Foto: “Facebook”
Bu ilin ilk iki ayında 5 mindən çox şagird intizam tədbirinə cəlb olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə belə deyib (APA).
O bildirib ki, yanvar və fevral aylarında ölkənin ümumtəhsil məktəblərində verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub.
2024-cü ildən etibarən tətbiq edilən bu sistem məktəblərdə intizamın idarə olunmasını daha nizamlı, ölçülə bilən çərçivəyə salmaq məqsədi daşıyır, amma onun effektivliyi təkcə təqdim olunan kart saylarıyla qiymətləndirilə bilməz.
Açıqlanmış rəqəmlər ilk baxışda optimizm yaradır. Qısa müddət ərzində on minlərlə “yaşıl kart”ın verilməsi göstərir ki, məktəblər davranışın yalnız cəzalarla yox, həm də mükafatlandırma yoluyla tənzimlənməsinə çalışır. Bu, klassik inzibati-intizam modelindən fərqli olaraq daha müasir pedaqoji yanaşmaya – davranışın pozitiv gücləndirilməsi prinsipinə uyğun gəlir.
Eyni zamanda, sarı və qırmızı kartların sayının ayrıca uçota alınması məktəbdaxili problemlərin artıq statistik olaraq izlənə bilindiyini göstərir. Bu, əvvəlki dövrlə müqayisədə ciddi dəyişiklikdir: əvvəllər intizam pozuntuları əsasən lokal və qeyri-formal şəkildə həll olunurdu, indi isə onlar sistem səviyyəsində görünür.
Problemin görünməyən tərəfi
Amma “görünən problem” hələ “həll olunan problem” demək deyil. Bəzi hallarda bu cür sistemlər sadəcə problemləri rəqəmləşdirir, onların səbəblərinə toxunmur.
Məsələn, qırmızı kartların sayı minlərlə ölçülürsə, bu, ya məktəblərdə intizam problemlərinin həqiqətən geniş yayıldığını və ya sistemin həddindən artıq formal xarakter daşıdığını, ya da geniş tətbiq olunduğunu göstərə bilər. Bu iki ehtimaldan hansının daha real olduğunu müəyyən etmək üçün əlavə göstəricilər – məktəbdaxili zorakılıq halları, dərsə davamiyyət, psixoloq müdaxilələrinin nəticələri və s. lazımdır. Hazırda bununla bağlı açıq və müqayisəli statistika, demək olar ki, yoxdur.
Dolayı göstəricilərdən biri budur ki, qırmızı kartların sayı minlərlədir. Əgər sistem davranışı effektiv şəkildə korreksiya etsəydi, zamanla bu göstəricinin azalması gözlənilərdi. Hazırda isə belə bir trendin olub-olmaması barədə açıq məlumat yoxdur. Bu o deməkdir ki, sistemin nəticələri ya stabil deyil, ya da davamlı şəkildə analiz edilmir.
Digər mühüm məsələ müəllim faktorudur. Kart sisteminin nəzəri üstünlüyü onun standartlaşdırma iddiasıdır, amma praktikada qiymətləndirmə yenə də müəllimin subyektiv qərarına bağlı qalır. Eyni davranış bir məktəbdə sarı kart, digərində isə qırmızı kartla nəticələnə bilər. Bu isə sistemin vahid tətbiqini sual altına qoyur və onun effektivliyini zəiflədir. Əgər vahid metodologiya və nəzarət mexanizmi güclü deyilsə, kartlar sadəcə “etiket” funksiyası daşımağa başlayır.
Məsələnin psixoloji aspekti də diqqətdən kənarda qalmamalıdır. Qırmızı kartların tez-tez tətbiq edilməsi bəzi şagirdlərdə “damğalanma” effekti yarada bilər. Bu isə məktəbdən uzaqlaşmaya və ya aqressiyanın artmasına gətirib çıxara bilər. Müasir təhsil yanaşmalarında intizam tədbirləri yalnız qeydiyyat və cəzayla yox, psixoloji və sosial dəstək mexanizmləriylə də müşayiət olunmalıdır. Əks halda sistem formallaşır və effektivliyini itirir.
Faydalı, amma həm də faydasız?
Mövcud modelin tamamilə faydasız olduğunu demək düzgün olmazdı. Ən azı məktəblərdə baş verənlər “ölçülə bilən” hala gətirilib və bu, gələcək islahatlar üçün baza rolunu oynaya bilər. Əgər məlumatlar dərin təhlil olunursa, problemli məktəblər və ya regionlar müəyyən edilirsə və hədəfli müdaxilələr həyata keçirilirsə, sistem real nəticə verə bilər. Amma belə analitik yanaşmanın olub-olmaması barədə açıq məlumatlar yoxdur.
Sistemin effektivliyini qiymətləndirmək üçün ilk növbədə bu suala cavab verilməlidir: bu mexanizm real olaraq məktəbdaxili zorakılığı, dərs pozuntularını və ümumi intizam problemlərini azaldırmı, yoxsa sadəcə onları qeydə alır?
Rəsmi qurumlar, o cümlədən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi kartların sayını açıqlasa da, nəticələri ölçən uzunmüddətli müqayisəli göstəricilər i(məsələn, zorakılıq və aqressiyanın azalması faizi, dərsə davamiyyətin artımı və s.) təqdim etmir. Bu, effektivlik analizini məhdudlaşdıran əsas boşluqdur.
Beynəlxalq praktikayla müqayisə bu məsələdə daha aydın mənzərə yaradır. Oxşar sistemlər ABŞ və Avropa məktəblərində tətbiq olunur. Amma onlar effektivliyi yalnız kart və ya bal sistemiylə tənzimləmirlər, paralel olaraq bu metodlardan da istifadə edirlər:
• məktəb psixoloqlarının aktiv iştirakı;
• valideynlərlə sistemli iş;
• fərdi davranış planları;
• məktəb mühitinin ümumi transformasiyası və sairə.
Bu komponentlərin olmaması kart sisteminin effektivliyini məhdudlaşdırar.
Azərbaycanda əsas problem məhz buradadır: kart sistemi var, amma onu tamamlayan institusional mexanizmlər (xüsusilə psixoloji xidmətlərin real gücü və davamlılığı) tam inkişaf etməyib. Bu isə effektivliyi məhdudlaşdırır.
Sistem daha çox monitorinq vasitəsi kimi işləyir, transformasiya aləti funksiyasına isə hələ tam keçməyib. Bu keçid üçünsə pedaqoji və psixoloji infrastrukturlar gücləndirilməlidir.
Təhsil eksperti Məzahir Məmmədli hələ 2024-cü ildə “Cebheinfo.az” saytına açıqlamasında demişdi ki, məktəblərdə sistemdən narazılıqlar var, bildirilir ki, bu, müəllimlər üçün əlavə işdən başqa bir şey deyil, yəni effekti yoxdur.
Əlbəttə, kart sistemi intizamın idarə olunmasında müəyyən institusional irəliləyişdir, amma daha çox “nə baş verdiyini qeyd edir”, “niyə baş verdiyini və necə dəyişdirmək lazım olduğunu” həll edən mərhələyə keçməyib. Bu keçid baş vermədikcə, kartların sayı artacaq, keyfiyyət dəyişikliklərinin miqyası isə məhdud qalacaq.
“Politfm”



