Çin və Yaponiya arasındakı münasibətlər son onilliyin ən kritik və təhlükəli mərhələsinə qədəm qoyub. Regionun bu iki güclü dövləti arasında iqtisadi asılılıq davam etsə də, siyasi və hərbi sahədə “soyuq müharibə” ritorikası artıq real qarşıdurma riskləriylə əvəzlənir.
Köhnə-təzə düşmənlər
Onilliklər boyu Çin-Yaponiya gərginliyi İkinci dünya müharibəsinin mirası və Yaponiyanın keçmiş hərbi cinayətlərindən qaynaqlanıb. Amma bu gün vəziyyət fərqlidir. Pekin üçün Yaponiya artıq “tarixi düşmən” yox, ABŞ-ın regiondakı ən böyük “hərbi forpostu”dur. Tokio üçünsə Çin artıq sadəcə böyük bir bazar deyil, Yaponiyanın suverenliyinə və dəniz yollarına birbaşa təhlükə yaradan ekspansiv gücdür.
Gərginliyin ən strateji səbəbi Yaponiyanın Tayvan boğazında baş verə biləcək münaqişəyə (Çinin Tayvanı geri qaytarmaq üçün başlada biləcəyi müharibəyə) münasibətidir. Baş nazir Sanae Takaiçinin (Sanae Takaichi) “Tayvanda baş verəcək hər hansı fövqəladə hal Yaponiya üçün egzistensial təhdiddir” bəyanatı münasibətləri az qala qırılma nöqtəsinə gətirib. Çünki “Tayvan məsələsi” Çinin qırmızı xəttidir, Tayvanı öz ərazisi hesab edir və bu ölkənin müstəqilliyilə bağlı bütün iddiaları qətiyyətlə rədd edir. Ona görə də Pekin Takaiçinin sözlərini öz daxili işlərinə birbaşa müdaxilə və post-müharibə (İkinci dünya müharibəsi sonrası) nizamına meydan oxumaq kimi qiymətləndirilir.
Hərçənd Yaponiyanın narahatlığı əsassız deyil, çünki ölkə enerji ehtiyatlarının 90%-ni Tayvan ətrafındakı sulardan daşıyır – boğazın Çinin tam nəzarətinə keçməsi Yaponiyanın “boğazının” sıxılması deməkdir. Bundan başqa, Çin Tayvanı ilhaq edəcəyi halda Yaponiyanın cənub adaları (Okinava daxil olmaqla) birbaşa Çin raketlərinin və donanmasının hədəfinə çevrilmiş olur. Ona görə də son illərdə Yaponiyanın hərbi doktrinası “Tayvanın təhlükəsizliyi Yaponiyanın təhlükəsizliyidir” tezisinə əsaslanır.
İqtisadi müharibə
Əvvəlki illərdə bu iki ölkə arasındakı iqtisadi asılılıq müharibənin qarşısını alan bir “yastıq” rolunu oynayırdısa, indi iqtisadiyyatın özü bir silaha çevrilib.
Çinlə ticarət dövriyyəsi 320 milyard dollardan çox olan, bu ölkədən texnologiyalarından və xammalından asılılığı davam edən Tokio “İqtisadi təhlükəsizlik aktı” vasitəsilə risklərin azaldılması siyasəti yürüdür, kritik komponentlərin istehsalını Çindən Cənub-Şərqi Asiyaya qaytarmağa çalışır.
Pekinsə Yaponiyaya həm mülki, həm hərbi məqsədli texnologiyaların və nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Həm bu məhdudiyyətlər, həm də Çinin tətbiq etdiyi iqtisadi sanksiyalar Yaponiya şirkətləri üçün artıq “xəbərdarlıq” mərhələsini keçərək real böhrana çevrilib.
Çinin Ticarət Nazirliyi 2026-cı ilin yanvarından etibarən Yaponiyaya çoxtəyinatlı texnologiya və materialların ixracına sərt nəzarət tətbiq edib. Məhdudiyyətlər hərbi potensialı da olan (məsələn, dron hissələri, yüksək dəqiqlikli optika) mülki məhsulları əhatə edir.
Bu qərar Yaponiyanın aerokosmik və elektronika şirkətlərinin (“Mitsubishi Heavy Industries”, NEC) tədarük zəncirində qəfil qırılmalara səbəb olub. Ekspertlərin hesablamalarına görə, Yaponiyanın Çindən idxal etdiyi malların təxminən 40%-i çoxtəyinatlı məhsul hesab oluna bilər.
Strateji asılılıq
Yaponiya nadir torpaq elementlərinin (neodim, disprozium və s.) 60%-ni Çindən idxal edir. Bu metallar elektrikli avtomobillərin mühərrikləri və külək turbinləri üçün olduqca vacib elementlərdir.
Artıq “Toyota”, “Honda” və “Nissan” kimi avtomobil nəhəngləri istehsal xərclərinin artması və tədarük gecikmələriylə üzləşiblər. Çin lisenziyalaşdırma bürokratiyası vasitəsilə ilin əvvəlindən etibarən həmin metalların Yaponiyaya çatmasını həftələrlə gecikdirir, bu isə istehsal xətlərinin dayanması riskini yaradır.
2025-ci ilin sonlarında isə Pekin Yaponiyanın dəniz məhsullarına qoyduğu qadağanı yenidən sərtləşdirib. Bu, əsasən kiçik və orta sahibkarlığa zərbə vursa da, Yaponiyanın ümumi qida ixracatının 40%-dən çoxunun bazardan kənarda qalması deməkdir. Yaponiya satışı Cənubi Asiya və ABŞ-yə yönəltməklə Çinin mənfi təsirini azaltmağa çalışır.
Rəsmi sanksiyalardan əlavə, Çin gömrüklərində Yaponiya mallarına qarşı texniki maneələr də artırılıb, Çində yapon brendlərinə qarşı millətçi boykot kampaniyaları aparılır. Yaponiyanın bəzi şirkətlərinin (“Uniqlo”, “Panasonic”) Çin bazarındakı payı azalıb.
Nəticədə yapon fabriklərinin Vyetnam, Hindistan və Taylanda köçürülməsi sürətlənib. Pekin nadir torpaq elementləri üçün Avstraliya və Qazaxıstanla yeni strateji tərəfdaşlıqlar qurur, kritik komponentlərin (məsələn, yarımkeçiricilərin) Yaponiyada istehsalı üçün milyardlarla dollar subsidiya ayırır.
Diplomatiyanın “boz zona”sı
2025-ci ildə Çinin sahil mühafizə gəmiləri rekord müddətdə – fasiləsiz olaraq 335 gün Senkaku adaları ətrafındakı mübahisəli sularda dayanıb. Şərqi Çin dənizindəki bu kimsəsiz adalar uğrunda mübarizə artıq sadəcə ərazi deyil, həm də suverenlik simvoluna çevrilib. Çin “boz zona” taktikasından istifadə edərək qeyri-hərbi vasitələrlə (balıqçı gəmiləri, sahil mühafizəsi) Yaponiyanın əraziyə faktiki nəzarətini sarsıtmağa çalışır.
Amma Yaponiyanın pasifizmdən uzaqlaşıb aktiv müdafiəyə keçməsi regionda qüvvələr nisbətini dəyişir. Tokio müdafiə büdcəsi ÜDM-in 2%-nə çatdırıb və əks-zərbə endirmə qabiliyyətinə malik raket arsenalı yaradır. Bunu ABŞ-nin Çini mühasirəyə almaq strategiyasının bir hissəsi hesab edən Pekin Tokionun siyasətini “yapon militarizminin reinkarnasiyası” adlandıraraq ölkə daxilində millətçiliyi alovlandırmağa çalışır.
Hazırda tərəflər arasında yüksək səviyyəli dialoq kanalları açıq olsa da, onlardan problemləri həll etmək” üçün yox, böhranı idarə etmək (təsadüfi toqquşmanın qarşısını almaq) üçün istifadə olunur. Münasibətlər “soyuq sülh” mərhələsindədir – tərəflər həm bir-birilə alver edir, həm də hər an baş verə biləcək hərbi toqquşmaya hazırlaşırlar.
Bu baxımdan yaxın perspektivdə Çin-Yaponiya münasibətlərində “bahar havası” yaranacağı ehtimalı azdır. Regional liderlik uğrunda mübarizə, ABŞ-nin Asiyadakı rolu və dəniz suverenliyi məsələləri bu iki dövləti strateji rəqib mövqeyində saxlayacaq. İndi əsas sual toqquşmanın olub-olmayacağı yox, konfliktin idarəolunan səviyyədə nə qədər qalacağıdır.
“Politfm”



