Azərbaycanda 2026-cı il mart ayının 1-nə kimi Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,3 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, işsizlərin 51,7%-ni qadınlar təşkil edir, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 460,9 manatdır.

Amma qeyri-rəsmi statistik göstəricilər ölkənin əmək bazarındakı mənzərənin daha mürəkkəb olduğunu ortaya qoyur. Müstəqil ekspertlər DSK-nın açıqladığı rəqəmin real işsizlik səviyyəsini, adətən, tam əks etdirmədiyini bildirirlər.

Qeyri-rəsmi hesablamalar

Müstəqil iqtisadçılar qeyd edirlər ki, real işsizlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur. İşsizlərin heç də böyük əksəriyyəti bürokratik çətinliklərə görə, o cümlədən Məşğulluq Agentliyi vasitəsilə uyğun iş tapmağın çətin olması səbəbindən quruma müraciət etmir.

Gizli işsizlik

Xüsusilə də kənd təsərrüfatı sahəsində çalışan və pay torpağı olan şəxslər “məşğul” hesab edilsələr də, onların böyük hissəsi faktiki olaraq stabil gəlirə malik deyil və özlərini işsiz hesab edirlər.

Sığorta ödənişi faktoru

Orta aylıq sığorta ödənişinin 460,9 manat olması müsbət hal kimi görünsə də, bu vəsaitə əlçatanlıq kriteriyaları çox sərtdir. Həmin məbləğ yalnız rəsmi əmək müqaviləsiylə çalışıb işini itirənlərə şamil olunur ki, bu da real işsizlərin çox kiçik bir hissəsini əhatə edir.

İşsizliyin səbəbləri

Müstəqil ekspertlər Azərbaycanda işsizliyin artmasına və yüksək qalmasına təsir edən bir neçə fundamental səbəbi ön plana çıxarırlar.

Struktur uyğunsuzluğu

Əmək bazarında olan təkliflə təhsil sisteminin hazırladığı kadrlar arasında ciddi uçurum var. Universitetlər hələ də iqtisadiyyatın tələb etmədiyi ixtisaslar üzrə kadr hazırlayır, texniki və rəqəmsal sahələrdə isə kəskin mütəxəssis qıtlığı var.

Neft sektorundan asılılıq və monopoliya

İqtisadiyyatın neft-qaz sektorundan asılı olması qeyri-neft sektorunda genişmiqyaslı iş yerlərinin yaradılmasını ləngidir. Müstəqil ekspertlər qeyd edirlər ki, müəyyən sahələrdəki inhisarçılıq meylləri kiçik və orta sahibkarlığın (KOB) inkişafına mane olur, halbuki inkişaf etmiş ölkələrdə məşğulluğun 70-80%-ni məhz KOB-lar təmin edir.

Kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluq

Ölkədə xeyli sayda adam rəsmi əmək müqaviləsi olmadan çalışır. Bu şəxslər işini itirdikdə nə işsiz kimi qeydiyyata düşə, nə də dövlətdən kompensasiya ala bilirlər. Ekspertlər hesab edirlər ki, xidmət və tikinti sektorunda qeyri-rəsmi məşğulluğun yüksək olması statistik məlumatların dürüstlüyünü azaldır.

Regionlararası disbalans

İş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeron yarımadasında cəmləşib. Regionlarda emal sənayesinin zəif inkişafı gənc işçi qüvvəsinin paytaxta axın etməsinə və kənd yerlərində kütləvi işsizliyə səbəb olur.

Qadın İşsizliyi: niyə 51,7%?

İşsizlərin yarıdan çoxunun qadınlar olması həm sosial, həm də iqtisadi faktorlarla bağlıdır. Ekspertlər bunu qadınların daha çox xidmət və təhsil sektorlarında çalışması, bu sahələrdə isə əməkhaqqının aşağı olması və iş yerlərinin qeyri-stabilliyi ilə izah edirlər. Həmçinin bir çox hallarda analıq məzuniyyətindən sonra qadınların yenidən əmək bazarına qayıtmasını əngəlləyən süni baryerlər mövcuddur. Uşaq dünyaya gətirmək qadınları işsiz qoya bilir.

“Politfm”