Rusiya martın əvvəlindən İrana pilotsuz uçuş aparatları, dərman preparatları və ərzaq məhsulları tədarük edir.
“Financial Times” Qərbin kəşfiyyat xidmətlərinə istinadən belə yazır.

İddiaya görə, İran və Rusiya rəsmiləri bunu ABŞ və İsrail İrana qarşı hücumlara start verəndən bir neçə gün sonra müzakirə etməyə başlayıblar. Moskva dronları martın əvvəlində göndərməyə başlayıb, proses ayın sonunda başa çatmalıdır.

Rusiyanın İrana “Şəhid” dronlarını verdiyini martın ortalarında CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski də demişdi. O bildirmişdi ki, Tehranın bu dronlardan ABŞ bazalarına və Fars körfəzi ölkələrinə zərbələr zamanı istifadə etdiyinə dair onda “100 faizlik faktlar” var.

Tərs tədarük zənciri

Rusiyanın vaxtilə İrandan aldığı PUA-ları indi təkmilləşdirilmiş formada Tehrana geri ixrac etməsi hərbi tarixdə nadir rast gəlinən “tərs tədarük zənciri” yaradır. Bu yerdəyişmə həm Ukrayna cəbhəsindəki resurs balansına, həm də Yaxın Şərqdəki hərbi konfiqurasiyaya ciddi təsir göstərir.

Rusiyanın İrana göndərdiyi dronlar, böyük ehtimal, elektron mübarizəyə daha davamlı, Qlonass/GPS naviqasiyası gücləndirilmiş və bəlkə də daha dağıdıcı döyüş başlığına malik “Geran-2” versiyalarıdır.

ABŞ və İsrailin İrandakı hərbi sənaye obyektlərinə endirdiyi zərbələr Tehranın daxili istehsal potensialını zəiflədib. Moskva bu boşluğu doldurmaqla həm müttəfiqini qoruyur, həm də borcunu “məhsulla” ödəyir.

İranın həm Fars körfəzində, həm də ABŞ bazalarına qarşı Rusiya dronlarından istifadə etməsi münaqişənin miqyasını genişləndirir.

Əvvəla, İsrailin hava hücumundan müdafiə sistemləri artıq sadə İran texnologiyasıyla yox, Ukrayna cəbhəsində sınaqdan keçmiş və rus mühəndisləri tərəfindən “çətinləşdirilmiş” hədəflərlə mübarizə aparmalı olur.

İkincisi, Rusiya dolayı yolla, amma faktiki olaraq Yaxın Şərqdə ABŞ-yə qarşı yeni cəbhə açır.

Rusiya İrana niyə yardım edir?

Ukraynaya kütləvi hücumlarını davam etdirən Rusiya İrana dron göndərməklə öz ehtiyatlarını azaltmış olmurmu?

Məlumatlara görə, Rusiya PUA istehsalını elə bir səviyyəyə çatdırıb ki, həm öz ehtiyacını təmin edə, həm də ixrac potensialı yarada bilib.

Bəlkə də, Rusiya dronların qarşılığında İrandan sadəcə “təşəkkür” almır. Bəzi ekspertlər hesab edirlər ki, İranın ballistik raket texnologiyasının Rusiyaya ötürülməsi bu mübadilənin gizli tərəfi ola bilər.

Kəşfiyyat məlumatlarının koordinasiyası

Rusiyanın yeni peyk qruplaşmalarının orbitə çıxarılması fonunda İrana verilən dronların hədəf seçimi və naviqasiyası Rusiya peykləri vasitəsilə həyata keçirilə bilər. Bu, Tehran üçün hərbi imkanların keyfiyyətcə yeni mərhələyə qalxması deməkdir.

Beləliklə, Rusiya-İran oxu artıq sadəcə “situativ tərəfdaşlıq” deyil, tammiqyaslı hərbi-sənaye alyansına çevrilib. Bu alyansda Moskva texnoloji “donor” rolunu öz üzərinə götürərək Qərbə qarşı Yaxın Şərq cəbhəsini möhkəmləndirir. 

“Politfm”