Foto: “NewsMarker.md”
Moldovanın separatçı Dnestryanı bölgəsində səkkiz nəfərə Rusiya vətəndaşlığı verilib. Pasportları Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov sentyabrın 8-də Tiraspol şəhərində təqdim edib.
Bu barədə “NewsMarker.md” saytı məlumat yayıb.
Ozerovun sözlərinə görə, 60 mindən çox sakin Rusiya vətəndaşlığı almaq üçün sənəd verib. 100-dən çox müraciətlə bağlı müsbət qərar çıxarılıb.
Rusiyalı diplomat iddia edib ki, mane olmaq cəhdlərinə baxmayaraq müraciətlərəqanunda nəzərdə tutulan müddət ərzində cavab vrilib. O, Rusiya pasportuna yalnız pensiyaçıların yox, işləyən sakinlərin də maraq göstərdiyini bildirib.
“İnsanlar gələcəklərini düşünürlər. Gələcək isə böyük Rusiya ilə birlikdə olmaqdadır” – Ozerov belə deyib.
Rusiya Prezidenti Vladimir Putin mayın ortalarında Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığı almasını asanlaşdıran fərman imzalayıb. Yeni qaydalara əsasən, müraciət edənlərdən Rusiyada daimi yaşamaq tələb olunmur. Onlar rus dili, Rusiya tarixi və qanunvericiliyi barədə biliklərini sübut etməli deyillər.
Rusiya vətəndaşlıq almaq üçün xaricdə verilən müraciətlərlə bağlı rüsumu avqustun 1-dən etibarən 65 dollardan 600 dollara qaldırıb. Ardınca Dnestryanı sakinləri üçün güzəşt müəyyənləşdirilib və onların ödəyəcəyi məbləğ yenidən 65 dollara endirilib. Bu, təxminən 1100 Moldova leyi deməkdir. Yeni rüsumun məbləği təqribən 10,3 min leydir.
Moldova parlamentinin sədri İqor Qrosu bu güzəşti Rusiyanın “çarəsiz addımı” adlandırıb. Onun sözlərinə görə, Moskvanın açıqladığı rəqəmlərlə bölgədəki həqiqi vəziyyət arasında böyük fərq var. Qrosu bildirib ki, Rusiya vətəndaşlığına daha çox yüksək pensiya almaq istəyən yaşlı sakinlər maraq göstərir. İşləyən və əmək qabiliyyətli əhali arasında isə bu maraq xeyli zəifdir. Parlament sədrinin fikrincə, Moskva rüsumu azaltmaqla təklifini daha cəlbedici göstərməyə çalışır.
Moldovanın xarici işlər naziri Mihay Popşoy isə daha əvvəl xəbərdarlıq etmişdi ki, Ukraynadakı müharibə davam etməkdəykən Rusiya pasportu almaq Dnestryanı sakinləri üçün “cəbhəyə bilet”ə çevrilə bilər.
Kişinyov və Tripoli arasındakı münaqişəsinin tarixçəsi
Moldovanın mərkəzi hakimiyyəti ilə separatçı Tiraspol rəhbərliyi arasındakı qarşıdurmanın kökləri Sovet İttifaqının süqutu ərəfəsinə gedib çıxır. Həmin dövrdə Dnestrin sol sahilində rus və ukrayna dilində danışanların payı yüksək, sovet ordusunun mövqeyi isə güclü idi.
1989-cu ildə Moldova dilinin dövlət dili elan olunması və latın qrafikasına keçid bölgənin sovetpərəst rəhbərliyində narahatlıq yaratdı. Moldova ilə Rumıniyanın birləşə biləcəyi barədə müzakirələr də gərginliyi artırdı. 1990-cı il sentyabrın 2-də Tiraspol rəhbərliyi Kişinyovun razılığı olmadan “Dnestryanı Moldova Respublikası”nın yaradıldığını elan etdi. Moldova 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra qarşıdurma daha da kəskinləşdi.
1991-ci ilin sonlarından başlayan silahlı toqquşmalar 1992-ci ilin yazında müharibəyə çevrildi. Ən ağır döyüşlər Bender şəhəri ətrafında oldu. Bir neçə yüz insan öldü, 100 mindən çox sakin müvəqqəti olaraq evini tərk etməli oldu. Avropa İnsan Hüquqları Məhkəməsi sonradan müəyyənləşdirdi ki, bölgədəki 14-cü sovet ordusunun bəzi hissələri separatçı qüvvələrlə birlikdə döyüşüb. Məhkəmənin qənaətinə görə, Rusiyanın hərbi, siyasi və iqtisadi yardımı Tiraspol rəhbərliyinin mövqeyini qorumasında həlledici rol oynayıb.
1992-ci il iyulun 21-də Moldova və Rusiya prezidentləri Mirça Snequrla Boris Yeltsin atəşkəs sazişi imzaladılar. Dnestrin hər iki sahilini əhatə edən təhlükəsizlik bölgəsi yaradıldı və ora Moldova, Rusiya və Dnestryanı qüvvələrindən ibarət sülhməramlı dəstələr yerləşdirildi. Bu saziş döyüşləri dayandırdı, lakin münaqişəni həll etmədi.
Dnestryanı həmin vaxtdan etibarən öz hakimiyyət qurumları, silahlı qüvvələri və pul vahidi olan ayrıca ərazi kimi idarə edilir. Bununla belə, bölgənin müstəqilliyini BMT üzvü olan heç bir dövlət tanımayıb. Beynəlxalq birlik Dnestryanını Moldovanın tərkib hissəsi sayır. Bölgədə Rusiya hərbçiləri və böyük silah-sursat anbarının yerləşdiyi Kolbasna hərbi məntəqəsi qalmaqdadır. Kişinyov Rusiya qüvvələrinin ölkədə onun razılığı olmadan saxlanıldığını bildirir və onların çıxarılmasını tələb edir.
Münaqişənin həlli üçün 2005-ci ildən “5+2” danışıqları aparılıb. Bu danışıqlarda Moldova və Dnestryanı tərəflər olaraq, ATƏT, Rusiya və Ukrayna vasitəçi qismində, Avropa İttifaqı ilə ABŞ isə müşahidəçi kimi iştirak ediblər. Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra danışıqlar dayanıb. Kişinyovla Tiraspol arasında birbaşa görüşlər 15 aydan çox fasilədən sonra – 2026-cı ilin fevralında bərpa olunsa da, bölgənin siyasi gələcəyi ilə bağlı razılıq əldə edilməyib.
ATƏT münaqişənin Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllini və Dnestryanıya xüsusi hüquqi status verilməsini dəstəkləyir. Tiraspol rəhbərliyi isə Rusiyaya yaxınlığını qoruyur. Moskvanın bölgə sakinlərinə sadələşdirilmiş qaydada vətəndaşlıq verməsi bu bağlılığı daha da gücləndirir.



