Çin Prezidenti Si Tszinpinlə İran Prezidenti Məsud Pezeşkianın görüşü; Pekin, 2 sentyabr 2025 (Foto: WANA/”Reuters”)
İran neft satışına qoyulan sanksiyalardan yayınmaq üçün Çindən aldığı malların pulunu xüsusi sistemlə ödəyib. Neft satışından əldə olunan vəsait birbaşa İrana köçürülməyib. Pul Çində saxlanılıb və İranın sifariş etdiyi mallara, eləcə də ölkədə həyata keçirilən infrastruktur layihələrinə xərclənib.
Bu barədə “Reuters”-ə iki yüksək vəzifəli İran rəsmisi və məsələdən xəbərdar olan daha üç şəxs məlumat verib. Mənbələr adlarının açıqlanmasını istəməyiblər. Onların hesablamasına görə, son bir ildə bu sistemdən 2–2,5 milyard dollar keçib.
Söhbət klassik barterdən, yəni neftin birbaşa mala dəyişdirilməsindən getmir. İran neftini alan tərəf pulunu Çindəki maliyyə qurumuna yatırıb. İran isə həmin vəsait hesabına Çin şirkətlərindən mal və xidmət alıb. Beləliklə, ödənişlər beynəlxalq bank sistemi vasitəsilə birbaşa İrana göndərilməyib.
Üç mənbənin məlumatına görə, Çinin dövlət neft şirkəti “Zhuhai Zhenrong”-un adından işləyən alıcı ən azı bu ilədək hər ay yüz milyonlarla dolları “ChuXin” adlı qurumun hesabına yatırıb. Bu pullar İran Milli Neft Şirkəti ilə əlaqəli Honkonq şirkətindən alınan neftin ödənişi olub.
“ChuXin” vəsaiti Çin ixracatçılarına və İranda infrastruktur layihələri həyata keçirən şirkətlərə yönəldib. Pulun başqa Çin maliyyə qurumları vasitəsilə göndərildiyi bildirilir.
Mənbələr deyirlər ki, “ChuXin”-in idarə etdiyi neft gəlirlərinin təxminən 70 faizi infrastruktur layihələrinə ayrılıb. Bu sistem barədə ilk dəfə ötən ilin oktyabrında “The Wall Street Journal” yazıb. Qalan vəsait isə İrana mal satan şirkətlərlə hesablaşmaq üçün xüsusi maliyyə qurumunun – SPV-nin hesablarına köçürülüb.
“Reuters”-in məlumatına görə, SPV-dəki pulları iki qurum idarə edib. Onlardan birinin Çin Ticarət Nazirliyinin adından çıxış etdiyi, digərinin isə İran Mərkəzi Bankı ilə əlaqəli olduğu bildirilir. İran Mərkəzi Bankı idxalçıya vəsaitdən istifadə icazəsi verdikdən sonra Çin tərəfi malı göndərən şirkətə ödəniş edib.
“Reuters” Çin şirkətlərinin reyestrində “ChuXin” adlı maliyyə qurumuna dair heç bir qeyd tapa bilməyib. Mənbələrdən biri bildirib ki, “ChuXin” ayrıca şirkət olmaya, yalnız maliyyə hesabatlarında istifadə edilən ad ola bilər.
Mənbələrin sözlərinə görə, sistem ən azı 2021-ci ildən işləyir. Əvvəlcə bu yolla İrana dərman və COVID-19 peyvəndləri göndərilib. Daha sonra nəqliyyat vasitələri və rabitə avadanlıqları alınıb.
Sistemdən son bir ildə azı bir dəfə milyonlarla dollarlıq hava hücumundan müdafiə avadanlığı müqaviləsi üçün də istifadə edildiyi iddia olunur. Lakin mənbələr həmin əməliyyatın təfərrüatlarını açıqlamayıblar. Hərbi avadanlıqla bağlı məlumatı “Reuters” də müstəqil şəkildə təsdiqləyə bilməyib.
Çin istehsalçılarının İranla birbaşa işlədiyini və ya sanksiyaları pozduğunu göstərən dəlil yoxdur.
“Kpler” şirkətinin məlumatına görə, Çin 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80 faizdən çoxunu alıb. Bu, gündə orta hesabla 1,4 milyon barel neft deməkdir. Mənbələr bildirirlər ki, sistem Çinin ucuz İran neftini almağa davam etməsinə, Çin banklarının və şirkətlərinin isə sanksiya riskindən qorunmasına imkan verib.
Ancaq bu mexanizmin ABŞ-nin hazırkı dəniz blokadası şəraitində işləyib-işləmədiyi məlum deyil. “Reuters” blokadanın sistemə təsirini müəyyənləşdirə bilməyib. Agentliyin əvvəlki məlumatına görə, blokada iyulun 14-də bərpa ediləndən sonra İran nefti daşıyan heç bir gəmi Hörmüz boğazından keçərək Çinə çata bilməyib.
Çin Xarici İşlər Nazirliyi “Reuters”-in təsvir etdiyi sistem barədə məlumatının olmadığını bildirib. Nazirlik qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının təsdiqləmədiyi birtərəfli sanksiyalara qarşıdır. İranın BMT-dəki nümayəndəlikləri və adı çəkilən şirkətlər isə “Reuters”-in suallarını cavablandırmayıb.
“Politfm”



