Foto: ABŞ Cənub Komandanlığı
ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Nimitz” təyyarədaşıyan atom gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Karib dənizinə daxil olub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, təyyarədaşıyanla birlikdə regiona onun üzərindəki “Carrier Air Wing 17” aviasiya qrupu, “USS Gridley” esminesi və “USNS Patuxent” təminat tankeri də gəlib.
Komandanlıq vurğulayıb ki, bu qüvvələr “ən yüksək döyüş hazırlığının, misilsiz zərbə radiusunun və strateji üstünlüyün” təcəssümüdür.
““USS Nimitz” Tayvan boğazından Fars körfəzinədək bütün dünyada döyüş gücünü sübut edib, sabitliyi təmin edib və demokratiyanı qoruyub” – açıqlamada belə deyilir.
ABŞ Cənub Komandanlığının bəyanatı Donald Tramp administrasiyasının Kubanın keçmiş prezidenti və qeyri-rəsmi lideri Raul Kastroya qarşı ittihamlar irəli sürməsindən dərhal sonra paylaşılıb.
ABŞ 94 yaşlı Kastronu dörd nəfərin, o cümlədən üç ABŞ vətəndaşının öldürülməsi məqsədilə həyata keçirilmiş sui-qəsddə ittiham edir.
Söhbət 1996-cı ildə baş vermiş hadisədən gedir. Həmin vaxt “Brothers to the Rescue” təşkilatının dörd üzvü Kubadan qaçan insanlara sallarla yardım göstərmək üçün humanitar missiya çərçivəsində uçuş həyata keçirirdi. Həmin vaxt Kuba qırıcıları təşkilatın iki mülki təyyarəsini beynəlxalq sular üzərində vurmuşdu.
“Politfm”



