ABŞ administrasiyası yemi nüvə sazişinə Rusiyayla birlikdə Çinin də daxil olmasını istəyir. ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno belə deyib.
“Prezident Tramp dünən bir daha aydın şəkildə bildirdi ki, yeni bir müqavilə bağlamaq istəyir. Ümumiyyətlə, СНВ (Strateji Hücum Silahları haqqında Müqavilə – red.) qüsurluydu. O sənəd taktiki nüvə silahlarını əhatə etmirdi və Çin həmin razılaşmada yox idi” deyə, Dinanno Cenevrədə jurnalistlərə açıqlamasında qeyd edib.
ABŞ-nin Dövlət katibi Marko Rubionun bununla bağlı bəyantı isə Dövlət Departamentinin saytında dərc olunub.
“ABŞ administrasiyası anlayır ki, Rusiya, Amerika və digər ölkələr arasında nüvə silahlarına nəzarət sahəsində yeni razılaşmaların əldə edilməsi, yəqin ki, uzunmüddətli danışıqlar tələb edəcək. Biz həmişə güc mövqeyindən danışıqlar aparacağıq” deyə, Rubio vurğulayıb.
O qeyd edib ki, ABŞ öz təhlükəsizliyinə zərər vura biləcək şərtlərlə razılaşmaq niyyətində deyil və nüvə qüvvələrinin modernləşdirilməsini davam etdirəcək; eyni zamanda nüvə silahlarının sayının azaldılmasında maraqlı olduğunu bildirəcək.
Dövlət katibinin sözlərinə görə, ABŞ və Rusiya arasında ikitərəfli razılaşmalara əsaslanan əvvəlki nəzarət sistemi artıq mövcud reallıqlara cavab vermir. Çünki Çin son illərdə öz nüvə potensialını əhəmiyyətli dərəcədə artırıb. Vaşinqtonun qiymətləndirməsinə görə, bu amil Çinin imkanlarını nəzərə alan yeni strateji sabitlik yanaşmasını zəruri edir.
“СНВ-III qüvvəyə mindikdən sonra Çin Xalq Respublikasının öz nüvə arsenalını sürətlə və qeyri-şəffaf şəkildə artırması ABŞ və Rusiya arasında ikitərəfli sazişlərə əsaslanan əvvəlki nəzarət modelini köhnəltdi. Çin 200-dən bir qədər çox olan nüvə başlıqlarının sayını 2020-ci ildən bəri 600-dən yuxarı həddə çatdırıb və 2030-cu ilə qədər bu sayın 1000-dən çox olmasına doğru irəliləyir. Rusiyanın dəstəklədiyi Çinin nüvə arsenalının artmasını nəzərə almayan hər hansı nəzarət razılaşması ABŞ-ni və müttəfiqlərini qaçılmaz olaraq daha az qorunan vəziyyətdə qoyacaq” deyə, Rubio bildirib.
Rubio hesab edir ki, silahlara nəzarət yalnız ABŞ və Rusiya arasında bağlanan razılaşmalarla məhdudlaşmamalıdır. Onun sözlərinə görə, Çin daxil olmaqla, digər ölkələr də strateji sabitliyin təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
Nüvə silahlarının yerləşdirilməsinə dair beynəlxalq-hüquqi məhdudlaşdırıcı sənədin – СНВ müqaviləsinin müddəti Vaşinqtonun onu uzatmaq istəməməsi səbəbindən fevralın 5-də başa çatıb. ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Çini də əhatə edəcək daha yaxşı bir sənəd imzalamağa ümid edir.



