Bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.
Bildirilir ki, neft-qaz sektorunda aylıq əməkhaqqı 4064,7 manat, qeyri neft-qaz sektorunda 1050,1 manat, dövlət qurumlarında 1073,2 manat, özəl müəssisələrdə isə 1133,5 manat olub.
Həmçinin qeyd olunur ki, mədənçıxarma sənayesi, maliyyə, sığorta, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
İnflaysiya artımı “yeyir”
Orta aylıq nominal əməkhaqqının 3,8% artması statistik baxımdan yüksəliş sayılsa da, real iqtisadi təsiri sual altındadır.
Əgər eyni dövrdə inflyasiya səviyyəsi bu göstəriciyə yaxın və ya ondan yüksək olursa, faktiki olaraq əhalinin alıcılıq qabiliyyəti ya dəyişmir, ya da azalır. Yəni nominal artım real rifah artımı demək deyil.
Azərbaycanda 2026-cı ilin yanvar ayı üzrə illik inflyasiya təxminən 5,7%, yəni əməkhaqqı artımından (3,8%) yüksək olub.
Bu isə real gəlirlərin faktiki olaraq azaldığını göstərir. Xüsusilə də ərzaq inflyasiyasının daha yüksək olması (təxminən 7% civarında) inflyasiyanın sosial təsirini artırır.
Nəticə etibarilə nominal artım var, amma real alıcılıq qabiliyyəti zəifləyib.
Dörd dəfəyə yaxın fərq
İkinci mühüm məqam sektorlar arasındakı kəskin fərqdir. Neft-qaz sektorundakı əməkhaqqıyla (4064,7 manat) qeyri-neft sektorundakı əməkhaqqı (1050,1 manat) arasında təxminən 4 dəfəyə yaxın fərq var. Bu, iqtisadiyyatın hələ də yüksək dərəcədə resursasılıqlı olduğunu və diversifikasiyanın zəif getməsinin əlamətidir. Qeyri-neft sektorundakl aşağı maaş səviyyəsi isə geniş əhali kütləsinin gəlirlərinin məhdud olduğunu göstərir.
Dövlət və özəl müqayisəsi də diqqətəlayiqdir. Özəl sektorda orta əməkhaqqının (1133,5 manat) dövlət sektorunudakından (1073,2 manat) bir qədər yüksək olması bazar mexanizmlərinin müəyyən rol oynadığını göstərsə də, fərq böyük deyil.
Bu, özəl sektorun da yüksək məhsuldarlıq və rəqabətlilik baxımından tam güclü olmamasının əlaməti sayıla bilər.
Sahələr üzrə fərqlərsə struktur problemlərini daha aydın göstərir. Yüksək maaşların əsasən mədənçıxarma, maliyyə, İKT və nəqliyyat kimi sahələrdə cəmləşməsi iqtisadi gəlirlərin dar bir seqmentdə toplandığını göstərir. Bu isə gəlir bərabərsizliyini artıran əsas amillərdən biridir.
Nəticə etibarilə, təqdim olunan statistikadn bəlli olur ki:
• artımın inklüzivliyi zəifdir,
• sektorlararası balans pozulub,
• real gəlir artımı sual altındadır.
Vacib tədbirlər baxımından əsas məsələ qeyri-neft sektorunda məhsuldarlığın və maaşların artırılması, həmçinin daha balanslı iqtisadi strukturun formalaşdırılmasıdır.
Əks halda statistik artım geniş əhali üçün hiss olunan rifah artımına çevrilməyəcək.
“Polirfm”



