Foto: internet

 


Azərbaycanda 2026-cı ilin ilk beş ayında həm qızılcaya, həm də suçiçəyinə yoluxma hallarında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, suçiçəyi halları ötən ilin eyni dövrüylə müqayisədə 17 595-dən 31 397-yə yüksəlib. Bu, təxminən 78 faizlik artım deməkdir. Qızılca üzrə isə yoluxma sayı 10-dan 127-yə qalxıb.

Mütəxəssislərin fikrincə, bu artımın bir neçə mümkün səbəbi var. Ən vacib amillərdən biri peyvəndlənmə səviyyəsində yaranan boşluqlardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son illərdə Avropa və Mərkəzi Asiyada qızılca hallarının artmasını məhz peyvənd əhatəsinin azalmasıyla əlaqələndirir. Qızılca yüksək yoluxuculuğa malik infeksiya olduğundan virusun yayılmasının qarşısını almaq üçün əhalinin ən azı 95 faizinin immunitetə malik olması vacib hesab edilir.

Səhiyyə Nazirliyi əvvəlki açıqlamalarında qızılca hallarının əsasən peyvənd olunmayan və ya peyvənd kursunu tam başa vurmayan şəxslər arasında qeydə alındığını bildirib. Amma nazirlik son illər üzrə peyvənd əhatəsinin dəyişməsi və bunun yoluxma dinamikasına təsiriylə bağlı ətraflı statistik məlumat açıqlamayıb.

Cavabsız suallar

Ümumiyyətlə, açıqlanan statistikada bir sıra vacib suallar cavabsız qalır. Məsələn, son 5–10 ildə bu xəstəliklər üzrə illik dinamikanın necə dəyişdiyi barədə ətraflı rəsmi məlumat ictimaiyyətə təqdim edilməyib. Buna görə də 2026-cı ildə qeydə alınan artımın uzunmüddətli tendensiyanın davamı, yoxsa müvəqqəti sıçrayış olduğunu qiymətləndirmək çətindir.

Eyni zamanda, yoluxanların yaş bölgüsü də açıqlanmayıb. Halbuki bu məlumat infeksiyanın hansı əhali qrupları arasında daha çox yayıldığını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının 2026-cı ildə dərc olunmuş və 2023–2024-cü illərdə Azərbaycanda qızılca ocaqlarını təhlil edən araşdırmasına görə, yoluxmaların təxminən yarısı 5–13 yaşlı uşaqların payına düşüb. Hesabata əsasən, 2023-cü ildə yoluxanların 52,2 faizi, 2024-cü ilin ilk yarısında isə 47,3 faizi bu yaş qrupunda qeydə alınıb.

Araşdırmada həmçinin bildirilir ki, COVID-19 pandemiyası dövründə qızılcaya qarşı peyvəndlənmə səviyyəsinin azalması sonrakı illərdə xəstəliyin yayılmasına təsir göstərən əsas amillərdən biri olub. Bununla yanaşı, müəlliflər qeyd edirlər ki, Azərbaycanda yoluxanların peyvənd statusu üzrə tam məlumatın olmaması immunitet boşluqlarının dəqiq qiymətləndirilməsinə imkan vermir (applications.emro.who.int).

Rəsmi qurumlar yoluxanların neçə nəfərinin peyvəndli, neçə nəfərinin isə peyvənd olunmamış şəxs olduğunu da açıqlamayıb. Bu göstərici artımın səbəblərini qiymətləndirmək üçün əsas epidemioloji indikatorlardan hesab olunur. Eyni zamanda, son illərdə qızılcaya qarşı peyvənd əhatəsinin azalıb-azalmadığına dair də aktual rəsmi statistika dərc edilməyib. Buna görə yoluxmaların artımını yalnız immunizasiya səviyyəsinin dəyişməsiylə əlaqələndirmək mümkün deyil.

Bundan başqa, yoluxmaların regionlar üzrə bölgüsü də açıqlanmayıb. Bu isə xəstəliyin ölkə üzrə bərabər yayıldığını, yoxsa müəyyən şəhər və rayonlarda daha intensiv müşahidə olunduğunu müəyyən etməyə imkan vermir.

Azərbaycan suçiçəyi peyvəndi niyə vurulmur?

Suçiçəyi ilə bağlı vəziyyət müəyyən qədər fərqlidir. Bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda bu xəstəliyə qarşı peyvənd Milli Peyvənd Təqviminə daxil edilməyib. Bunun səbəbi peyvəndin effektiv olmaması deyil, xəstəliyin epidemioloji və iqtisadi xüsusiyyətləridir.

– Birincisi, xəstəlik yüksək hərarət və səpkilərlə müşayiət olunsa da, sağlam uşaqların böyük əksəriyyəti bu xəstəliyi yüngül keçirir. Ağırlaşma riski əsasən bir yaşadək körpələrdə, hamilə qadınlarda, immun sistemi zəif olan şəxslərdə yüksək olur. Buna görə də bəzi ölkələr hesab edirlər ki, bütün uşaqları peyvənd etmək əvəzinə, risk qruplarını qorumaq daha məqsədəuyğundur.

– İkincisi, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə suçiçəyi peyvəndini məcburi qaydada tətbiq etməyi tövsiyə etmir. ÜST bildirir ki, bunu yalnız peyvəndlə ən azı 80 faizlik əhatə təmin edilə biləcəyi halda etmək məqsədəuyğundur. Əks halda paradoksal vəziyyət yarana bilər: uşaqlar arasında yoluxma azalır, lakin virus daha çox peyvənd olunmamış yeniyetmə və böyüklər arasında dövr edir. Halbuki böyüklərdə suçiçəyi daha ağır keçir.

– Üçüncüsü, iqtisadi amil də rol oynayır. Bir çox ölkə üçün səhiyyə büdcəsində prioritet xəstəliklər qızılca, poliomielit, difteriya, göyöskürək və digər daha ağır nəticələrə səbəb olan infeksiyalardır. Suçiçəyi isə ölüm və ağır fəsadlara daha az səbəb olduğundan bəzi dövlətlər onu milli proqramlara daxil etmirlər.

Təcrübə nə deyir?

Suçiçəyini Milli Peyvənd Təqviminə daxil edən ölkələr arasında ABŞ (1995-ci ildən), Kanada, Almaniya, Avstraliya, Cənubi Koreya, Yaponiya, İspaniya, İtaliya, Yunanıstan, Səudiyyə Ərəbistanı və bir sıra Latın Amerikası ölkələri var. Bu ölkələrdə uşaqlara suçiçəyi peyvəndi vurulduğuna görə həm yoluxma, həm də xəstəxanaya yerləşdirmə halları kəskin azalıb.

Bəzi Avropa ölkələri isə uzun illər suçiçəyi peyvəndini yalnız risk qruplarına tövsiyə edib. Məsələn, Böyük Britaniya uzun müddət universal peyvənd tətbiq etmirdi və yalnız 2023-cü ildən mərhələli şəkildə milli proqram çərçivəsində uşaqlara peyvənd vurmağa başlayıb.

Azərbaycanda valideynlər suçiçəyi peyvəndini övladlarına həkim məsləhətiylə və ödənişli əsasda vurdura bilirlər.

Rəsmi qurumlar hazırkı vəziyyəti epidemiya kimi qiymətləndirmirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır, yoluxmalar daimi monitorinq olunur və kütləvi yayılma qeydə alınmayıb.

Mütəxəssislərsə hesab edirlər ki, hazırkı statistika əhali arasında immunizasiyanın əhəmiyyətini bir daha gündəmə gətirir. Xüsusilə qızılca kimi yüksək yoluxuculuğa malik infeksiyalarla mübarizədə peyvəndlənmə səviyyəsinin yüksək saxlanılması virusun geniş yayılmasının qarşısını alan əsas vasitə olaraq qalır.

“Politfm”