Foto:Brendan Smialowski/AFP

ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadə edə biləcəyilə bağlı narahatlıq yaradan sərt hədəsindən son anda geri çəkilərək iki həftəlik atəşkəs elan edib. Müharibənin 40-cı günündə gələn ilk müsbət xəbərdən sonra neft qiymətləri sürətlə ucuzlaşıb.

ABŞ-nin və İsrailin İrana hücumu ilə başlayan və qlobal iqtisadiyyata ciddi təsir göstərən müharibədən 40 gün sonra tərəflər atəşkəsə razılaşıblar.

Tramp bildirib ki, Tehran Hörmüz Boğazını açacağı halda ABŞ-nin İran ərazisinə hücumları iki həftə müddətinə dayandırılacaq və atəşkəs qarşılıqlı olacaq.

Amerika prezidenti daha əvvəl “İran sivilizasiyasını bir gecədə məhv edə bilərik” demişdi. Bu açıqlama ABŞ-nin nüvə silahından istifadə edə biləcəyilə bağlı narahatlıqları artırmışdı. Həmin bəyanatdan sonra tərəflərin son anda razılığa gəlmək üçün intensiv danışıqlar apardığı bildirilirdi.

Tramp özünün “Truth Social” platformasında yazıb ki, Pakistanın Baş naziri Şahbaz Şərif ondan İranın elektrik stansiyalarına və infrastrukturuna hücum planlarından imtina etməyi xahiş edib. Daha əvvəl Tramp İranın enerji obyektlərini və körpülərini dağıtmaqla hədələmiş və Tehrana 48 saat vaxt vermişdi.

İranın 10 maddəlik atəşkəs planı

Tramp bildirib ki, İran “üzərində işləmək mümkün olan” 10 maddəlik sülh planı təqdim edib.

“The Guardian” qəzetinin məlumatına görə, plan aşağıdakıları əhatə edir:

– İranın Hörmüz Boğazı üzərində nəzarətinin qalması;
– ABŞ ordusunun Yaxın Şərqdən çıxarılması;
– İrana qarşı sanksiyaların ləğvi;
– Bu razılaşmaya BMT Təhlükəsizlik Şurasının təminat verməsi.

Fars dilində olan sənəddə İranın uranı zənginləşdirməyə davam edəcəyi qeyd edilsə də, ingilis dilində yayılan versiyada bu bənd yoxdur.

İranın Milli Təhlükəsizlik Şurası da atəşkəs razılaşmasını təsdiqləyib. İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz Boğazının açılacağını bildirib. O qeyd edib ki, İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə gəmi hərəkətinin bərpası planlaşdırılır.

Danışıqlarda iştirak edən mənbələrin sözlərinə görə, planda boğazdan keçən gəmilərdən həm İranın, həm də Omanın ödəniş alması nəzərdə tutulur. İran bu vəsaitləri ölkənin bərpasına yönəltməyi planlaşdırır.

Tramp isə bölgədə ABŞ-nin hərbi qüvvələrinin qalacağını və prosesə nəzarət edəcəyini bildirib. O əlavə edib ki, “böyük pullar qazanılacaq” və İranın yenidən qurulması prosesi başlaya bilər.

İsrail: atəşkəs Livanı əhatə etmir

Pakistanın Baş naziri Şərif atəşkəsin dərhal qüvvəyə minəcəyini və Livana da şamil olunacağını açıqlasa da, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi iki həftəlik atəşkəsin Livana aid olmadığını bildirib.

Açıqlamada qeyd olunub ki, İsrail Trampın hücumları dayandırmaq qərarını dəstəkləyir, lakin İranın ABŞ-yə, İsrailə və digər regional ölkələrə qarşı hücumları da dayandırması vacib şərtdir.

Müharibənin nəticələri

28 fevralda başlayan müharibə nəticəsində:

– İranda 1900-dən çox insan həlak olub;
– Livanda 1500-dən çox insan ölüb;
– Ən azı 1 milyon nəfər evini tərk etmək məcburiyyətində qalıb;
– İsrail 11, ABŞ-nin isə 13 hərbçisinin öldüyü açıqlanıb;
– körfəz ölkələrində də mülki itkilər qeydə alınıb.

Neft qiymətləri ucuzlaşdı

Atəşkəs xəbəri neft bazarına dərhal təsir edib. “Brent” markalı neftin qiyməti 94 dollara enib. Müharibənin əvvəlində 70 dollara olan bu neft bir müddət 109 dollara satıldı.

Bir ay ərzində neftin qiymətinin 60%-ə qədər artması dünya üzrə yanacaq və ərzaq qiymətlərinin yüksəlməsinə, inflyasiya risklərinin artmasına səbəb olmuşdu. Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq etmişdi ki, münaqişə davam edərsə, dünya ciddi enerji böhranı ilə üzləşə bilər.

Artan neft qiymətləri və inflyasiya Trampın ölkə daxilində də tənqlərlə üzləşməsinə səbəb olmuşdu. Müşahidəçilər qeyd edirlər ki, müharibənin zəruriliyi və nəticələri barədə suallar hələ də açıqdır və İrandakı molla rejimi hələ də hakimiyyətdə qalmaqdadır.

“Politfm”