Azərbaycanın müxtəlif ölkələrdə xeyriyyə işləri görməsi əslində təzə xəbər deyil. Bu marafonlar Fransanın yollarından tutmuş, Vatikan xarabalıqlarının abadlaşdırılmasına, Həştərxanda bağça tikməkdən tutmuş, Serbiyada abidələrin təmirinə qədər böyük bir coğrafiyanı əhatə edir. Belə “yaxşılıq’’ tədbirləri təhsil sahəsini də əhatə edir. Məsələn, Afrikada təhsilin inkişafına 100 milyon dollar, Ruanda məktəblərinə 1000 ədəd kompüter hədiyyə edilmişdi. Bugünlərdə isə məlum oldu ki, Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək, 100 məktəbi əsaslı təmir edəcək.

Hökumət sözçüləri bunu məsələni belə şərh ediblər ki, “Suriyaya qardaş dəstəyi göstəririk, gələcək nəsillərin savadlı yetişməsinə töhfə veririk, humanizm nümayiş etdiririk” və.s

Təcrübə göstərir ki, Azərbaycan hökumətinin ölkə xaricində həyata keçirdiyi xeyriyyə tədbirləri bir qayda olaraq hökumətin şəxsi maraqlarının təminatı kimi ortaya çıxır. Heç bir xeyriyyəçilik tədbiri dövlət mənafeyinin ifadəsi kimi zühur etməyib. Hər dəfə məlum olub ki, bu “humanizmin” qarşılığı kimi Azərbaycandakı neqativ halların gizlədilməsi, hakimiyyət zirvəsinin mədh edilməsi, hansısa ölkədə Heydər Əliyevin heykəlinin ucaldılması, konkret şəxslər üçün biznes imkanlarının yaradılması təmin olunub.
Digər tərəfdən ölkədə təhsilə, elmə, sağlam nəsillərin yetişməsinə ögey münasibət göstərib, dünya ölkələrində təhsilin inkişafına töhfə vermək siyasəti ziddiyyətli və qeyri-səmimidir.

Azərbaycanın təhsil strategiyasında nələr var?

Heç kimə sirr deyil ki, Azərbaycanda orta təhsil formal xarakter daşıyır, öz funksiyasını yerinə yetirmir. Faktiki olaraq məktəb repetitorluğa məğlub olub. Dərsliklərin səviyyəsi o qədər pisdir ki, şagirddən hər fənn üzrə əlavə kitablar almaq tələb olunur. Eyni zamanda ölkədə 100-lərlə əsaslı təmirə ehtiyacı olan məktəb var. Şagird sayı baxımından ciddi sıxlıq var ki, bu da keyfiyyətli tədrisə imkan vermir. Təhsildəki korrupsiya, savadlı kadrların azlığı, əyalətlərdə müəllim çatışmazlığı da ayrıca bir problemdir.

Başqa bir problem ölkədən beyin axını, ali məktəblərdə təhsil haqqının yüksək qiymətləri, şagirdlər, tələbələr üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməməsidir. Xatırladaq ki, 2014-2019-cu illlərdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymalı olmuşdu.
Bütün bunlar onu deməyə əsas verir ki, dövlətin prioritetləri arasında məktəblərdəki vəziyyəti dünya standartlarına uyğunlaşdırmaq proqramları yoxdur.

İnkişaf etmiş ölkələrdə təhsilə münasibət necədir?

Qərb modelində (ABŞ, Böyük Britaniya, Kanada) təhsil siyasəti tənqidi təfəkkürə və fərdi istedadların üzə çıxarılmasına fokuslanır. Əsas diqqət yaradıcılıq və praktiki bacarıqların inkişafına yönəlir. “Oxford”, “Harvard” və MIT kimi universitetlər 2026-cı il reytinqlərində də ilk sıralardakı yerini qoruyur.

ABŞ

ABŞ-da təhsil daha çox fərdiyyətçi olduğu halda, Kanadada inklüzivlik və hamı üçün bərabər imkanlar ön plandadır.
Bu ölkələrdə təhsilin inkişafına, elmi ixtiralara, ixtisaslı kadrların yetişməsinə yüzmilyardlarla vəsait sərf edilir. Məsələn, “Harvard”ın büdcəsi 30 milyard dollardan çoxdur.

Kanada

Tədris proqramlarının təcrübəylə sıx əlaqələndirilməsi Kanada təhsil modelinin üstün cəhətlərindəndir. Tədris planları işəgötürən müəssisələrin tövsiyələri nəzərə alınmaqla tərtib olunur. Kanadada yüksək texnologiyalar, aerokosmik sənaye, mikro-elektronika, biotexnologiya və digər sahələrin inkişafı yalnız tədrisin keyfiyyəti sayəsində mümkün olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes və təbiət elmləri sahəsində də ciddi nəticələr əldə edilib.Kanada universitetlərində aparılan elmi tədqiqatlar ölkə tarixində, eləcə də bütün dünyada biznesin inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi, bəşəriyyətin tədqiqi, mədəniyyət və incəsənətin tərəqqisinə imkan yaratmaqla həyat səviyyəsinin yüksəldilməsini təmin edir.

Dünya ölkələrinin təhsil sistemləri yanaşma tərzi, metodologiya və hədəflərinə görə bir-birindən kəskin şəkildə fərqlənir. 2026-cı ilin son qlobal reytinqlərinə və PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən, dünyada bir neçə əsas təhsil modeli var, ilk növbədə Skandinaviya modeli (Finlandiya, Danimarka, İsveç, Norveç) önə çıxır.

Finlandiya

Bu ölkələr, xüsusilə Finlandiya “şagird mərkəzli” yanaşması ilə tanınır. Təhsilin əsas fəlsəfəsi “az tapşırıq, çox öyrənmə” üzərində qurulub. Standart imtahanlar demək olar ki, yoxdur. Şagirdlər arasında rəqabət deyil, əməkdaşlıq təşviq edilir. Müəllimlik peşəsi çox yüksək statusa malikdir və yalnız magistr dərəcəsi olanlar müəllim ola bilər.

Fin təhsili mükəmməlliyi təmin etmək üçün şagirdlərə yüksək imkanlar yaradır. Burada təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir, təhsil siyasətinin icrasında bələdiyyələr də iştirak edir. Ancaq hər bir məktəb təlim-tərbiyə prosesini müstəqil şəkildə planlaşdırmaq hüququna malikdir. Hər sinifdə 15-20 şagird olur. Bu sistemdə şagirdi əyləndirərərək öyrətmək prinsipi öndədir. Onu da qeyd edək ki, Finlandiya ən az cinayət törədilən ölkələr sırasındadır və bunun əsas səbəbi kimi təhsil metodu göstərilir.

Danimarka 

Danimarka hazırda dövlət təhsilinin keyfiyyətinə görə reytinqlərdə liderlik edir.
Norveçdə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi var, bu qurum ali və peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə həyata keçirir.

Yaponiya

Şərqi Asiya modelində (Cənubi Koreya, Yaponiya, Sinqapur) təhsil sistemi nizam-intizam və yüksək akademik nəticələrə əsaslanır. Onların şüarı belədir: “Zəhmət və davamlı təkrar uğurun açarıdır”. Bu ölkələr riyaziyyat və dəqiq elmlər üzrə dünya lideridir. Şagirdlər çox vaxt həftənin 7 günü dərslərlə məşğul olurlar.
PISA reytinqlərində Sinqapur və Yaponiya mütəmadi olaraq ilk pillələrdə yer alır.

Yaponiya təhsil sistemində şagirdlər 6 il ibtidai təhsil, 3 il ümumi təhsil, 3 il isə lisey təhsili alırlar. Hər bir fərdin ilk 9 il müddətində təhsil alması məcburidir, amma şagirdlərin 98%-i təhsilin bütün pillələrini tamamlayır. Şagird klubları məktəb təhsilinin xarakterik bir parçasıdır. Demək olar ki, bütün orta məktəb şagirdləri hansısa bir klubun üzvdür. Eyni maraq dairəsinə sahib şagirdlər müəllimlərin rəhbərliyilə idman, mədəni fəaliyyətlər, sosial aktivliklər üzrə dərsdən sonra və tətil günlərində bir araya gəlirlər. Təhsilə ciddi dəyər verən bu ölkədə tibb və səhiyyə sahəsində işləyənlərin illik gəliri təxminən 80 min dollar, elm və texnika sahəsində işləyənlərin illik gəliri təxminən 70 min dollar, təhsil sahəsində çalışanların illik gəliri isə təxminən 60 min dollardır. Yaponiya ümumi büdcəsinin 12,7 faizini təhsilə ayırır.

Xeyriyyəçilik, yoxsa dünya standartları?

Ən başlıcası budur ki, dünyanın qabaqcıl ölkələrində təhsillə bağlı yaradılmış qurumlar, qəbul edilmiş proqramlar öz missiyasını yerinə yetirir, hesabatlıdır və hər il nəticə verir. Bir sözlə, dövlətin strategiyasında təhsil hədəfi var və bu geridönməz prosesdir.

Bu nümunələrdən də görünür ki, təhsilə əsas hədəf kimi yanaşan ölkələr bütün sahələrdə öndə olur və rifah dövlətinə çevrilir. Azərbaycanda isə hanısa məktəb binasının tikintisi böyük uğur kimi təqdim edilir. Amma reallıq budur ki, təhsil sistemi seçki saxtakarlığına şərik edilir, təhsil alanların düşüncəsində məktəb və müəllim dəyərsizləşdirilir, təhsilin fəlsəfəsindən xəbərsiz adamlar təhsil mütəxəssisinə çevrilir və nəticədə ən vacib sahə ən önəmsiz sahəyə çevrilir. Həyata kerçirilən strategiya elan olunmuş strategiyanı sıradan çıxarır.

Ən böyük xeyriyyəçilik və gələcək nəsillərə ən böyük töhfə ölkə təhsilini dünya standartlarına uyğunlaşdırmaqdır. Əgər bu yoxdursa, bütün digər fəaliyyətlər də uğursuzluğa məhkumdur.

“Politfm”