Foto: “Beijing News”
Çinin “Tiangong Ultra” adlı insanabənzər robotu Pekində keçirilən ikinci Dünya İnsanabənzər Robot Oyunlarının finalında 100 metrlik məsafəni 8,64 saniyəyə başa vurub. Bu, robotlar arasında yeni rekorddur (“Reuters”).
“Tiangong Ultra”nın göstərdiyi nəticə Useyn Boltun 2009-cu ildə müəyyənləşdirdiyi 9,58 saniyəlik dünya rekordundan 0,94 saniyə azdır.
Amma bu müqayisə yalnız rəqəmlər arasındakı fərqi göstərir. Robotlar ayrıca kateqoriyada və insanlardan fərqli qaydalarla yarışdıqları üçün Boltun dünya rekordu yenilənmiş sayılmır. “World Athletics”in rəsmi siyahısında kişilər arasında 100 metr məsafəyə qaçış üzrə dünya rekordu hələ də Useyn Bolta məxsusdur (“World Athletics”).
“Tiangong Ultra”nı Pekin İnsanabənzər Robotlar üzrə İnnovasiya Mərkəzi hazırlayıb.
Pekində artıq ikinci dəfədir təşkil olunan bu oyunlarda 666 komandanın iki mindən çox robotu iştirak edib. Onlar 51 növ üzrə yarışıblar; futbol və rəqslə yanaşı, istehsalat şəraitində müxtəlif işləri yerinə yetirmək bacarıqlarını da nümayiş etdiriblər.
Robotların bir il ərzində xeyli təkmilləşdiyi müşahidə olunub. “Tiangong” ötən il keçirilən ilk oyunlarda 100 metri 21,50 saniyəyə qaçaraq qalib gəlmişdi. O, Pekində təşkil olunan ilk insanabənzər robotlar arasındakı yarımmarafonu da 2 saat 40 dəqiqəyə başa vuraraq birinci olmuşdu.
Fudan Universitetinin stolüstü tennis komandasında çalışan 26 yaşlı mühəndis Li Hui robotun sürətini yaxından görməyin daha güclü təsir bağışladığını deyib: “Məşq zamanı onun yanınızdan sürətlə ötüb keçdiyini görmək tamam başqa hissdir”.
Yüksək sürət texniki problemlər yaradıb
“Tiangong Ultra”nın 8,86 saniyəlik yarımfinal qaçışı problemsiz ötüşməyib. Robotu dayandırmaq üçün final xəttindən sonra yerə qalın döşək sərilib. Robot həmin döşəyə ilişərək yıxılıb və gövdəsində kiçik alov görünüb. Digər yarımfinal yarışında isə başqa bir robot qaçış zamanı hissələrə ayrılıb.
Açılış günündə “Tiangong Ultra” finişə yaxın “Honor” şirkətinin “Lightning” robotunu qabaqlayaraq qalib gəlmişdi. “Lightning” 100 metri 9,47 saniyəyə qaçmışdı. “Honor” bundan əvvəl keçirilmiş sınaq qaçışında robotun 9,32 saniyə nəticə göstərdiyini açıqlamışdı.
Rəqəm ifadəsində robotlar insanlardan daha yaxşı nəticə göstərirlər
Pekin İnsanabənzər Robotlar üzrə İnnovasiya Mərkəzi yarışlarda “Tiangong” robotlarının dörd növdə rəqəm ifadəsində insanlardan daha yaxşı nəticələr göstərdiyini bildirib:
1. 100 metrlik məsafəyə qaçış – 8,64 saniyə;
2. 400 metrlik məsafəyə qaçış – 38,15 saniyə;
3. 1500 metrlik məsafəyə qaçış – 2 dəqiqə 21,64 saniyə;
4. yerindən hündürlüyə tullanma – 2,88 metr.
Bu nəticələr robot yarışlarında qeydə alınıb və insanların atletika üzrə rəsmi dünya rekordlarını əvəz etmir.
Çin robot sənayesini strateji sahə sayır
Çində şirkətlər haqqında məlumat toplayan “Qichacha” platformasının məlumatına görə, Pekin İnsanabənzər Robotlar üzrə İnnovasiya Mərkəzinin səhmdarları arasında dövlət şirkətləri, bir neçə investisiya fondu, süni intellekt və bulud xidmətləri sahəsində çalışan “Baidu”, eləcə də “Xiaomi”nin robot texnologiyaları bölməsi var.
Çin hökuməti insanabənzər robot sənayesini strateji əhəmiyyətli sahələrdən biri olaraq müəyyənləşdirib. Şirkətlər və dövlət qurumları süni intellekt, mühərrik və sensor texnologiyalarındakı yeniliklərdən istehsal, logistika və xidmət sahələrində istifadəni genişləndirməyi planlaşdırırlar.
“Politfm”



