Sizin başlatdığınız və 38 gündür ki, davam edən aclıq aksiyanız artıq siyasi baxımdan öz işini görüb.
Azərbaycan cəmiyyəti və bütün dünya sizin günahsız olaraq həbs olunduğunuzu bilir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ Konqresi, Avropa Şurası Parlament Assambleyası sizin etiraz aksiyanızı öz gündəminə daxil edib, sizin azadlığa buraxılmağınızla bağlı Azərbaycan hakimiyyətinə çağırışlar edib.
38 gündür ki, davam edən bu aclıq aksiyası artıq sizin həyatınız və sağlamlığınız üçün təhlükəli həddə çatıb.

İndi bu məsələ sizi sevən, sizin üçün narahat olan, günahsız, fədakar bir insanın ölməsini istəməyən bütün vicdanlı insanlar üçün insani fəlakətə çevrilib.

Siz aclığı başlayarkən demisiniz ki, mənim ölümüm də Azərbaycan cəmiyyətinin maraqlarına xidmət edəcək. Əlbəttə, haqlısınız.
Amma sizin cəmiyyətin maraqlarına xidmət etmək üçün daha böyük potensialınız, daha ciddi imkanlarınız var.

Sizin kimi siyasi təcrübəyə, şərəfli mübarizə tarixçəsinə malik, cəmiyyət tərəfindən rəğbətlə qəbul olunan siyasətçilər hər daim yetişmir.

Dəyərli Tofiq bəy, demokratik ictimaiətin sizə dəstəyi tam və birmənalıdır. Sizin müdafiənizə həsr olunmuş tədbirdə və orada qəbul eilmiş qətnamədə sizin haqq işinizə dəstəklə yanaşı sizin həyatınız üçün yaranan təhlükə geniş müzakirə olunub.
“Tofiq Yaqubıu” adlandırdığımız bu toplantının səlahiyyət verdiyi məşvərət qrupunda müzakirələr apararaq qərara aldıq ki, sizə müraciət edək.

Biz, sizi sevən, sizə görə narahat olan dostlar, əqidədaşlar, yaxınlar sizdən bu aclığı dayandırmağı xahiş edirik.
Siz Azərbaycana, bizə və bütün sizi sevənlərə lazımsınız və sağlam lazımsınız.
Lütfən artıq siyasi cəhətdən əsasən məqsədinə çatmış, sizin haqq səsinnizi bütün dünyaya çatdırmış bu ölüm aclığını dayandırın.

1. İsa Qəmbər, Müsavat başqanı
2. Əli Kərimli, AXCP sədri
3. Cəmil Həsənli, Milli Şura sədri
4. Arif Hacılı, Müsavat Məclisinin sədri
5. Seymur Həzi AXCP sədr müavini
6. Fuad Qəhramanlı AXCP sədr müavini
7. Nüşabə Sadıqlı, Müsavat başqanının müavini
8. Mustafa Hacıbəyli, Müsavat başqanının müavini
9. Ofelya Abbasova, siyasi məhbus Sevinc Vaqifqızının anası
10. Sevda Absalamova, siyasi məhbus Nərgiz Absalamovanın ansı
11. Maya Yaqublu, Tofiq Yaqublunun həyat yoldaşı
12. Nigar Həzi Tofiq Yaqublunun qızı
13. Təranə Səfərsoy, Rza Səfərsoyun həyat yoldaşı