Foto: internet


2026-cı il iyulun 1-nə olan vəziyyətə görə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 10,4% çox olsa da, bir ay əvvəllə müqayisədə azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ay bu göstərici 88 milyard 438,6 milyon ABŞ dolları olub. Beləliklə, iyun ayında ehtiyatların həcmi 2 milyard 669,7 milyon ABŞ dolları və ya təxminən 3,0% azalıb.

Azərbaycan Mərkəzi Bankınına məlumatına əsasən, tənzimləyicinin öz valyuta ehtiyatları mayın sonundakı 12 milyard 712,4 milyon ABŞ dollarından iyunun sonunda 13 milyard 157,6 milyon ABŞ dollarına yüksəlib. Hesablamalara əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri iyun ayında təxminən 75 milyard 726,2 milyon ABŞ dollarından 72 milyard 611,3 milyon ABŞ dollarına enib. Beləliklə, Fondun aktivləri bir ay ərzində təxminən 3 milyard 114,9 milyon ABŞ dolları və ya 4,1% azalıb.

Bu statistika makroiqtisadi risklərin və daxili xərclərin artdığını göstərir.
Ekspertlər bildirirlər ki, dövlət xərcləri artdıqca, bazardan valyuta çəkildiyinə görə hazırkı azalma ARDNF-dən dövlət büdcəsinə transfertlərin artmasından və Qarabağın bərpası kimi irihəcmli layihələrin dollar tələbi təzyiqindən qaynaqlana bilər.

AMB-nin ehtiyatlarının təxminən 445 milyon dollar artması isə iqtisadi yüksəlişdən daha çox ARDNF-nin bazara çıxardığı kütləvi dollar kütləsinin bir hissəsini sterilizasiya etməsiylə əlaqəli ola bilər. Başqa sözlə, vəsait dövlətin bir cibindən (ARDNF) digər cibinə (AMB) köçmüş ola bilər. Amma ümumi balansda itki də (3.11 milyard dollar) baş verib.

İllik müqayisədə 10,4%-lik artım müsbət hal kimi qiymətləndirilir. Amma bu, neft-qaz qiymətlərinin dünya bazarında hələ ki nisbətən əlverişli səviyyədə qalmasının nəticəsidir. Bu ehtiyatların formalaşmasında qeyri-neft sektorunun rolu hələ də kritik dərəcədə aşağıdır.

Bildirilir ki, Azərbaycanın maliyyə yastığı hələ ki kifayət qədər böyükdür və manat üçün qısamüddətli təhlükə yoxdur. Amma iyun ayındakı azalma göstərir ki, dövlət xərcləmələrinin valyuta daxilolmalarını üstələməsi tendensiyası başlayıb. Əgər qlobal bazarlarda enerji daşıyıcılarının qiyməti düşərsə, indiki templə azalma iqtisadiyyat üçün ağrılı ola bilər.

“Politfm”