Qara dənizdə dron müharibəsi (foto:”Reuters”)
Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb. Hadisə nəticəsində iki Azərbaycan vətəndaşı həlak olub, daha ikisi yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bu barədə bu gün – sentyabrın 10-da məlumat yayıb.
Bildirilir ki, sentyabrın 9-da Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.
Nazirlik gəminin dəqiq harda hücuma məruz qaldığını və dronların hansı ölkəyə məxsus olduğunu bildirməyib. Amma Rusiya Müdafiə Nazirliyinin açıqlamasından zərbənin Odessa sahilləri yaxınlığında Rusiya dronları ilə endirildiyi anlaşılır.
Qurum sentyabrın 9-da axşam saatlarında Odessa limanında gəmiləri müşayiət edən bir yedək gəmisinin vurulduğunu bildirib. Sentyabrın 10-da səhər isə Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı iddia edilən daha iki quru yük və bir yedək gəmisinin vurulduğunu açıqlayıb.
“ASTRA” gəmi izləmə xidmətlərinə istinadən qeyd edir ki, “TEDY” Somali bayrağı altında üzən, təxminən 30 metr uzunluğunda dəniz yedək-təchizat gəmisidir. Sonuncu dəfə sentyabrın 7-də Qara dənizdə, Rumıniyanın Konstansa limanı yaxınlığında olduğu qeydə alınıb.
Azərbaycan XİN bu ilin iyununda bildirmişdi ki, Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumları nəticəsində heyətlərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb.
İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” mülki ticarət gəmisinin dron hücumuna məruz qaldığı açıqlandı. Həmin vaxt göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu məlum olmuş və onun nəşi tapılmışdı.
“Politfm”



