Foto: APA

 

 

Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” tədbirində bəzi rəqəmlər səsləndirib.

Nazir bildirib ki, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manata çatıb və bu, 2014-cü ildəki məbləğlə müqayisədə təxminən 4 dəfə çoxdur.

O qeyd edib ki, hazırda 14 228 müəllim (müəllimlərin 12%-i) həftədə 31 saat dərs deyir və 1500–2000 manat əməkhaqqı alır. 14 372 müəllimsə həftədə 8 saat dərs deyir və təxminən 500 manat əməkhaqqı alır.

Əmrullayev həmçinin deyib ki, müəllimlərin maaşının mümkün qədər yüksək olmasının tərəfdarıdır, amma əməkhaqqıların artırılması dövlətin büdcə siyasəti çərçivəsində müəyyən edilir.

Maaşlar 4 dəfə artıb. Bəs real gəlirlər?

Rəsmi mənbələrə əsasən, 2014-cü ildən 2025-ci ilə qədər manatın alıcılıq qabiliyyəti xeyli zəifləyib – 2024-cü ilin sonunda manatın alıcılıq qabiliyyəti 2014-cü illə müqayisədə təxminən 2 dəfə az olub (“banker”).

Bu o deməkdir ki, real gəlir baxımından maaşlar 4 dəfə yox, 2 dəfə artıb. Yəni 2014-cü ildəki 1000 manatlıq əməkhaqqının bugünkü ekvivalenti təxminən 2000 manat nominal maaşdır. Deməli, indiki 1030 manatlıq orta əməkhaqqı nazirin təqdim etdiyi qədər böyük sıçrayış deyil [“fed”], artımın bir hissəsi sadəcə inflyasiyanı kompensasiya edib.

Bundan başqa, Əmrullayevin açıqladığı əməkhaqqı məbləğləri göstərir ki, sistemdə böyük diferensiasiya var, gəlir səviyyələri çox fərqlidir və bu, həm motivasiya, həm də iş bölgüsü baxımından problemlidir.

Orta əməkhaqqı müəllim korpusunun ümumi vəziyyətini tam əks etdirmir. 500 manatlıq maaşın böyük hissəsini yaşayış minimumu və istehlak səbəti xərcləri “udur”. Yəni maaş artımı bütün müəllimlərin rifahını yaxşılaşdırmayıb, onların tədrisə fokuslanmaq imkanlarını genişləndirməyib. Müəllimlərin müəyyən qismi əlavə gəlir üçün repetitorluqla məşğul olur, bu isə məktəblərdə təhsilin keyfiyyətinə təsir edən əsas amillətrdən biridir.

Repetitorluq faktoru

Nazirin Bakıda və bəzi bölgələrdə repetitorluq edən müəllimlərin orta maaşdan dəfələrlə çox qazandığını deməsi də mühüm siqnaldır. Bu, sistemdə paralel gəlir modelinin nə qədər güclü olduğunu göstərir.

Repetitorluq ənənəsi iki nəticə yaradır: birincisi, peşənin bazar dəyəri real maaşdan yüksək görünür; ikincisi, məktəbin öz tədris funksiyasını tam yerinə yetirmədiyini ortaya qoyur.

Bu vəziyyət yaxşı müəllimlərin məktəb daxilində daha çox enerji sərf etməsinə yox, paralel bazarda qazanc axtarmasına yol açır. Başqa sözlə, sistem müəllimi məktəbə bağlamaq əvəzinə, onu məktəbdənkənar gəlirə söykənməyə vadar edir. Bu isə ictimai təhsil sisteminin keyfiyyətinə zərbə vurur.

Sinifdəki şagirdlərin yarıdan çoxunun biliyi hətta minimum səviyyədə də deyilsə… 

Əmrullayev tədbirdəki çıxışında bildirib ki, IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb – bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir və belə siniflərin sayı az deyil.

Bu, bir fiasko statistikasıdır və problemin ayrı-ayrı məktəblərdə yox, bütövlükdə təhsil sistemində olmasından xəbər verir.

Müəllim dərsi öyrədir, amma şagirdin nəticəsi minimal səviyyəyə çatmırsa, deməli, ya metodika zəifdir, ya da fərdi diqqət səviyyəsi yetərli deyil. Nəticə etibarilə sinifdəki 25 şagirddən 13-ü və ya 17-si tədris prosesindən kənarda qalır.

İkinci səbəb tədris yüklənməsidir. Həftədə 8 saat dərs deyən müəllimin məktəbə bağlılığı, şagirdlə işləmə vaxtı və ümumi məsuliyyət hissi 31 saat dərs deyən müəllimlə eyni olmaya bilər. Az saatlıq yük çox vaxt müəllimi əlavə məşğulluğa yönəldir və məktəb daxilində davamlı pedaqoji iş zəifləyir.

Üçüncü səbəb kurikulumla real bilik səviyyəsi arasında boşluqdur. Əgər proqram şagirdin yaşına və hazırlıq səviyyəsinə uyğun qurulmayıbsa, hətta minimal standartlar da şagirdlərin əksərriyyəti üçün əlçatmaz ola bilər. Bu halda problem təkcə müəllimdən yox, proqramın tətbiq mexanizmindən də qaynaqlanmış olur.

Əsas paradoks

Hökumət müəllimlərin maaşını artırırsa, amma göstəricilər aşağı olaraq qalmaqda davam edirsə, deməli, gəlir artımı keyfiyyət dəyişikliyi yaratmır. Bunun üçün həm də dərs yükünün normallaşdırılması, müəllim hazırlığının gücləndirilməsi, məktəb daxili nəzarətin sərtləşdirilməsi, monitorinq nəticələrinə görə müdaxilə mexanizmlərinin yaradılması da lazımdır.

Yəni dövlətin büdcə siyasəti maaş artımlarının hansı davranışı təşviq etdiyini də nəzərə almalıdır. Sistem müəllimi məktəbə daha çox bağlamaq əvəzinə, repetitorluğa sövq edirsə, demək ki, əməkhaqqıların artırılması hədəfə tam çatmır.

“Politfm”