Televiziyada, sosial şəbəkələrdə və gündəlik söhbətlərdə tez-tez eşidirik: “İş var, amma işləmək istəyən yoxdur.”
Bu ifadə bizə bəsit gəlsə də, əslində hakimiyyət tərəfindən ortaya atılmış illüziyadır. İnsanlar işləmək istəyir, amma iş yoxdur deyirlər və bunun altını da saxta statistika ilə doldururlar.
Hər gün iş axtaran gənclər, diplomlular və orta yaşlı insanlar kifayət qədər çoxdur. Hamısı da eyni dərddən şikayətlənir: “Uyğun iş yoxdur, ya da iş var, amma sabit gəlir və perspektivi yoxdur”.
Bir sorğusunun nəticələrinə görə, respondentlərin 52 %‑i öz bilik və təhsil səviyyəsinə, ixtisasına uyğun iş tapa bilmir.
Bu, təkcə iqtisadi məsələ deyil. Bu həm də sosial və psixoloji bir böhrandır. İnsanlar işləmək istəyir, amma iş imkanları məhduddur. Mövcud işlər də qeyri-stabil müqavilələr, aşağı maaş, qeyri-rəsmi iş bazarı və başqa bu kimi hallar sbəbindən insanların iş istəyini də öldürür.
Ən ironik tərəf isə odur ki, bu mifdən həqiqətin üstünü örtmək üçün istifadə edirlər. “İşləmək istəyən yoxdur” deyərək hakimiyyətin məsuliyyəti fərdlərin üzərinə atılır. Halbuki əslində insanlar işləmək istəyir, amma işləmək üçün iş yerləri yaradan struktur yoxdur. Sistem bacarıqlı, istedadlı insanları ehtiyac içində boğur, onları qeyri-rəsmi və perspektivsiz işlərə yönəldir.
Rəsmi statistikaya görə, 250,3 min insan işsiz kimi Məşğulluq Agentliyində qeydiyyata alınıb. Bəllidir ki, heç də hamı qeyiyyat üçün agentliyə müraciət etmir. Təkcə rəsmi statistika bizə göstərir ki, işləmək istəyən çoxdur, əksinə, iş yoxdur.
Gənclər, ali təhsillilər – hamısı iş axtarır, amma uyğun iş tapa bilmirlər. Orta yaşlılar isə sabit aşağı gəlir və ailə məsuliyyətilə üz-üzə qalıb. Aşağı gəlirli, ağır iş rejimi onları demotivasiya edir. Beləliklə, “iş var” deyə təqdim edilən yerlər formal və yarımçıq məşğulluqdan ibarətdir.
Əmək bazarında təxminən 5 milyon insan olsa da, onların yalnız 1.7-1.8 milyonu rəsmi müqaviləylə işləyir. Bu isə o deməkdir ki, əmək qabiliyyətli əhalinin cəmi üçdə biri formal işlə təmin olunub. Qalan böyük kütlə ya qeyri-rəsmi işləyir, ya da ümumiyyətlə sistemdən kənarda qalıb.
Hakimiyyət isə vəziyyəti, illərdir ki, görməzliyə vurur. Rəsmi statistika işsizliyin az olduğunu göstərir, amma bu rəqəmlər real vəziyyəti ört-basdır etməkdən başqa bir şey deyil. “İş çoxdur, işləmək istəyən yoxdur” deyib insanları günahlandırmaq ən rahat və təhlükəsiz bəhanədir. Əslində, problem insanların istəksizliyində deyil. Problem sistemdə, iş şəraitində və perspektivsizlikdədir.
Bu vəziyyət yalnız fərdi problem deyil, cəmiyyət üçün də təhlükəlidir. İş tapmaq istəyənlərin sayı çoxdur, amma hakimiyyət onları motivasiya edəcək heç bir addım atmır. Əksinə, onları problemlərlə baş-başa buraxır.
Gənclər ümidini itirir, bacarıqlarını istifadə edə bilmir, nəticədə ölkədən çox ciddi axın başlayır. Almaniya Həkimlər Palatasının məlumatına görə, 2016-cı ildə Almaniyada işləyən azərbaycanlı həkimlərin sayı 603 nəfər, 2024-cü ildə isə 1966 nəfər olub.
“Zibili xalçanın altına süpürmək” problemləri həll etmir. Əksinə, vəziyyəti hər il daha da ağırlaşdırır. Çarə köklü islahatlardadır.
Aqil Əli Məhərrəm



