Foto: TASS



Tankların sayı, döyüş təyyarələri parkı və səfərbər edilə bilən canlı qüvvənin həcmi – bir zamanlar orduların gücü bu göstəricilərlə ölçülürdü. Çünki XX əsrin klassik müharibə modeli kütləvi səfərbərlik və ağır zirehli texnika üzərində qurulmuşdu. Amma 2026-cı ilin reallığı – Ukrayna cəbhəsindən tutumuş Hörmüz boğazına qədər olan vəziyyət göstərir ki, müasir müharibələrdə qaydalar kökündən dəyişib.

 

Bu gün qələbə artıq tank diviziyalarının sayında yox, rəqəmsal asimmetriya, iqtisadi səmərəlilik və texnoloji adaptasiya kimi amillərdən asılıdır.

Döyüş meydanlarının “şəffaflığı” 

Müasir döyüş zonasında gizlənmək artıq, demək olar ki, mümkün deyil. FPV kamikadze dronları, kəşfiyyat PUA-ları və “Starlink” kimi sistemlərdən dəstək alan aşağı orbitli peyk qrupları döyüş meydanını real vaxt rejimində tam şəffaf hala gətirib.

Komuflyaj və gizli manevrlər kimi klassik taktikalarının yerini siqnal intizamı və elektron mübarizə tutub. Hərəkət edən böyük ölçülü bütün metal obyektlər sensorlar tərəfindən sürətlə aşkarlanır və qısa müddət ərzində hədəfə çevrilir. Bu, müasir müharibələrin artıq formalaşmış reallığıdır: görünən hər şey yüksək risk altındadır.

Ucuz hücum, bahalı müdafiə

Müharibələrin iqtisadi modeli də tamamilə dəyişib. Bu gün təxminən 400–1000 dollar dəyərində olan FPV dronları 6–10 milyon dollar və daha artıq dəyərə malik bir tankı sıradan çıxara bilir. 100 ədəd ucuz FPV-nin ümumi dəyəri təxminən 50-100 min dollar təşkil edir. Bu dronları vurmaq üçün istifadə olunan bəzi HHM raketlərinin qiyməti isə milyonlarla dollar dəyərindədir.

Bu vəziyyət “müdafiəni doydurma” taktikasını önə çıxarıb. İran və ona dəstək verən proksi-qruplar bahalı müdafiə sistemlərini məhz buna görə çoxsaylı ucuz dron və raket hücumlarıyla “yükləyirlər”. Mövcud reallıqda artıq ən güclü ordu yox, ən səmərəli modelə sahib ordu üstünlük qazanır.

Adaptasiya yarışı 

Ukrayna təcrübəsi göstərir ki, bir dronun proqram təminatı rəqibin radio-elektron mübarizə sistemlərinə qarşı bəzən cəmi 2–4 həftə effektiv ola bilir. Bu, müharibəni sadəcə sursat yarışından çıxarıb proqramlaşdırma və sürətli yenilənmə yarışına çevirib.

Rəsmi və açıq mənbələrə görə, Ukraynanın dron istehsalı son illərdə kəskin artıb. 2025-ci ildə ölkənin müdafiə sənayesi təxminən 4,5 milyon dron istehsal edib, 2026-cı ildə isə illik FPV istehsalı gücü 8 milyonu keçib. Ölkədə bu işlə160-dan çox şirkətin məşğul olması dron istehsalı sektorunun artıq təkcə hərbi yox, həm də sənaye-ekosistem səviyyəsinə yüksəldiyini göstərir.Başqa sözlə, müasir müharibələrdə sənaye miqyasında iterasiya alqoritmləri (kütləvi istehsal) həlledici rol oynayır.

Süni intellektin artan rolu

Əvvəllər dron zərbəsinin uğuru əsasən operatorun bacarığından və siqnal keyfiyyətindən asılı idisə, indi avtonom sistemlərin rolu önə çıxır. Radio əlaqə kəsilsə belə, dronun proqramındakı süni intellekt görüntünü emal edərək hədəfi tanıyır və zərbəni avtonom şəkildə tamamlaya bilir.
Bu tendensiya insan itkilərini azaldır, amma müharibənin etik və hüquqi aspektləriylə bağlı ciddi suallar doğurur. Çünki qərarvermə prosesinin bir hissəsi artıq alqoritmlərə ötürülür.

Böyüyən sektor: qlobal dron bazarı

Qlobal bazarda hərbi dron istehsalı sürətlə böyüyür. Bəzi hesabatlarda bu sektorun 2025-ci ildəki həcmi 47,38 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib. Ehtimal olunur ki, 2033-cü ilə qədər bu bazar 98,24 milyard dollar səviyyəsinə çatacaq.

Bu artım yalnız hərbi sifarişlərin çoxalmasıyla əlaqəli deyil. Süni intellekt, avtonom idarəetmə, sensor texnologiyaları və sürü sistemlərinin inkişafı dronları gələcəyin əsas döyüş alətlərindən birinə çevirir. Onlar artıq yalnız taktiki vasitə deyil, həm də dövlətlərin iqtisadi və texnoloji gücünü müəyyən edən strateji sənaye sahəsidir.

Azərbaycan təcrübəsi

İkinci Qarabağ müharibəsində dronlardan sistemli istifadə etməklə müasir müharibənin döyüş taktikasında əsaslı dönüş və ciddi nümunə yaratmış Azərbaycan indi yeni mərhələyə qədəm qoyur. Artıq sadəcə dron tədarük etmək kifayət etmir.

Əsas vəzifə bu texnologiyaları milli proqram təminatı, sürü idarəetmə sistemləri və inteqrasiya olunmuş komanda-qərar qəbuletmə mexanizmləri ilə birləşdirməkdir.

Müasir müharibələrin təcrübəsi göstərir ki, gələcəyin ordusu üçün əsas prioritetlər bunlar olmalıdır:

– tank və ağır texnikanın sayını artırmaq əvəzinə sensor şəbəkəsinin sıxlığını genişləndirmək;
– mövcud ağır texnikanı aktiv müdafiə sistemləri və mobil elektron mübarizə vasitələri ilə gücləndirmək;
– “böyük, bahalı və az” modelindən “kiçik, ucuz və çox” modelinə keçmək;
– yerli startaplarla müdafiə sənayesi arasında sürətli innovasiya əməkdaşlığı qurmaq.

Poladın yeni rolu

Doğrudur, tankların dövrü hələ tam bitməyib, amma onların müharibənin mərkəzində olduğu mərhələ artıq arxada qalır. Bu gün tanklar yalnız güclü hava üstünlüyü, geniş sensor şəbəkəsi və elektron müdafiə çətiri altında effektiv ola bilir.

Artıq döyüş meydanındakı qələbə zirehin qalınlığından, polad və barıtın bolluğundan asılı deyil. İndi üstünlük ən sürətli alqoritmdə, ən ucuz və effektiv həllərdə, ən çevik adaptasiya qabiliyyətindədir. Qələbəni təmin edən əsas amillər kod, sensor və iqtisadi səmərəlilikdir.

 

“Politfm”