Foto: “Reuters”
ABŞ və İran nümayəndə heyətlərinin bu həftə baş tutmalı olan Doha görüşü ətrafında qeyri-müəyyənlik yaranıb. Rəsmi Tehran bazar ertəsi – tərəflərin həftəsonu qarşılıqlı raket zərbələrindən sonra verdiyi bəyanatda hər hansı bir görüşün təyin olunmadığını bildirib.
Bu barədə “Reuters” agentliyi məlumat verib.
Bildirilir ki, artıq ABŞ Prezidenti Donald Tramp danışıqlarda iştirak etmək üçün kürəkəni Cared Kuşneri və xüsusi nümayəndəsi Stiv Uitkoffu Qətərə göndərib. Lakin İran Xarici İşlər
Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranın texniki heyətinin Qətərə səfərinin ABŞ rəsmilərinin gedişiylə “heç bir əlaqəsi” olmadığını vurğulayıb:
“Yaxın günlərdə Amerika tərəfi ilə heç bir səviyyədə danışıqlar planlaşdırılmır”.
Tərəflərin danışıqlarla bağlı fərqli bəyanatlar verməsi Hörmüz boğazında qlobal neft tədarükünü bərpa etməyi hədəfləyən 17 iyun razılaşmanın nə qədər kövrək olduğunu nümayiş etdirir. Tədarükün beşdə birini təmin edən bu su yolu ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi zərbələrdən sonra dəniz gəmişiliyi üçün tamamilə bağlanıb.
Bu blokada neftin bir barrelinin qiymətini 100 dollardan yuxarı həddə yüksəldərək qlobal inflyasiyanı tətikləyib. Mövcud böhran ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində prezident Tramp üçün ciddi siyasi başağrısına çevrilib. Hətta bəzi respublikaçı həmkarları belə onu parlamentin icazəsi olmadan müharibəyə başlamaqda ittiham edirlər.
Texniki məsələlər üzrə danışıqlar istisna edilmir
Ziddiyyətli bəyanatlara rəğmən bəzi diplomatik mənbələr təmasların tam kəsilmədiyini bildirirlər. İranın yüksək rütbəli rəsmilərindən birinin verdiyi məlumata görə, İsveçrədəki danışıqlardan fərqli olaraq çərşənbə axşamı Dohada keçiriləcək görüşdə əsas diqqət Hörmüz boğazının idarə olunmasına və gərginliyin azaldılmasına yönəldiləcək. Başqa bir mənbə isə ABŞ və İranın texniki qruplarının çərşənbə günü Qətər və Pakistan vasitəçilərilə ayrıca (birtərəfli) görüşlər keçirəcəyini qeyd edib.
Prezident Tramp Oval kabinetdə jurnalistlərə verdiyi açıqlamada mövzuya ehtiyatla yanaşıb:
“Dohadakı görüş bəlkə də mühüm olacaq, bəlkə də yox. Bunu az sonra biləcəyik”.
Eyni zamanda o, ABŞ-nin “hərbi cəhətdən qalib gəldiyini” bildirib, İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini təkrar vurğulayıb.
ABŞ İranı mülki gəmilərə raket və PUA-larla hücum etməkdə təqsirləndirərək onun hərbi obyektlərini bombalayıb. İran isə cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi poliqonlarına zərbələr endirib.
İsrail rəsmi Vaşinqton və Tehran arasındakı sülh danışıqlarında iştirak etmir və prosesdən uzaq durmağa üstünlük verir.
Bu gərginlik Livandakı münaqişənin həllini də çətinləşdirir. “Hizbullah”ın müttəfiqi, Livan parlamentinin spikeri Nəbih Berri ABŞ-nin vasitəçiliyilə baş tutmalı olan yeni Livan-İsrail razılaşmasına şübhəylə yanaşır.
Dövlət katibi Marko Rubio və Stiv Uitkoffun Konqresdə keçirdiyi brifinq rəqib partiyalar tərəfindən fərqli qarşılanıb. Respublikaçılar söhbəti konstruktiv hesab etsələr də, Senatdakı demokratların lideri Çak Şumer brifinqi “detallardan məhrum olan tədbir” adlandırıb və Hörmüz boğazında İranın təsir rıçaqlarının hələ də qalmasını tənqid edib.
İran dövlət mediasının yaydığı məlumata görə, prezident Məsud Pezeşkian Qətərdə dondurulmuş 12 milyard dollarlıq aktivlərin 6 milyard dollarının İrana qaytarılacağını bəyan edib. Pezeşkian İranın neft və neft-kimya sektoruna tətbiq edilən ABŞ sanksiyalarının ləğvini nəzərdə tutan memorandumu “İran xalqı üçün böyük qələbə” adlandırıb.
Fransa Prezidenti Emmanuel Makron regionda gərginliyi azaltmaq üçün Omanla birgə çalışdıqlarını və Hörmüz boğazının minalardan təmizlənməsi üçün tərəfdaşlarla əməkdaşlıq edəcəklərini bildirib.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi “X” platformasında buna sərt reaksiya verib:
“Mövcud 14 bəndlik plana uyğun olaraq minaların təmizlənməsi yalnız İran tərəfindən həyata keçirilməlidir. Fransa vəziyyəti mürəkkəbləşdirməkdən çəkinməlidir”.
“Politfm”



