Foto: Gülər Abbasova/BBC
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda iribuynuzlu mal-qaranın sayında azalma davam edir. 2026-cı il aprelin 1-nə olan məlumata görə, hazırda bu say 2 milyon 434,1 mindir. 2024-cü ilin göstəriciləriylə müqayisədə təxminən 22,5 min baş azalma qeydə alınıb. Son 5 ildə isə 200 min başdan çox azalma baş verib.
Qoyun və keçilərin sayında azalma daha sürətlidir. 2026-cı ilin aprel ayına olan məlumata görə, onların sayı 6 milyon 880,1 min başa enib. Bu, son bir ildə 40 minə yaxın azalma deməkdir.
Yerli istehsalın vəziyyəti
Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda diri çəkidə 659,2 min ton ət istehsal edilib, bunun 85,1 min tonu quş ətidir. 2024-cü illə müqayisədə artım və ya azalma olunmayıb.
2025-ci ildə heyvandarlıq məhsullarının istehsal dəyəri 0,3% artıb. Bu artım əsasən süd və yumurta istehsalındakı yüksəliş hesabına baş verib.
Rəsmi açıqlamlarda Azərbaycanın ətə olan tələbatının 85-90%-ini yerli istehsal hesabına ödənildiyi bildirilsə də, mütəxəssislər bu göstəricinin 50%-dən çox olmadığını bildirir.
Ət idxalı
2025-ci ildə həm diri heyvan, həm də kəsilmiş ət idxalında artım müşahidə olunub. Kəsilmiş mal əti idxalı 13,1 min ton təşkil edib. Bu, əvvəlki illə müqayisədə təxminən 8% (1,1 min ton) çoxdur. Dondurulmuş mal ətinin idxalında da kəskin artım olub. İdxal həcmi 128 tondan 580 tona yüksəlib – bu, 5 dəfəyə yaxın artım deməkdir.
Ətlik üçün gətirilən diri iribuynuzlu heyvanların sayı 2,1 dəfə artaraq 115,3 min başa çatıb. Ölkəyə 1,31 milyon ıollar dəyərində 324.71 ton qoyun əti idxal olunub.
2026-cı ilin ilk iki ayında ət idxalında (quş əti də daxil olmaqla) artım baş verib. Ümumi dəyəri 17,89 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,9% çox deməkdir. Təkcə yanvar ayında ölkəyə 3.332 ton ət gətirilib.
Azərbaycan mal ətini əsasən Braziliya, Hindistan, Ukrayna və Belarusdan idxal etməyə davam edir.
Son illərdə Monqolustan Azərbaycanın ən böyük qoyun əti tədarükçüsünə çevrilib. İdxal edilən qoyun ətinin təxminən 90%-i bu ölkənin payına düşür.
Rusiya, Somali, Yeni Zelandiya, Avstraliya, Belçika, Yaponiya, Gürcüstan, Qazaxıstan da qoyun əti tədarükçüləri sırasındadır.
2025-ci ilin statistikası göstərir ki, idxal olunan ətin orta gömrük dəyəri 3.7- 4 manat civarında sənədləşdirilir. Bu, yerli bazardakı satış qiymətindən xeyli aşağıdır.
Heyvanların sayı niyə azalır?
Həm iri, həm də xırdabuynuzlu heyvanların sayında müşahidə olunan azalma bir neçə ciddi iqtisadi, ekoloji və struktural amillə bağlıdır.
Ən təsirli amillərdən biri budur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri bəzi hallarda təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozularaq torpaqlar əkin dövriyyəsindən çıxarılır və hətta zəbt edilir.
İnhisarçılıq məsələsi müxtəlif vaxtlarda həm ölkə prezidenti İlham Əliyevin, həm də müstəqil jurnalistlərin araşdırmalarında gündəmə gətirilib. Dövlət Statistika Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif dövrlərdəki açıqlamalarında da minlərlə hektar əkinəyararlı torpaq sahəsinin illərdir, dövriyyədən kənarda qaldığı bildirilib.
Bu torpaqların bir hissəsini mülkiyyətçilər (çox vaxt iri torpaq sahibləri və ya məmurlar) “gələcəkdə dəyəri artacaq” deyə saxlayırlar. Rəsmi yoxlamalar zamanı torpaq sahələrinin yerli icra hakimiyyəti orqanları tərəfindən müxtəlif şəxslərə icarəyə verilməsi halları da aşkar edilib. Bütün bunlar kəndlilərin örüş və əkin sahəsi çatışmazlığından əziyyət çəkməsinə gətirib çıxarır.
Son illərdə yaradılmış böyük aqroparklar bir tərəfdən istehsalı artırsa da, digər tərəfdən kiçik fermerlər arasında belə bir rəy yaradıb ki, ən məhsuldar və suvarma imkanları yaxşı olan torpaqlar iri holdinqlərə və ya yüksək vəzifəli şəxslərə yaxınlığı olan şirkətlərə verilir.
Məmurların istifadəsində olan torpaqların sahəsi barədə dəqiq məlumat olmasa da, bu sahəhə inhisarçılığın böyük ölçüdə olmasıyla bağlı ictimai və ekspert rəyləri mövcuddur. Məsələn, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov mediaya müsahibələrinin birində qeyd edib ki, yüksək vəzifəli bir məmurun zəbt etdiyi torpağın sahəsi 30 min hektardır.
Bundan başqa, mütəxəssislər bildirirlər ki, qüvvətli və quru yemin bahalaşması kiçik fermer təsərrüfatlarının fəaliyyətini çətinləşdirir. Bəzi regionlarda örüş yerlərinin əkin sahələrinə (məsələn, pambıqçılığa) ayrılması heyvandarlıq üçün əraziləri məhdudlaşdırıb.
Quraqlıq və su çatışmazlığı nəticəsində təbii yem ehtiyatları zəifləyib. Bəzi iri təsərrüfatlarda heyvanların sayını azaltmağa, daha məhsuldar (cins) heyvanlar saxlamağa üstünlük verilir. Az sayda, lakin daha çox süd və ət verən cins heyvanların (məsələn, “Holşteyn-Friz” və ya “Şvis” cinsləri) gətirilməsi yerli, az məhsuldar heyvanların sayının azalmasına gətirib çıxarır. Bazar qiymətlərinin yüksəlməsi də çətinlikləri artırır və heyvanları kəsimə daha erkən göndərmək məcburiyyəti yaradır.
Gənclərin şəhərlərə üz tutması kənd yerlərində işçi qüvvəsinin və ənənəvi ailə təsərrüfatlarının azalmasına səbəb olur. Heyvandarlıqda subsidiya almaq üçün heyvanların identifikasiyası (sırğalanması) və qeydiyyatı tələb olunur ki, bu da bəzi kiçik fermerlər üçün bürokratik əngəllər yaradır.
İdxaldan asılılığı necə azaltmalı?
Azərbaycanın ət idxalından asılılığını azaltmaq və özünütəminetmə səviyyəsini yüksəltmək üçün kompleks yanaşma tələb olunur. Mütəxəssislər hesab edir ki, problem sadəcə heyvan sayında deyil, daha çox effektivlik və maya dəyəri ilə bağlıdır.
Daha dayanıqlı bir heyvandarlıq sektoru üçün bir çox işlər görülməlidir.
Yem bazasının gücləndirilməsi
Heyvandarlıqda xərclərin təxminən 70%-i yemin payına düşür. Yerli yem istehsalı artmasa, ətin qiyməti ucuzlaşmayacaq. Yonca, qarğıdalı və soya kimi yüksək proteinli yem bitkilərinin əkin sahələri genişləndirilməlidir.
Müasir (damcı və yağışyağdırma) suvarma sistemləri ilə az sudan istifadə edərək daha çox yem əldə etmək mümkündür.
İdxal edilən hazır yemlərin yerli analoqlarının istehsalı stimullaşdırılmalıdır.
Cins tərkibinin yaxşılaşdırılması
Ənənəvi cinslər, adətən, gec böyüyür və az ət verir. Ona görə də yerli cinslərin daha ətlik cinslərlə (məsələn, “Angus” və ya “Hereford”) çarpazlaşdırılması sürətlənməlidir. Fermerlərin yüksək məhsuldarlığı olan heyvanlara çıxışı asanlaşdırılmalıdır. Bir “Angus” cinsli inək yerli inəkdən 2-3 dəfə tez çəki yığır.
Otlaqların bərpası və idarə edilməsi
Azərbaycanda çöllük ərazilərin həddindən artıq otarılması ciddi problemdir.
Otlaq sahələrinin dincəlməsinə şərait yaradan sistemə keçilməlidir. Qarabağın və Şərqi Zəngəzurun geniş yaylaqları böyük potensialdır. Bu ərazilərin tam minalardan təmizlənməsi və heyvandarlıq üçün istifadəyə verilməsi idxal asılılığını kəskin azalda bilər.
Kiçik fermerlərin kooperasiyası
Azərbaycanda heyvandarlığın böyük hissəsi (təxminən 90%-i) kiçik fərdi təsərrüfatlara məxsusdur. Bu da vahid standart və effektiv satış zənciri qurmağa mane olur. Kiçik fermerlər birləşərək yemləri topdan almalı, baytarlıq xidmətlərini ortaq istifadə etməli və məhsullarını birbaşa market şəbəkələrinə satmalıdırlar.
Dövlət dəstəyi və güzəştli kreditlər
Heyvandarlıq avadanlıqları və texnikaların lizinq şərtləri yumşaldılmalıdır. Aqrar sığorta mexanizmi daha əlçatan olmalıdır ki, heyvan tələfatı zamanı fermer müflis olmasın. Süd və ət istehsalına görə verilən subsidiyalarsa son nəticələrə görə hesablanmalıdır.
“Politfm”



