Bir gecənin içində on ilin hekayəsini necə danışmaq olar? Ya da elə bircə gecədə ağrı-acı dolu, hiss-həyəcan dolu, ümidsiz, amma iddialı 10 ili necə gözünün qabağından keçirmək olar? Tərəddüdsüz deyirəm: İlham Əzizin “Qəvvas”ını oxumaqla. Romanı oxumağa başlayanda özümü hisə verilib, dondurulmuş bir dünyada hiss elədim. Bəzən də mənə elə gəldi ki, bəzi personajların dərisinə saman təpib, elə bu gün üçün saxlayıblar. Günümüzün zehni nimdaşlaşmış xeyli adamının hansı sosial-siyasi partlamadan radiasiyaya düşdüyünü görmək üçün bu əsəri oxumaq lazımdır.

Bir sözlə, “Qəvvas” bir ədəbi nötrmorddur.

Əsərin ən güclü tərəfi odur ki, yazıçının əlində fırça yoxdur; o, bütöv bir dövrü, onun personajlarını karandaşla çəkib, tarixi bir prosesin, keçid dövrünün fotorobotunu çıxarıb. Sadəcə danışıb, heç kim haqqında təəssürat yaratmaq istəməyib, cəhd etməyib, amma siz oxuduqca kimin kim olacağını bilmədiyiniz, kimin qəhrəman, kimin antiqəhrəman elan ediləcəyini bilmədiyiniz üçün sona can atırsınız. Sonda isə heç bir elan yoxdur. Əsər heç kimə və heç nəyə məhkəmə qurmayıb. Sadəcə, bir toplumun başına gələnləri tarixə nəql edir. Tarix isə bu 236 səhifənin hər birində bir fikrə düşür.

Kriminal novella

Əslində, bir məqamda İlhama qarşı qılıncları parıldatmaq fikrinə düşmüşdüm. Əsərin ikinci hissəsində mənə elə gəldi ki, İlham kriminal elementləri “toya göndərmək” istəyir. Amma bir az sonra eyni əhval-ruhiyyə və soyuqqanlılıqla hadisələrin və faktların buz kimi təqdimatında alovlu bir ifşa gördüm. İnsaniliyə münasibətdə məğlub olan heç nə ürəklərə yol tapa bilməz.

İlham bu mənada özünü çaşdırmayıb, heç nəyə rəng verməyib. Böyük Bualo demişkən, gözəl əjdaha çəkməyib, əjdahanı gözəl çəkib.

Fikrimcə, primitivist janrın ən yaxşı nümunələrindən biri olan bu əsərin ən böyük nöqsanı onun adıdır. Niyə “Qəvvas”? Adam harada üzdü, haradan keçdi axı? Üstəlik, nəinki bir adamın, hətta bütöv cəmiyyətin necə və nəyin içində boğulduğunu danışan bu əsərə heç “üzgüçü” adı da olmazdı, məncə. Yəni məsələ təkcə adın arxaikliyində deyil, həm də onun mahiyyətlə hansı çalar yaratmasında, daha doğrusu, heç bir çalar yaratmamasındadır.

İkinci çatışmazlıq isə, mən deyərdim ki, insan hekayələrinin cəmiyyətin hekayəsi içində itib-batmasıdır.

Ola bilsin ki, İlham heç bu cür düşünməyib, amma əsərin sonunda nəzir verib, işimizin Allaha qaldığını deyərək, bizi Allaha tapşırmaqla çox ciddi bir final addımı atıb.

Seymur Həzi