Senator Lindsi Qremin bu fikri ABŞ-ın qətiyyətini göstərir
May ayının 30-da ABŞ senatoru Lindsi Qrem Rusiyaya qarşı sərt sanksiyalar və Rusiyadan neft və qaz alan ölkələr üçün 500 faizlik rüsumlar haqqında qanunun həmmüəllifi Riçard Blumental ilə Kiyevə gəliblər. Bu ABŞ senatorlarının təqdim etdikləri “Rusiyaya Sanksiyalar Aktı” (Sanctioning Russia Act of 2025) adlı qanun layihəsi, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünə cavab olaraq hazırlanıb. Qanun layihəsi, əgər Rusiya sülh danışıqlarına razılaşmazsa və ya gələcəkdə əldə olunacaq sülh razılaşmasını pozarsa, Rusiyaya və onun enerji məhsullarını (neft, qaz və uran) alan ölkələrə qarşı sərt iqtisadi tədbirlər nəzərdə tutur. Senatorlar bildiriblər ki, Putin danışıqlara məhəl qoymamaqda davam edərsə, Amerikalılar qanun layihəsini gələn həftə səsverməyə çıxaracaqlar.
Senatorların bu optimizmi bəzi ümidlər doğurur. Çünki budan əvvəl ABŞ prezidenti Donald Tramp Putinə hələ 2 həftə də vaxt tanımışdı. Amma senatorların artıq prosesin gələn həftə başlayacağını demələri bəzi məqamlarım üzərinə işıq sala bilər.
Siyasi müşahidəçilərin qənaətinə görə, prosesin başlaması üçün Respublikaçılar Partiyasının üzvləri prezidentin işarə verəcəyini gözləyirlər. Belə aydın olur ki, artıq ABŞ daxilində Rusiya ilə bağlı yekun fikir qətiləşməkdədir. Bəs, bu qanun layihəsinin mahiyyəti nədən ibarətdir?
Qanun layihəsi, Rusiyadan enerji məhsulları idxal edən ölkələrdən (əsasən Çin, Hindistan kimi) ABŞ-a gətirilən mallara 500% tarif tətbiqini nəzərdə tutur. Bu, həmin ölkələrin Rusiya ilə enerji ticarətini davam etdirməsi halında onlara qarşı ciddi iqtisadi təzyiq yaratmağı hədəfləyir. Bundan əlavə, qanun layihəsi, Rusiyanın suveren borcuna və sanksiyaya məruz qalmış qurumlarla maliyyə əməliyyatlarına qarşı əlavə məhdudiyyətlər tətbiq etməyi də planlaşdırır.
Xatırladım ki, bu qanun layihəsi Senatda artıq 82 senatorun dəstəyini qazanıb. Prezident Donald Tramp, sülh prosesinə zərər verə biləcəyi qorxusuyla əlavə sanksiyaların tətbiqinə tərəddüd edir. Bununla belə, senator Lindsi Qrem bu qanun layihəsini “sümükləri sındıran” sanksiyalar adlandıraraq, Rusiyanın iqtisadiyyatına ciddi zərbə vuracağını və onu sülh danışıqlarına məcbur edəcəyini bildirir. Əgər bu qanun layihəsi qəbul olunarsa, bu, qlobal enerji ticarətində mühüm dəyişikliklərə səbəb ola bilər.
DADAŞ ƏHMƏDLİ



