaşmaqdan daha asan və daha etibarlı olduğu qənaətinə gəlir.

Tanınmış amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman da eyni fikirdədir:
“Çin Fars körfəzindəki üçüncü müharibədə birbaşa iştirak etməyib. Bununla belə, bizim alçaldılmağımızdan məmnun qaldığını da gizlətmir. Həm müharibənin gedişi, həm də Çinin oynadığı rol dünyadakı qüvvələr nisbətini əhəmiyyətli dərəcədə onun xeyrinə dəyişib”.

“Çinlilər məsələyə ciddi yanaşır, biz yox”

Kruqman Çinin avtoritar dövlət olduğunu, ölkədə korrupsiyanın artdığını, insan hüquqlarına sayğı göstərilmədiyini və demokratik dəyərlərin qəbul edilmədiyini xatırladır:
“Bununla belə, bütün dünyada insanlar çinlilərin məsələlərə ciddi yanaşdığı, bizim isə bu ciddiyyətdən uzaq olduğumuz qənaətinə gəliblər”.

Kruqmanın fikrincə, məhz buna görə bu müharibədən Amerika məğlub, Çin isə qalib çıxıb.
ABŞ və İsrailin İranla müharibəsi Amerikanın həm Fars körfəzindəki, həm də dünyanın digər bölgələrindəki müttəfiqlərinə hərbi və iqtisadi zərər vurub. Çin isə bu müddətdə sabitləşdirici qüvvə kimi çıxış edib.

Karnegi Fondunun Yaxın Şərq proqramının mütəxəssisləri bildirirlər ki, Çinin əsas üstünlüyü regionda açıq düşməninin olmamasıdır. Vaşinqtonun əsas müttəfiqi İsrail də daxil olmaqla, Pekin bölgədəki bütün ölkələrlə normal münasibətdədir.

Ekspertlərin fikrincə, ABŞ və Çin arasındakı diplomatik nüfuz fərqi getdikcə azalır. Çin silaha əl atmadan təsir göstərmək imkanlarını genişləndirir. ABŞ isə ardıcıl şəkildə hərbi münaqişələrə qoşulmaqla öz mövqeyinə zərər vurur, Yaxın Şərq siyasətində diplomatiyanı getdikcə daha çox ikinci plana keçirir.

Çin iqtisadi sahədə də sabitləşdirici rol oynayıb. Nəhəng neft ehtiyatlarına güvənən Pekin Hörmüz boğazının bağlanması nəticəsində zərər çəkən ölkələrə kömək etmək üçün idxalı təxminən yarıbayarı azaldıb. Bununla enerji böhranının təsiri zəifləyib və neftin bir barelinin qiyməti bəzi iqtisadçıların gözlədiyi kimi 200 dollara çatmayıb.

ABŞ Çinə necə meydan açır?

“Bu, dünya siyasətində yeni haldır. Əvvəllər neft bazarında problem yarananda ABŞ prezidenti ilk növbədə Ər-Riyada zəng edir və Səudiyyə Ərəbistanından ixracı artırmağı xahiş edirdi” – “Bloomberg”-in neft üzrə baş mütəxəssisi Xavyer Blas belə deyir.
Onun fikrincə, bundan sonra belə vəziyyətlərdə ilk zəng Pekinə edilməli və Çindən neft idxalını azaltması xahiş odilməlidir:
“Bu, son dərəcə maraqlı dəyişiklikdir. ABŞ üçün hansı siyasi nəticələr doğuracağını izləmək çox maraqlı olacaq”.

Blas hesab edir ki, Çin neft bazarındakı imkanlarını iki səbəbdən nümayiş etdirib. Birincisi, Pekin qlobal böhranda maraqlı deyil. Çin iqtisadiyyatı ixracdan ciddi ölçüdə asılıdır. Dünya iqtisadiyyatında böhran yaranarsa, Çin mallarını alan ölkələrin gəlirləri azalacaq və bu da Çinin özünə zərər vuracaq.

İkinci səbəb daha çox fərziyyəyə əsaslanır, lakin Blas bunu da mümkün sayır.
Çinlə ABŞ arasında fasiləsiz danışıqlar aparılır. Blas hesab edir ki, dünya bazarında neftin qiymətinin sabit saxlanması qapalı danışıqlarda əldə edilmiş razılaşmanın bir hissəsi ola bilər. Vaşinqtonun bunun əvəzində nə vəd etdiyini isə yalnız ehtimal etmək mümkündür.
Bəzi dolayı əlamətlər ABŞ-nin Çin üçün əsas məsələlərdən biriylə – Tayvanla bağlı mövqeyini yumşaltdığını göstərir.

May ayında Ağ Ev Tayvana verilməsi nəzərdə tutulan təxminən 14 milyard dollarlıq böyük hərbi yardım paketini dayandırıb. Rəsmi açıqlamada bu qərar silah ehtiyatlarının İranla müharibə üçün qorunması zərurətilə əsaslandırılıb.
Avqustda isə Tramp Şimali Koreyanı çəkindirmək məqsədilə keçirilən Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərin miqyasının məhdudlaşdırılması barədə göstəriş verib və Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu deyib.

“Trampın qərarı yalnız müttəfiqinə vurulan zərbə və Kim Çen Ina hədiyyə deyil. Çin hakimiyyəti uzun illərdir bu təlimlərdən narazılığını bildirirdi. Son vaxtlar isə etirazlar daha da güclənmişdi” – Culian Gevirts belə yazıb.
O qeyd edib ki, Dövlət Departamentində işlədiyi dövrdə Çin rəsmiləri ikitərəfli görüşlər zamanı bu məsələni müntəzəm olaraq gündəmə gətiribər:
“Ona görə də təlimlərin miqyasının azaldılması Çinin uzun illər ərzində əldə etməyə çalışdığı nəticədir”.

Frensis Fukuyama xəbərdarlıq edir ki, Trampın bu cür güzəştləri gələcəkdə yeni müharibəyə yol aça bilər:
“Tramp deyirdi ki, o, ABŞ prezidenti olduğu müddətdə Çin Tayvana hücum etməyəcək. Ola bilsin, bu məsələdə haqlıdır. Si Tzsinpin ABŞ-nin tənəzzülünə mane olmaq istəmir. Ancaq amerikalılar nə vaxtsa hazırkı siyasəti dəyişmək istəyən prezident seçsələr, bu, Sini sürətlə və qətiyyətlə hərəkət etməyə sövq edə bilər”.

“Artıq bizə nə inanırlar, nə də bizdən çəkinirlər”

Fukuyamanın fikrincə, Çin hazırda Trampın səhvlərindən və şöhrətpərəstliyindən yararlanır:
“Tramp qəzəbini xarici ölkələrdəki diktatorlara deyil, ölkə daxilindəki rəqiblərinə saxlayır”.
Trampın may ayında Si Tzsinpinlə görüşünü xatırladan Fukuyamanın sözlərinə görə, görüşün ümumi mənzərəsi çinlilərin gözündə Trampın nüfuzunu nə qədər azaldığını göstərirdi:
“Ən pis məqam Trampın dayanmadan Si Tzsinpinə yarınması idi. O, Sini ‘böyük lider’ və ‘əsl dost’ adlandırır, Çini təkrar-təkrar tərifləyirdi. Tramp, görünür, başqa avtoritar liderlərlə görüşlərdəki təcrübəsinə əsaslanaraq qarşı tərəfdən də eyni münasibəti gözləyirdi. Si isə sadəcə ABŞ ilə Çinin ‘rəqib deyil, tərəfdaş olmalı olduğunu’ deməklə kifayətləndi”.

Trampın hakimiyyəti dövründə ABŞ-nin gücünə hörmətini itirənlər yalnız çinlilər deyil. Amerikanın “Pew Research” araşdırmalar mərkəzinin keçirdiyi sorğuya əsasən, bu il ilk dəfə dünya ölkələrində Çinə münasibət ABŞ-a münasibətdən, Çin rəhbəri Si Cinpinə münasibət isə Amerika prezidentinə münasibətdən daha müsbət olub.
“İkinci Dünya müharibəsində, daha sonra isə soyuq müharibədə qələbə qazanmağımıza kömək etmiş köhnə müttəfiqlərimizin bir çoxu bu gün Çinə ABŞ-dən daha müsbət yanaşır” – Pol Kruqman sorğunun nəticələrini belə şərh edib.

Uzun illərdir Trampı tənqid edən Kruqman hesab edir ki, əsas problem ABŞ-nin dünya liderliyini təmin edən dayaqların sarsıdılmasıdır.
Onun fikrincə, Trampın islahatları və kadr siyasəti Amerikanın elm və texnologiya sahəsində üstünlüyünə, hərbi gücünə, diplomatik nüfuzuna, maliyyə imkanlarına, eləcə də dolların dünyanın əsas ehtiyat və hesablaşma valyutası kimi mövqeyinə zərər vurur. Ən başlıcası isə ABŞ-nin aparıcı dünya dövləti olmasına imkan verən ittifaqlar zəifləyir.

Culian Gevirts də eyni fikirdədir:
“ABŞ aparıcı universitetlərin maliyyəsini azaldır; əcnəbi alimlərin ölkədə işləməsini son dərəcə çətinləşdirən, bəzən isə mümkünsüz edən vəziyyət yaradır. Bununla yanaşı, USAID-dən ‘Amerikanın səsi’nə qədər bütün dünyada malik olduğu təsir vasitələrini yox edir”.
Gevirtsin fikrincə, Çin tərəfdən baxanda ABŞ-nin öz güc vasitələrindən faktiki olaraq könüllü şəkildə imtina etdiyi görünür.

Kruqman hesab edir ki, İranla müharibə bunun növbəti sübutudur:
“Tramp, demək olar ki, heç kimlə məsləhətləşmədən müharibəyə başladı. Bu müharibə yalnız ölüm və dağıntı gətirmədi, həm də dünyanın neft və qaz təchizatının əhəmiyyətli hissəsini kəsdi. Müharibə başlayandan sonra isə Amerika nə İrana iradəsini qəbul etdirə, nə Hörmüz boğazındakı maneəni aradan qaldıra, nə də bölgədəki müttəfiqlərini qoruya bildiyini göstərdi. Ona görə də artıq dünyada bizə nə inanırlar, nə də bizdən çəkinirlər”.

Çindən baxış

Çinli təhlilçilər yaranmış vəziyyətdən razı olsalar da, qələbəni qeyd etməyə tələsmirlər. Onların fikrincə, hadisələrin sonrakı gedişi Çinin öz əleyhinə də çevrilə bilər.

Çinin dövlətə məxsus Şimal-Qərb Universitetinin professoru, Yaxın Şərq üzrə tanınmış mütəxəssis Van Tzsin “The Diplomat” nəşri üçün yazdığı məqalədə qeyd edir ki, “Vəziyyəti sadəcə Amerikanın uduzduğu, Çinin isə qalib gəldiyi kimi şərh etmək düzgün olmazdı. Əksinə, regionda yeni dəyişiklik mərhələsi başladıqca Çin yeni problemlərlə üzləşə, ABŞ üçünsə yeni imkanlar yarana bilər”.

Yaxın Şərqin varlı ölkələri hələ də ABŞ-nin hərbi texnologiyalarından asılıdır. İranın hava zərbələrindən sonra bu ölkələrin silaha ehtiyacı daha da artıb. Van Tzsinin fikrincə, nə Birləşmiş Ərəb Əmirlikləri, nə də Bəhreyn hərbi müttəfiq kimi ABŞ-ni əvəz edə biləcək başqa ölkə tapa bilər:
“ABŞ hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltsa, yaranacaq boşluğu hazırda nə Rusiya, nə Çin, nə də Pakistan doldura bilər. Fars körfəzindəki ərəb dövlətləri əlaqələrini şaxələndirməyə çalışırlar. Ancaq bu gün heç bir başqa dövlət Yaxın Şərqin əsas hərbi gücü kimi ABŞ-ni əvəz etməyə qadir deyil”.

Bundan başqa, dünyanın ən böyük neft və qaz istehsalçısı olan ABŞ Hörmüz boğazının bağlanması nəticəsində yaranmış xammal qıtlığından faydalanaraq aparıcı enerji dövləti kimi mövqeyini möhkəmləndirib.
Dünyanın ən böyük enerji idxalçısı olan Çin isə Fars körfəzindən, o cümlədən İrandan aldığı neftin əhəmiyyətli hissəsindən məhrum olub. Gələcəkdə ABŞ Çinin enerji təhlükəsizliyinə daha ciddi zərər vurmaq imkanına da malikdir.

Van Tzsinin fikrincə, İran və ABŞ Tehrana qarşı sanksiyaların yumşaldılması barədə razılığa gəlsələr, İran bazarına böyük həcmdə Qərb sərmayəsi daxil ola bilər. Bu halda Çinin uzun illər ərzində İranda qazandığı iqtisadi üstünlüklər zəifləyə bilər.

Çinin qarşılaşacağı başqa bir problem diplomatiya ilə bağlıdır. Pekin bölgədə bir-biri ilə müharibə aparan ölkələr arasında tarazlıq yaratmağa məcbur olacaq. İranı açıq şəkildə müdafiə etmək onun hücum etdiyi ölkələrlə, ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri çətinləşdirəcək. İranın tənqid olunması və ya ona təzyiq göstərilməsi isə Çin–İran münasibətlərinə zərər vuracaq.

“Buna görə də enerji təhlükəsizliyini təmin etmək, gəmilərin sərbəst hərəkətini qorumaq, eyni zamanda həm İranla, həm də Fars körfəzindəki ərəb dövlətləri ilə münasibətləri qoruyub saxlamaq Çin üçün getdikcə daha çətin diplomatik vəzifəyə çevriləcək” – Van Tzsin belə yazır.

“Politfm”