Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana dair 2026-cı il proqnozlarını açıqlayıb. Sənəddə qeyd olunur ki, 2026-cı ildə “Neft hasilatının azalması səbəbindən ticarət profisitinin azalacağı və xarici mövqeyin zəifləyəcəyi gözlənilir”.
Amma BVF cari hesab balansının 2026–2027-ci illərdə də müsbət qalacağını proqnozlaşdırır. Bildirilir ki, Mərkəzi Bank və ARDNF-nin ehtiyatları artmağa davam edəcək, ancaq bu artım daha yavaş templə gedəcək. Eyni zamanda, risklər ümumən balanslaşdırılsa da, xarici qeyri-müəyyənliklər hələ də yüksək olaraq qalır.
Fondun mütəxəssisləri tövsiyə edirlər ki, dövlət müəssisələrinin rentabelliyi artırılmalı, subsidiyalar azaldılmalı və vergi güzəştlərinə yenidən baxılmalıdır. BVF hesab edir ki, hökumətin əsas prioriteti güzəştləri optimallaşdırmaq və vergi inzibatçılığını gücləndirmək olmalıdır.
Vergi güzəştlərinin ləğvi kimlərin cibini boşaldacaq?
Azərbaycan hökuməti illərdir ki, qeyri-neft sektorunu stimullaşdırmaq üçün geniş güzəştlər paketi tətbiq edir. Amma çox vaxt bu güzəştlər büdcə itkilərinə səbəb olur, investisiyaların cəlb edilməsi prosesi isə “yerində sayır”.
Fondun bu tövsiyəsini reallaşdırmaq hökuməti iki çətin seçim qarşısında qoyur: sosial güzəştləri qorumaqmı, korporativ güzəştləri azaltmaqmı?
Birinci variant – fiziki şəxslərin gəlir vergisinə aid güzəştlərin ləğvi real gəlirləri azalda bilər, bu isə real inflyasiya fonunda əhalinin alıcılıq qabiliyyətini daha da zəiflədər. İdxal olunan ərzaq və dərman vasitələrinə tətbiq edilən müəyyən ƏDV güzəştlərinin ləğvi isə onsuz da yüksək olan real inflyasiyanı daha da stimullaşdıra bilər.
Uzun illərdir ki, “təşviq” edilən, ancaq hələ də rentabelli olmayan qeyri-neft müəssisələrinin vergi yükünün artırılması variantı isə “zombi” şirkətlərin sıradan çıxmasına və sağlam rəqabətin yaranmasına şərait yaradar.
BVF qeyd edir ki, “Karbohidrogen hasilatı azaldığına və qiymətlər endiyinə görə qeyri-neft sektorunda da artım yavaşlayıb, real ÜDM 2024-cü ildəki 4,2 faizdən 1,4 faizə enib”. Buna baxmayaraq BVF 2026-cı ildə qeyri-neft sektorunda 3,7%-lik artım olacağını proqnozlaşdırır.
Fond maliyyə resurslarını özəl sektora yönəltmyi tövsiyə edir. Sənəddə qeyd olunur ki, sahibkarların bu resurslara çıxışını artırmaq üçün kapital bazarlarını dərinləşdirmək, insan kapitalına investisiyalar vasitəsilə əmək məhsuldarlığını artırmaq və əmək bazarının qeyri-rəsmi fəaliyyətini aradan qaldırmaq lazımdır.
Azərbaycan hökuməti, adətən, BVF-nin makro-iqtisadi stabilliklə bağlı tövsiyələrini (məsələn, valyuta ehtiyatlarının artırılmasını) icra edir, amma struktur islahatları məsələsində (iri dövlət müəssisələrinə subsidiyaların kəsilməsi, onların özəlləşdirilməsi) daha mühafizəkar davranır. Halbuki AZAL, “Azərenerji”, “Azərsu” kimi nəhənglərin hələ də dövlət büdcəsindən subsidiya almaları büdcənin çevikliyini azaldır.
İnhisarçılığa niyə son qoyulmur?
İnhisarçılıq Azərbaycanda sadəcə iqtisadi yox, həm də struktur problemidir. BVF-nin “bazara çıxışın asanlaşdırılması” tövsiyəsi kağız üzərində asan görünür, amma realda vəziyyət xeyli mürəkkəbdir.
Məsələn, ərzaq və dərman bazarında qiyməti müəyyən edən 3-5 iri şirkətin olması rəqabəti sıfırlayır. Rəqabət Məcləssi qəbul edilsə də, vəzifəli sahibkarların maraqlarına toxunduğu üçün tətbiqi ləngiyir.
Üstəlik, subsidiyalar əsasən iri aqro-holdinqlərə və dövlət müəssisələrinə verilir. Kiçik və orta biznes (KOB) isə maliyyə resurslarına çıxış tapa bilmir.
BVF-nin vergi güzəştlərini ləğv etmək tövsiyəsini də hökumət çox vaxt KOB-lara şamil edir, onlara tətbiq edilən sadələşdirilmiş vergini və ya digər güzəştləri hədəf alır. Bu isə kiçik biznesin rəqabətə davam gətirməyib “ölməsi” ilə nəticələnir.
Hökumətin radikal islahatlara getməməsinin arxasında bir neçə faktor dayanır:
– status-kvo maraqları – mövcud inhisarçı sistem müəyyən qrupların gəlirlərini təmin edir, islahat bu gəlirlərin azalması deməkdir;
– sosial risk qorxusu: KOB-lara dəstək və subsidiyaların ünvanlı dəyişdirilməsi bazarın “silkələnməsi” riskini yaradır;
– inzibati resurs: inhisarçılığa qarşı mübarizə üçün güclü və müstəqil məhkəmə sistemi lazımdır, bu isə hazırkı idarəetmə modelində prioritet görünmür.
Böyük ehtimal, bu il hökumət vergi inzibatçılığını (rəqəmsal nəzarəti) daha da sərtləşdirəcək, subsidiyaları isə yalnız “kosmetik” səviyyədə azaldacaq. Çünki iri dövlət müəssisələrinin tam rentabelli olması üçün tətbiq ediləcək qiymət artımı inflyasiyanın BVF-nin proqnozlaşdırdığı 5,2%-lik həddi keçməsinə səbəb olar. Eyni zamanda, həmin şirkətlərə maliyyə yardımının azalması xidmət tariflərinin (işıq, su, nəqliyyat) qalxması riskini də bərabərində gətirir.
Rəsmi və real inflyasiya: rəqəmlər niyə fərqlidir?
BVF-nin hesabatında 2026-cı il üçün orta illik inflyasiya 5,2% proqnozlaşdırılır. Amma istehlakçıların gündəlik həyatda hiss etdiyi real inflyasiya çox vaxt bu rəqəmdən yüksək olur.
Bunun bir neçə səbəbi var.
Birincisi istehlak səbətinin strukturudur. Rəsmi inflyasiya 500-dən çox mal və xidmət üzrə hesablanır. Ancaq əhalinin, xüsusilə də az təminatlı təbəqənin xərclərinin 50-60%-ni ərzaq məhsulları təşkil edir. Ərzaq inflyasiyası isə, adətən, ümumi inflyasiyadan 2-3 dəfə yüksək sürətlə artır.
İkinci səbəb idxal inflyasiyasıdır. Azərbaycanın istehlak bazarının idxaldan asılılığı (xüsusilə kənd təsərrüfatı texnikası, toxum və bəzi qida növləri) xarici bazarlardakı qiymət artımını birbaşa daxili bazara daşıyır.
Üçüncüsü inhisarçılıqdır. BVF-nin “bazara çıxış” tövsiyəsi həm də rəqabətin zəifliyinə işarədir. Rəqabət olmayan mühitdə sahibkarlar xərcləri asanlıqla son qiymətə əlavə edə bilirlər.
2025-ci ilin yekunlarına dair rəsmi inflaysiya göstəriciləri bunu çox aydın nümayiş etdirir.
Ümumi inflyasiya göstəriciləri:
1) orta illik inflyasiya – 5,6%;
2) illik inflyasiya (2024-cü ilin dekabrına nisbətən) – 5,2%;
3) baza inflyasiya (mövsümi və tənzimlənən qiymətlər çıxılmaqla) – 4,8%.
Sektorlar üzrə qiymət artımı:
1) ərzaq məhsulları, içkilər və tütün məmulatları – 6,8% (ən yüksək artım);
2) qeyri-ərzaq məhsulları – 2,5% (nisbətən stabil);
3) əhaliyə göstərilmiş ödənişli xidmətlər – 6,5% (kəskin artım).
Ən çox bahalaşan məhsul qrupları:
1) ərzaq – mal əti, balıq məhsulları, süd və süd məhsulları (pendir, kəsmik, xama), yumurta, kərə yağı, qarabaşaq və manna yarması;
2) meyvə-tərəvəz – pomidor, xiyar, kartof, soğan, qoz və fındıq;
3) qeyri-ərzaq məhsulları – geyim və ayaqqabı, zərgərlik məmulatları, şəxsi gigiyena vasitələri;
4) dərmanlar.
Dövlət Statistika Komitəsi (DSK) dərmanların qiymətini Tarif Şurasının təsdiqlədiyi maksimum hədlə hesablayır, reallıqda isə vəziyyət başqadır. Apteklərdə ucuz dərmanların yoxa çıxması və onları əvəz edən daha baha analoqların gətirilməsi rəsmi statistikada bahalaşma kimi yox, “yeni məhsul” kimi qeydə alınır.
Bioaktiv əlavələrin – Tarif Şurası tərəfindən tənzimlənməyən, dərman kimi istifadə olunan bir çox vitamin və əlavələrin qiyməti isə son bir ildə 20-40% artıb. Amma rəsmi statistika bunu “dərman inflyasiyası” bəndinə daxil etmir.
Ucuzlaşan məhsullar:
1) ərzaq məhsulları – limon, portağal, naringi, banan, kivi və bəzi mövsümi göyərtilər;
2) qeyri-ərzaq məhsulları – tikinti materialları (taxta, sement), bəzi məişət cihazları və planşetlər.
Adətən, rəsmi rəqəmlər (məsələn, 6,8%) orta statistik qiyməti göstərir. İstehlakçıların hiss etdiyi 15-20%-lik artımsa konkret səbəblərdən qaynaqlanır. Məsələn, qiymət eyni qalsa da, məhsulun çəkisi azaldılır. Statistika bunu “vahid qiymət” kimi görür, istehlakçı isə cibindən daha çox pul çıxdığını hiss edir.
Azərbaycanda inflyasiya səbəti 500-dən çox məhsulu əhatə edir, amma istehlakçı hər gün planşet və ya mebel almır. O, hər gün çörək, ət və yağ alır. Bu 10-15 strateji məhsuldakı artım ümumi səbətin içində “əriyir”, ailə büdcəsində isə “yanğın” yaradır.
Bəs niyə hökumət inflyasiya statistikasını kiçildir?
İlk növbədə ona görə ki, pensiyaların, müavinətlərin və minimum əməkhaqqının indeksasiyası (artırılması) rəsmi inflyasiya rəqəminə bağlanır. Real inflyasiya (məsələn, 15%) qəbul edilsə, dövlətin sosial xərcləri kəskin artar.
Hökumət rəqəmləri beynəlxalq reytinq agentliklərinə görə kiçildir, çünki aşağı inflyasiya göstəricisi həm də makroiqtisadi sabitlik göstəricisidir.
Buna realda nail olmaq üçünsə real sektoru (kənd təsərrüfatı, tranzit, İT) canlandırmaq və ağır yükə çevrilmiş dövlət müəssisələrində islahatlar aparmaq lazımdır. Çünki BVF-nin də qeyd etdiyi kimi, neft hasilatındakı dəyişkənlik və xarici faktorlar iqtisadi perspektivlər üçün risk olaraq qalmaqdadır və struktur islahatları artıq seçim yox, zərurətdir.
“Politfm”



