Foto: Andjey İvançuk/ “NurPhoto”
Türkiyə Rusiyadan aldığı “S-400” zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq niyyətindədir. Məqsəd ABŞ-dən ən yeni model “F-35” qırıcıları almaqdır.
“Euractiv” bu barədə regional kəşfiyyatdakı vəziyyətdən xəbərdar olan mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, “S-400”lərin alıcısı Cənubi Koreya ola bilər. Türkiyə 2017-ci ildə bu kompleksləri aldıqdan sonra ABŞ onu “F-35” proqramından kənarlaşdırmışdı. Amerika rəsmiləri bildirmişdilər ki, “S-400” sistemlərindən ABŞ təyyarələrinin zəif nöqtələri barədə məlumat toplamaq üçün istifadə oluna bilər və bu, qəbuledilməz təhlükəsizlik riski yaradar.
Mənbə əlavə edib ki, “F-35”lərin satışına dair yekun qərar hələ verilməyib. Bu məsələdə irəliləyiş yalnız Türkiyə “S-400”lərdən qurtulacağı, onları Rusiyaya qaytarmayacağı halda mümkün ola bilər.
Bundan başqa, ABŞ Prezidenti Donald Trampın administrasiyası artıq Konqresi məlumatlandırıb ki, Türkiyənin yeni KAAN qırıcısı üçün bu ölkəyə 613 milyon avro dəyərində Amerika mühərriki satmaq niyyətindədir. Mənbənin sözlərinə görə, bu sövdələşmənin baş tutması ehtimalı yüksəkdir.
“Politfm”



