Vessels sail through the Strait of Hormuz, Musandam, Oman, May 20, 2026. REUTERS/Stringer

Hörmüz boğazından keçən gəmilər, Musandam, Oman, 20 may 2026 (foto: “Reuters”)

 

 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünən – mayın 20-də bəyan edib ki, Hörmüz boğazının bağlanması 6-12 ay ərzində qlobal miqyasda kəskin ərzaq qiymətləri böhranına səbəb ola biləcək “sistemli aqrar-sənaye şoku”nun başlanğıcıdır.

“Bu fasilə müvəqqəti bir gəmiçilik problemi deyil və profilaktik tədbirlər üçün vaxt daralır. Hökumətlər, beynəlxalq maliyyə qurumları və özəl sektor alternativ ticarət marşrutları, ixrac məhdudiyyətlərinin qarşısının alınması, humanitar axınların qorunması və yüksək nəqliyyat xərclərini kompensasiya edəcək buferlərin yaradılması ilə bağlı qərarlar qəbul etməlidir” deyə, qurum əlavə edib (“Reuters”).

FAO-nun baş iqtisadçısı Maksimo Torero dünənki podkastında qeyd edib ki, artıq “ölkələrin qəbuletmə qabiliyyətini necə artırmaq, bu boğaz tıxanmasına qarşı dözümlülüklərini necə gücləndirmək barədə ciddi düşünməyin vaxtı çatıb ki, potensial təsirləri minimuma endirməyə başlayaq”.

Qlobal bazarda ərzaq məhsulları səbətinin qiyməti yüksək enerji xərcləri və Yaxın Şərq münaqişəsiylə bağlı yaranan fasilələr səbəbindən fevral-aprel aylarında durmadan yüksəlib.

FAO yaranmış vəziyyətlə bağlı aşağıdakı addımların atılmasını tövsiyə edib:
– ticarətin alternativ quru və dəniz marşrutlarına yönəldilməsi;
– ixrac məhdudiyyətlərindən (xüsusilə enerji, gübrə və kənd təsərrüfatı xammalları üzrə) çəkinmək;
– ərzaq yardımı axınlarının hər hansı ticarət məhdudiyyətlərindən azad olunmasını təmin etmək;
– fermerlər üçün məhsul yığımı dövrlərinə uyğunlaşdırılmış təcili kredit xətləri açmaq – yardımların sürətlə paylanması üçün rəqəmsal fermer reyestrlərindən istifadəni genişləndirmək;
– 2022-ci ildə yaradılmış ərzaq şoku maliyyələşdirmə pəncərəsini yenidən aktivləşdirmək.

FAO həmçinin xəbərdarlıq edib ki, bir neçə regionda quraqlıq yaradacağı və yağış şəraitini pozacağı gözlənilən “El Nino” hava fenomeninin başlamasıyla bu böhran daha da dərinləşə bilər.

 

“Politfm”