ABŞ Quru Qoşunları katibi Den Driskoll və müdafiə naziri Pit Heqset (fotokollaj: Sara Qrillo/“Axios”)

 

 

ABŞ Müdafiə Nazirliyində kadr çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir. Eyni zamanda İranla altı aydır davam edən müharibə ordunun silah ehtiyatlarını azaldır, üzərinə düşən yükü artırır. Bütün bunlar müdafiə naziri Pit Heqsetin Pentaqondakı mövqeyini zəifləməyib, əksinə, daha da gücləndirib.

“Axios” yazır ki, hazırda Pentaqonda yüksək vəzifəli şəxslərin sayı azalıb, bəzi mühüm silahların ehtiyatı tükənmək üzrədir, nazirliyin fəaliyyəti barədə ictimaiyyətə əvvəlkindən daha az məlumat verilir.

Quru Qoşunlarının rəhbərliyində boşluq yaranıb

Son istefalar arasında ən çox diqqət çəkəni Quru Qoşunlarının katibi Den Driskollun vəzifədən getməsidir. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin yaxın dostu və Yel Universitetinin Hüquq Məktəbindən tələbə yoldaşı olmuş Driskoll bir vaxtlar Heqsetin mümkün varisi sayılırdı. Prezident Donald Tramp ona Ukrayna ilə bağlı həssas diplomatik tapşırıqlar da həvalə etmişdi.

Driskoll Quru Qoşunlarının idarə olunması və yenilənməsi məsələlərində Heqsetlə aylarla davam edən fikir ayrılığından sonra istefa verib.

Heqset bundan əvvəl Quru Qoşunlarının qərargah rəisi general Rendi Corcu vəzifədən çıxarmışdı. Beləliklə, İranla müharibənin davam etdiyi bir vaxtda Quru Qoşunlarının həm mülki rəhbəri, həm də qərargah rəisi yoxdur. Bu vəzifələrin heç birinə Senatın təsdiqlədiyi şəxs rəhbərlik etmir.

Bundan başqa, Heqset ABŞ ordusunun, demək olar ki, bütün qoşun növlərində yüksək vəzifəli zabitləri işdən çıxarıb və ya istefaya məcbur edib. Onların arasında Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, Hərbi Dəniz Qüvvələrinin ən yüksək vəzifəli admiralı və Quru Qoşunlarının qərargah rəisi də var.

“The Washington Post” nəşrinin hesablamasına görə, Heqsetin dövründə 20-dən çox yüksək rütbəli zabit vəzifəsindən uzaqlaşdırılıb. Qərargah Rəisləri Birləşmiş Komitəsinin tərkibi, demək olar ki, tamamilə dəyişib. Heqset vəzifəyə gələndə həmin postlarda çalışan şəxslərdən yalnız Dəniz Piyadaları Korpusunun və Kosmik Qüvvələrin rəhbərləri yerində qalıb.

“The New York Times” isə yazır ki, bu il azı 45 zabitin adını rütbə artımı üçün hazırlanan siyahılardan Heqset şəxsən özü çıxarıb. “NBC News” kanalının məlumatına görə, son həftələrdə rütbəsinin artırılmasına icazə verilməyənlər arasında 10-dan çox qaradərili, Latın Amerikası mənşəli və ya qadın zabit var.

İran müharibəsi ordunun imkanlarını zəiflədir

Rəhbər vəzifələrin boşaldığı bir vaxtda İranla müharibə ABŞ ordusunun nə qədər müddət bu yükü daşıya biləcəyi barədə suallar doğurur.

“The Washington Post” yazır ki, ABŞ qüvvələrinin Avropa, Sakit okean və Latın Amerikasındakı komandanları, eləcə də Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi həmin bölgələrdəki qüvvələrin İranla bağlı əməliyyatlara daha uzun müddət cəlb olunmasına etiraz ediblər. Onların fikrincə, uzunmüddətli ezamiyyətlər ordunun başqa bölgələrdəki təhlükələrə cavab vermək imkanını zəiflədir.

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi Heqsetə bildirib ki, donanmadakı esmineslərin cəmi dörddə biri səfərə çıxmağa hazırdır. Sakit okean üçün ayrılmış yeganə təyyarədaşıyan gəmi də Yaxın Şərqə göndərilib.

“Associated Press” agentliyinin məlumatına görə, ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş raket ehtiyatının 65 faizi İran müharibəsinə sərf edilib. Nəticədə NATO ölkələri üçün ayrılan ehtiyatlar da azalıb. Pentaqon Çinlə mümkün münaqişədə lazım ola biləcək silahları qorumağa çalışır.

Pentaqon böhran iddiasını rədd edir

Pentaqonun sözçüsü Şon Parnell “Axios”-a bildirib ki, nazirlikdə hərc-mərclik olduğu barədə deyilənlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, belə iddialar ölkəni müdafiə etmək üçün hər gün çalışan əməkdaşları və hərbçiləri təhqir edir.

Parnell generalların əmrlərlə razılaşmadıqlarını rəsmi şəkildə bildirməsini adi prosedur adlandırıb. O, Heqsetin əmrlər kitabındakı məxfi qiymətləndirmələrin “The Washington Post”-da dərcini “cinayət” və “silahlı qüvvələrə xəyanət” kimi qiymətləndirib.

Sözçü silah ehtiyatının azaldığı barədə məlumatları da təkzib edib. Onun sözlərinə görə, ABŞ-nin istifadəyə hazır kifayət qədər silahı var.

Pentaqon ictimaiyyətə qapalı quruma çevrilir

Böhran dərinləşdikcə, Pentaqonun fəaliyyəti barədə məlumat almaq da çətinləşib. Müdafiə Nazirliyi mayın 5-dən bəri mətbuat konfransı keçirməyib. İranla müharibə davam etdiyi halda, Pentaqon dörd aya yaxındır jurnalistlərin suallarını açıq brifinqdə cavablandırmır.

Halbuki Parnell vəzifəsinin icrasına başlayanda müntəzəm brifinqlər keçirəcəyini və bu administrasiyanın ABŞ tarixində ən açıq Müdafiə Nazirliyi yaradacağını vəd etmişdi.
“The Washington Post”-un məlumatına görə, Pentaqon sosial şəbəkələrdə hərbi mövzuda paylaşım edən və “Amerikanı yenidən qüdrətli et” (MAGA) hərəkatına yaxın bir neçə şəxsi gizli şəkildə mülki vəzifələrə gətirib. Onlar nazirlikdə çalışdıqları müddətdə Heqsetin siyasətini açıq şəkildə müdafiə edib və onun tənqidçilərinə qarşı çıxıblar.

ABŞ ordusunun “Stars and Stripes” qəzetinin üç yüksək vəzifəli əməkdaşı isə Pentaqonu məhkəməyə verib. Onlar İran müharibəsinə göndərilən təyyarədaşıyan gəmidəki şərait barədə tənqidi materiallar yayımladıqları üçün işdən çıxarıldıqlarını bildirirlər.

Böhran Heqsetin mövqeyini zəiflətməyib

“Axios”-un qənaətinə görə, Pentaqondakı qarışıqlıq Heqsetin mövqeyini sarsıtmaq əvəzinə, onun əlini gücləndirib.
“Signal” yazışmalarıyla bağlı qalmaqaldan və sonrakı mübahisələrdən sonra da Heqset vəzifəsində qala bilib. Onun mümkün rəqibləri Pentaqondan uzaqlaşıb, nazir MAGA hərəkatının “dərin dövlət”in əsas qalalarından biri saydığı quruma nəzarəti öz əlində cəmləyib.

Bütün bunlara baxmayaraq Tramp Heqseti dəstəkləməyə davam edib, onun rəhbərlik etdiyi Pentaqon üçün Konqresdən rekord məbləğdə – 1,5 trilyon dollar həcmində müdafiə büdcəsini təsdiqləməyi istəyib.

“Politfm”