Bab əl-Məndəb boğazının peyk görüntüsü (foto:az.wikipedia.org)


İsrail ordusu bu gün, martın 30-da bildirib ki, İran İsrail ərazisinə çox sayda raket zərbəsi ensirib və Yəməndən də raketlər atılıb. Bu, ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri husilərin İsrailə ikinci hücumudur.


Husilərin – Yəməndəki “Ənsarullah” hərəkatının bu münaqişəyə qoşulması qlobal enerji bazarlarında narahatlıqlara səbəb olub. Beynəlxalq enerji agentlikləri, o cümlədən “Reuters” və “Bloomberg” nəşrləri qeyd edirlər ki, bu vəziyyət dünya neft tədarükünün həssas nöqtələri üçün yeni risklər yaradır.

Husilərin nəzarət etdiyi ərazilər Bab əl-Məndəb boğazına birbaşa çıxış imkanı verir. Hər gün təxminən 4 milyon barel neft və neft məhsulları bu boğaz vasitəsilə Süveyş kanalına və oradan Avropaya daşınır.

Onların ticarət gəmilərinə və neft tankerlərinə hücumları artırması sığorta xərclərinin kəskin yüksəlməsinə və bir çox şirkətin Afrika qitəsini dövrə vuraraq daha uzun və daha baha marşrut seçməsinə səbəb olur.

Husilər bu boğaz vasitəsilə reallaşan dəzniz ticarətini tamamən durdurmaq niyyəti də var.  “Ənsarullah” martın 16-da bəyan edib, İranın köməyə ehtiyacı yaranarsa, boğazı bağlayacaq.

ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) husilərin nəzarətində olan ərazilərə, xüsusilə də Səna və Hudeydə qabaqlayıcı zərbələr endirərək 15-dən çox hədəfi, o cümlədən PUA bazalarını və raket sistemlərini məhv etdiyini açıqlayıb.

CENTCOM-un məlumatına görə, zərbələr husilərin gəmi əleyhinə raketləri, mobil buraxılış qurğuları və kəşfiyyat məntəqələri kimi hərbi infrastrukturunu hədəf alıb.

Bildirilir ki, bu zərbələr, bölgədəki beynəlxalq dəniz yollarının təhlükəsizliyini təmin etmək məqsədi güdür. Əməliyyatlar zamanı yüzlərlə husi döyüşçüsünün və bir neçə rəhbər şəxsin zərərsizləşdirildiyi iddia edilir.

Amma bugübkü hücum göstərir ki, İranın proksi qüvvələri hələ də uzaqmənzilli zərbə imkanlarını qoruyub saxlayırlar. İsrail bu hücumları “İranın regional terror şəbəkəsinin birbaşa təzahürü” adlandırıb və cavab tədbirlərinin qaçılmaz olduğunu vurğulayıb.

Analitiklər qeyd edirlər ki, husilərin müharibəyə qoşulması “Brent” neftinin artıq 110 dollar həddini aşmış qiymətini daha da yüksəldə bilər.

Bazar iştirakçıları ehtiyat edirlər ki, Hörmüz boğazındakı gərginlik Babül-Məndəb boğazındakı xaosla birləşsə, qlobal neft tədarükü daha böyük həcmdə bloklana bilər.

Yəməndən edilən hücumlar Tehranın “Biz ABŞ ilə danışıqlar aparmırıq, hələ də mübarizə aparırıq” mesajı və Ağ Evə qarşı “təzyiq rıçağı” kimi də qiymətləndirilə bilər. Məqsəd Vaşinqtonu danışıqlarda daha güzəştli mövqe tutmağa məcbur etmək və diqqəti İranın daxili infrastrukturundan yayındırmaq ola bilər.

ABŞ-nin dövlət katibi Marko Rubio husilərin hücumlarına kəskin reaksiya verib. O bildirib ki, “İranın proksi qüvvələr vasitəsilə gizlənmək cəhdləri keçərli deyil və husilərin atdığı hər bir raket birbaşa Tehranın məsuliyyətidir”.

Rubionun sözləri ABŞ-nin yaxın günlərdə Yəməndə daha genişmiqyaslı hava əməliyyatlarına başlayacağı ehtimalını artırır.

“Politfm”