Ermənistanın yeni konstitusiya layihəsinin mətni hazırdır, hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin iclasında və eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılacaq.
Bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclasında məlumat verib (“Armenpress”).
Müxalifət düşərgəsi isə konstitusiya islahatına qarşı çıxmağa davam edir. Eks-prezident Robert Köçəryan Baş nazir Nikol Paşinyanı sülh zəmanətini Azərbaycanın iradəsindən asılı vəziyyətə salmaqda günahlandırır.
Politoloq Edmon Marukyansa deyib ki, Ermənistan rəhbəri mahiyyət etibarilə dövlətçiliyinin əleyhinə ifadə verir və sanki öz ölkəsinin münaqişəyə təhrik etdiyini bildirir.
Paşinyan Ermənistanın 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin əslində “münaqişə bəyannaməsi” olduğunu qeyd edib.
Həmin sənəddə Ermənistan SSR Ali Sovetiylə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası tərəfindən qəbul edilmiş “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərara istinad olunur.
Bakı bunu Azərbaycana qarşı birbaşa ərazi iddiası adlandırır.
Nikol Paşinyan bəyan edir ki, istinad Konstitusiyadan çıxarılmalıdır, çünki “bu ifadələri işlətməyin hansısa məqamda münaqişəyə səbəb olmayacağı bir variant yoxdur”.
Bu yanaşmaya kəskin etiraz edən Ermənistan müxalifətinin böyük hissəsi Rusiya yönümlü reputasiyaya malikdir və bu prosesi Qərbin təzyiqi kimi qiymətləndirir.
Paşinyan və digər hökumət üzvləri müxalifətin “satqınlıq” və “təslimçilik” ittihamlarına cavab olaraq bildirirlər ki, müasir Ermənistan dövləti yalnız 29,800 kv. km-lik beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində (“Real Ermənistan” ideyası) mövcud ola bilər. Bu çərçivədən kənara çıxan hər bir iddia dövlətçilik üçün birbaşa təhdiddir.
Hökumət nümayəndələri həmçinin qeyd edirlər ki, konstitusiyada qonşu dövlətə qarşı ərazi iddiası saxlandığı müddətcə heç bir sülh davamlı olmayacaq. Onlar konstitusiya islahatını Bakının tələbi olaraq yox, Ermənistanın regionda “qanunsuz element” statusundan çıxması və beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilməsi üçün “daxili zərurət” adlandırırlar.
Paşinyan müxalifəti Ermənistanı kənar güclərin maraqları üçün “daimi müharibə meydanı”na çevirməkdə ittiham edir. Onun fikrincə, müxalifət sülhün əleyhinə çıxış etməklə, ölkəni suverenlikdən məhrum edir və onu yenidən üçüncü tərəflərdən asılı vəziyyətə salmaq istəyir.
İqtidar komandası konstitusiya dəyişikliklərini ölkənin Avropaya inteqrasiyası və yeni təhlükəsizlik arxitekturası üçün mütləq şərt kimi təqdim edir. Onlar bildirirlər ki, köhnə ideoloji bazadan qurtulmadan Ermənistanın iqtisadi və siyasi inkişafı mümkün deyil.
“Politfm”



