Foto: internet

 

 

Azərbaycanda qumar oyununda təkrar iştiraka görə cəza sərtləşdirilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub.

İndiyə qədər qumar oynayan şəxslərə oyun ləvazimatı, qumara qoyulan pul və digər əmlak, eləcə də əldə olunan uduş və gəlir müsadirə edilməklə 3 min manat cərimə cəzası tətbiq edilirdi.

Yeni qaydaya əsasən, qumar oynadığına görə inzibati cəza alan şəxs qərarın qüvvəyə mindiyi gündən sonrakı bir il ərzində eyni əməli təkrar törədərsə, daha ağır cəza ilə üzləşəcək.

Belə halda oyun ləvazimatı, qumara qoyulan pul və digər əmlak, həmçinin əldə olunan uduş, mükafat və gəlir müsadirə ediləcək, şəxs özü isə 5 min manat cərimələnəcək.

Məhkəmə işin hallarını və pozuntunu törədən şəxsin kimliyini nəzərə alaraq cərimə əvəzinə ona 15 günədək inzibati həbs cəzası da də verə bilər.

Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar və idman mərc oyunları bu maddəyə daxil deyil.

Prezident İlham Əliyevin iyulun 14-də imzaladığı dəyişiklik dərc olunduğu gündən qüvvəyə minib.

“Politfm”