Foto: “Reuters”
Belarus Prezidenti Aleksandr Lukaşenko Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfəri çərçivəsində dünən, martın 25-də bu ölkənin lideri Kim Çen Inla görüşüb.
Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına görə, KXDR liderinin atası Kim Çen İrin və babası Kim İr Senin balzamlanmış cəsədlərinin dəfn olunduğu Kumsusan Günəş Sarayında Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin adından gül dəstəsi qoyub.
Bu səfər mövcud qlobal gərginlik fonunda “Minsk-Moskva-Pxenyan” oxunun möhkəmlənməsi kimi qiymətləndirilir. Lukaşenkoyla Kimin görüşünün həm hərbi-texniki, həm də iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb etdiyi bildirilir.
Lukaşenko Pxenyanla “üçtərəfli əməkdaşlıq” modelini Rusiya prezidenti Putinlə hələ keçənilki görüşündə təklif etmişdi. Bu səfərdə həmin modelin praktik addımları müzakirə olunub:
• hərbi-sənaye sinerjisi. Belarusun mikroelektronika və optika sahəsindəki təcrübəsiylə Şimali Koreyanın raket və ağır artilleriya istehsalı gücünün birləşdirilməsi nəzərdə tutulur;
• işçi qüvvəsi mübadiləsi. Belarusun kənd təsərrüfatı və tikinti sektorunda Şimali Koreyalı işçilərin cəlb edilməsi məsələsi gündəmdədir. Bu, həm də Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin (Donbasın) yenidən qurulmasında Pxenyanın iştirakı planının bir hissəsidir.
“Biz təcrid olunmamışıq, biz öz dünyamızı qururuq. Şimali Koreyanın onilliklər ərzində sanksiyalar altında yaşamaq və inkişaf etmək təcrübəsi bu gün bizim üçün əvəzolunmazdır” – Lukaşenko Pxenyandakı çıxışında belə deyib.
Yeni cəbhə?
Analitiklər hesab edirlər ki, Lukaşenkonun Pxenyan səfəri Kremlin xeyrinə “diplomatik kəşfiyyat” və ya “vasitəçilik” missiyasıdır. Rusiyanın İrana PUA-lar göndərdiyi bir vaxtda Belarusun Şimali Koreyayla yaxınlaşması Qərbin diqqətini Ukraynadan yayındırmaq və Uzaq Şərqdə yeni bir gərginlik ocağı (və ya hərbi təchizat bazası) yaratmaq məqsədi güdə bilər.
Ekspertlərin qənaətinə görə, Lukaşenko Şimali Koreyaya səfər etməklə suveren xarici siyasət yürütdüyünü göstərməyə çalışsa da, əslində Pxenyanın artilleriya mərmilərinin Belarus vasitəsilə “münaqişə zonalarına” daha sürətlə çatdırılması üçün logistik zəmin hazırlayır.
“Politfm”



