Foto: internet

 

 

“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts süni intellektin əmək bazarını əvvəlki texnoloji dəyişikliklərdən daha sürətlə yenidən formalaşdıracağını və bir çox iş yerinin həmişəlik yoxa çıxa biləcəyini bildirib (“CBS News“).

Geyts bu barədə avqustun 26-da şəxsi saytında dərc etdiyi “Təlatümlü süni intellekt dövrü başlayıb. İndi qəbul etdiyimiz qərarlar həlledicidir” adlı essesində yazıb. Təxminən 6 min sözdən ibarət məqalədə süni intellektin imkanları ilə yanaşı, onun məşğulluq, təhlükəsizlik və insan rifahı üçün yaratdığı risklər təhlil olunur.

Onun fikrincə, süni intellekt ilk dəfə olaraq insanın zehni fəaliyyətini əvəz etmək, hətta bir sıra tapşırıqlarda onu üstələmək imkanına yaxınlaşır. Texnologiyanın “heyrətamiz sürətlə” inkişaf etdiyini bildirən Geyts hesab edir ki, dünya bu keçidin sosial və iqtisadi nəticələrinə hazırlaşmır.

Onun sözlərinə görə, əvvəlki texnoloji inqilablarla aparılan müqayisələr yanıldıcı ola bilər. Məsələn, fərdi kompüterlərin əmək prosesini əhəmiyyətli dərəcədə dəyişdirməsi təxminən 20 il çəkmişdi. Süni intellekt isə artıq mövcud cihazlarda işləyir, təbii dili anlayır və insanların ona uyğunlaşmasını gözləmədən özü istifadəçiyə uyğunlaşa bilir.

“Süni intellekt hüquq, müştəri xidmətləri, tibb, proqram təminatı və istehsal sahələrindəki işlərin bir hissəsini öz üzərinə götürəcək. Bu sahələrə təsir bir neçə nəsil ərzində deyil, təxminən on il içində baş verəcək” – Geyts belə yazıb.

O, yeni peşə və iş yerlərinin yaranacağını da istisna etmir. Bununla belə, Geyts hesab edir ki. düzgün siyasət yürüdülməyəcəyi təqdirdə yeni iş yerlərinin sayı xeyli azala bilər.

Bir çox iş yeri həmişəlik yoxa çıxa bilər

Geyts süni intellektə keçidin üç əsas risk yaratdığını bildirir. Bunlardan birincisi çoxsaylı iş yerlərinin həmişəlik yoxa çıxmasıdır. Digər risklər texnologiyanın cinayətkarların və başqa zərərli qüvvələrin imkanlarını artırması, eləcə də uşaqların və gənclərin inkişafına mənfi təsir göstərməsidir.

Essenin əmək bazarına həsr olunan hissəsində qeyd edilir ki, ilkin və orta səviyyəli vəzifələr daha böyük risk altındadır. Yaranacaq yeni iş yerlərinin əhəmiyyətli hissəsi isə uzun illər ərzində qazanılan bilik və bacarıqlar tələb edə bilər.

Geytsin istinad etdiyi araşdırmaya əsasən, generativ süni intellektin genişmiqyaslı tətbiqindən sonra avtomatlaşdırılmaya daha həssas peşələrdə çalışan gənclər arasında məşğulluq nəzərəçarpacaq dərəcədə azalıb. Eyni azalma həmin peşələrdə çalışan daha yaşlı əməkdaşlar arasında müşahidə edilməyib.

Satış, müştəri xidmətləri, proqram mühəndisliyi və hüquqi yardım təsirə ilk növbədə məruz qala biləcək sahələr sırasında göstərilir. Süni intellekt kredit müraciətlərinin qiymətləndirilməsi, məlumatların təhlili və xəstələrlə bağlı məlumatların ilkin çeşidlənməsi kimi ixtisas bilikləri tələb edən tapşırıqları da yerinə yetirə bilər.

Bununla yanaşı, Geyts proqram mühəndisliyi kimi bəzi sahələrdə xərclərin azalmasının yeni tələbat yaradacağını və iş yerlərinin itirilməsini qismən kompensasiya edə biləcəyini qeyd edir.

Fiziki əməklə məşğul olanlar üçün də risk var

Geyts hesab edir ki, dəyişiklik təkcə “ağ yaxalıqlı” peşələrə təsir göstərməyəcək, robot texnologiyalarının inkişafı fiziki əməklə məşğul olan işçilər üçün də rəqabət yaradacaq.
Onun proqnozuna görə, “ağıllı” robotlar cari onilliyin sonunadək tikinti, otelçilik və ictimai iaşə sahələrində müəyyən fiziki tapşırıqların icrasında insanlarla rəqabət aparmağa başlaya bilər.

Şirkətlərdən birinin robot və süni intellektdən istifadə etməklə xərclərini azaltması rəqibləri də eyni addımı atmağa məcbur edə bilər. Geyts xəbərdarlıq edir ki, müdaxilə edilməyəcəyi təqdirdə bazar qüvvələri avtomatlaşdırmanı getdikcə sürətləndirəcək, yaxşı iş yerlərinin sayı azalacaq və iqtisadi faydanın böyük hissəsi kiçik bir qrupun əlində cəmləşəcək.

Geyts xüsusilə əmək bazarına yeni daxil olan gənclərdən narahatdır. Onlar aşağı səviyyələrdə daha az sayda vakansiya ilə qarşılaşa bilərlər.

Onun fikrincə, əsas dönüş nöqtəsi süni intellektin tapşırıqları, demək olar ki, səhvsiz yerinə yetirməyə başladığı zaman olacaq. Bu mərhələdə sistemlər insan nəzarəti olmadan işləyə biləcək və şirkətlərin insan əməyini süni intellektlə əvəz etmək üçün güclü iqtisadi marağı yaranacaq.

Bəzi peşələr robotlara həvalə edilməməlidir

Mümkün sosial və iqtisadi fəsadların yumşaldılması üçün Geyts “yalnız insanlar üçün” qorunan fəaliyyət sahələrinin yaradılmasını təklif edir. O bu yanaşmanı “insan əməyinə ayrılan sahələr” (“Human Reserved”) adlandırır və təbiətdəki qoruqlarlaə müqayisə edir: texniki baxımdan həmin ərazilərdə tikinti aparmaq mümkün olsa da, cəmiyyət itkinin çox böyük olacağını düşünərək bunu etmir.

Bu prinsipə əsasən robotların və süni intellektin görə biləcəyi bəzi işlər iqtisadi, sosial və mənəvi səbəblərə görə insanlar üçün saxlanıla bilər.

Geyts xəstələrə ağır diaqnozların bildirilməsi, yaşlılara qulluq, təhsil və psixoloji yardım kimi sahələrdə insan iştirakının qorunmasını vacib sayır. Bununla belə, yanaşmanın ölkələrin demoqrafik və iqtisadi vəziyyətindən asılı olaraq fərqlənə biləcəyini qeyd edir.

Məsələn, bəzi ölkələr yaşlılara yalnız insanların qulluq etməsini tələb edə, işçi qüvvəsi və gənc əhalisi azalan Yaponiya kimi ölkələrsə qulluq robotlarından istifadəyə üstünlük verə bilər.

Süni intellektdən və robotlardan istifadə xərclərinə vergi təklifi

Geyts süni intellekt tokenlərinə və robotlara vergi tətbiq edilməsini də təklif edir. Onun fikrincə, mövcud vergi sistemi şirkətlərə insan əməyini maşınlarla əvəz etmək üçün əlavə stimul verir.

İşəgötürən işçinin maaşına görə həm vergi ödəyir, həm də digər məcburi ödənişlər həyata keçirir. Robot alınmasına sərf edilən vəsait isə, adətən, şirkətin xərci kimi rəsmiləşdirilir və vergiyə cəlb olunan gəlirdən çıxılır.

Geyts hesab edir ki, süni intellekt və robotlar üçün ödənən vəsaitə vergi tətbiq edilməsi insan əməyinin maşınlarla əvəzlənməsini müəyyən qədər ləngidə bilər. Bu yolla toplanan vəsait işsiz qalanların yeni peşəyə yiyələnməsinə və sosial təminatına yönəldilə bilər.

Onun fikrincə, vergi elə tətbiq edilməlidir ki, süni intellektin tibbi xidmət və təhsil xərclərini azaldan faydalı imkanları məhdudlaşdırılmasın.

Geyts bu dəyişiklikləri idarə etmək üçün ölkə daxilində yeni əlaqələndirici qurumların, dövlətlərarası səviyyədə isə ayrıca mexanizmin yaradılmasını təklif edir. O bildirir ki, mövcud dövlət qurumları təhlükəsizlik, məşğulluq, təhsil və səhiyyə kimi bir-birindən fərqli sahələrə eyni vaxtda təsir göstərən sürətli texnoloji dəyişikliklərin öhdəsindən gəlməyə hazır deyil.

Geytsin fikrincə, işsizlik səviyyəsi kəskin artmamış, cəmiyyətin ayrı-ayrı təbəqələri ağır vəziyyətə düşməmiş və dövlətə inam sarsılmamış hökumətlər bu istiqamətdə müəyyən addımlar atmalıdırlar. Əks halda süni intellekt insanların imkanlarını bərabərləşdirən vasitəyə yox, bərabərsizliyi daha da dərinləşdirən amilə çevrilə bilər.

“Politfm”