OPEK-in Beynəlxalq İnkişaf Fondu (OPEC Fund) Azərbaycana 110 milyon ABŞ dollarından çox vəsait ayırıb.
Neft hasilatını tənzimləyən OPEK-dən fərqli olaraq bu qurum inkişaf etməkdə olan qeyri-üzv ölkələrə sosial-iqtisadi dəstək verir.
Ayrılmış vəsaitin 90.4 milyon dolları Sumqayıtda gündəlik gücü 100 min kubmetr olan çirkab sularının təmizlənməsi qurğusunun tikintisi üçün nəzərdə tutulub. Layihə 427 mindən çox insanın sanitariya şəraitini yaxşılaşdırmasına hesablanıb.
Vəsaitin 20 milyon dolları isə ilk dəfə tətbiq ediləcək milli (sintetik) valyutalı kreditlə mikro, kiçik və orta sahibkarlığın (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək (opecfund.org).
2025-ci ilin noyabr ayında əldə olunmuş razılaşmaya əsasən, OPEK Fondu növbəti üç il ərzində Azərbaycanın dayanıqlı inkişaf layihələrinə 1 milyard dollara qədər vəsait ayırmağı planlaşdırır.
Bu vəsait əsasən 3 istiqamətə yönəldiləcək:
– təmiz enerji və yaşıl infrastruktur;
– nəqliyyat əlaqəliliyi;
– su təchizatı və şəhərsalma.
2003-cü ildən bəri Fond Azərbaycanda kənd təsərrüfatı, energetika və yol infrastrukturuna dair onlarla layihə maliyyələşdirib.
2025-ci ilin oktyabr ayına olan məlumata görə, OPEK Fondunun Azərbaycan üzrə təsdiqlənmiş maliyyələşdirmə payı digər beynəlxalq qurumlarla müqayisədə stabil artım nümayiş etdirib.
“Politfm”



