ABŞ Prezidenti Donald Tramp jurnalislərə tikilməkdə olan bal zalının detalları barədə danışır, Ağ Ev, 19 may 2026 (foto: “Reuters”)
ABŞ Prezidenti Donald Tramp dünən – mayın 19-da Ağ Evdə inşa edilən, bunkeri xatırladan yeni bal zalına dair detalları açıqlayıb. O bildirib ki, binanın damında pilotsuz uçuş aparatları üçün baza yaradılacaq, altı mərtəbəli yeraltı kompleksdə isə hərbi hospital yerləşəcək (“Reuters”).
Amerika prezidenti səs-küylü tikinti işləri fonunda bir qrup jurnalisti obyektlə tanış edib, Ağ Evin təhlükəsizlik səviyyəsinin artırılmasına Konqresin 1 milyard dollar ayırmalı olduğu barədə mövqeyini əsaslandırmağa çalışıb.
Demokratlar və bəzi respublikaçılar buna etiraz edirlər. Onların fikrincə, amerikalılar Trampın İrana qarşı apardığı müharibə nəticəsində bahalanmış benzin qiymətləriylə və digər iqtisadi problemlərlə mübarizə aparmaqdaykən və noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində belə böyük xərclərə ehtiyac yoxdur.
Sahəsi təxminən 90 min kvadrat fut olacaq yeni bina sahəsinə görə XVIII əsrin sonlarında tikilmiş Ağ Evi kölgədə qoyacaq.
Tramp bildirib ki, bal zalı min nəfərlik tədbirlər üçün nəzərdə tutulub. O, Vaşinqtonda, media nümayəndələrinin qala gecəsində ona qarşı sui-qəsd cəhdi olduğunu xatırladaraq yeni zalın daha təhlükəsiz məkan olacağını vurğulayıb.
Prezident bildirib ki, bina quruluşca bunkeri xatırladacaq, dam örtüyü “keçilməz poladdan” hazırlanacaq və hətta dron hücumuna da tab gətirə biləcək, tikilinin ətrafına çəkilən titan hasarı isə “heç buldozerlə də dağıtmaq mümkün olmayacaq”.
Tramp həmçinin qeyd edib ki, binanın altında altı mərtəbədən ibarət kompleks yerləşəcək, orda hərbi hospital və tədqiqat mərkəzləri fəaliyyət göstərəcək. O, tədqiqatların konkret hansı istiqamətləri əhatə edəcəyini açıqlamayıb. Ağ Ev də əlavə detallar verməkdən imtina edib.
Prezident damda yaradılacaq dron bazasından xüsusi həvəslə danışıb. Onun sözlərinə görə, baza “qeyri-məhdud sayda dronu qəbul etmək imkanına” malik olacaq:
“Dam tamamilə hərbi məqsədlər üçün nəzərdə tutulub. Dronlar üçün çox geniş ərazisi var. Dron hücumlarını dəf etmək xüsusiyyətinə malikdir – ona çırpılan dron heç bir zərər vurmadan geri sıçrayacaq. Eyni zamanda bu dam bütün Vaşinqtonu qoruyacaq dron limanı kimi də fəaliyyət göstərəcək”.
Tramp bal zalının pəncərələri haqda da danışıb, onların qalınlığının təxminən 10 santimetr olacağını və xüsusi növ şüşədən hazırlanacağını deyib.
“İçəridən baxanda sanki şüşə ümumiyyətlə yoxmuş kimi görünəcək” deyə, o əlavə edib.
“Politfm”



