Foto: internet
Dünya ölkələrində pensiya yaşı əsasən əhalinin qocalma tempi, orta ömür müddəti və iqtisadi vəziyyətdən asılı olaraq dəyişir. Bəzən inkişaf etmiş ölkələrlə Azərbaycan arasında müqayisə aparılır və həmin ölkələrdə də pensiya yaşının 65 və daha yuxarı olduğu vurğulanır. Amma o ölkələrdə insanların Azərbaycandakından daha uzun ömür yaşadığı və pensiya kapitalından daha uzun müddət yararlandığı deyilmir.
İtaliya, Yunanıstan, Danimarka, İslandiyada pensiya yaşı 67, Böyük Britaniyada 66, Almaniyada 66,4, ABŞ-də 67, Fransada 64, Rusiyada 63, Çində 60, Səudiyyə Ərəbistanı və Qətərdə 60, Küveytdə 55-dir.
Bir çox ölkələrdə “faktiki” pensiya yaşı ilə,”rəsmi” pensiya yaşı fərqlənir. Məsələn, kimlərsə daha az ödəniş almağa razılaşaraq 62 yaşında erkən pensiyaya çıxa bilir.
Üstəlik, Avropa və Şimali Amerika ölkələrində orta ömür müddəti 80 yaşdır. Yaponiyada insanlar 85-87, İsveçrə və Sinqapurda 84, Honkonqda 85, Cənubi Koreyada 84.6, Avstraliya 84.3, İtaliyada 84.2, Küveytdə 81, Qətərdə isə 82 il yaşaya bilirlər.
Bəzi bölgələrdə – məsələn, Okinava (Yaponiya), Sardiniya (İtaliya), İkariya (Yunanıstan) və Nikoyada (Kosta Rika) isə yaşı 100-dən yuxarı olanlar da çoxdur.
Digər tərəfdən, inkişaf etmiş ölkələrdə pensiya məbləği də kifayət qədər yüksəkdir. Məsələn, Qətərdə 20 ildən çox stajı olan şəxs 4100 dollar pensiya alır.
Pensiya yaşı da artır, işsizlik də
Azərbaycanda 2026-cı ildən etibarən pensiya yaşı 65 olaraq müəyyənləşdirilib (qadınlar üçün iyulun 1-dən). Orta ömür müddəti isə 73-74 ildir. Statistik göstəricilərə görə, keçən il vəfat edən hər 100 nəfərdən 37-sinin yaşı 65-dən az olub.
Bütün bunlar Azərbaycandakı pensiya yaşının sosial ədalət prinsipinə uyğun gəlmədiyini göstərir. Bir yapon pensiyaya çıxdıqdan sonra 20 il müddətində pensiyadan yararlana bilirsə, Azərbaycan vətəndaşını cəmi 5-9 il yararlana bilir.
Ekspertlər bildirirlər ki, pensiya yaşının davamlı olaraq artırılmasının səbəbi Dövlət Sosial Müdafiə Fondundakı (DSMF) vəsait azlığı problemidir. İşsizlik səviyyəsinin yüksək olması fondun vergi ödənişlərindən formalaşan gəlirlərinin azalmasına səbəb olur və nəticə etibarilə hətta dövlət büdcədən ayrılan vəsait də maliyyə problemini aradan qaldırmır.
Bəzi ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə problemlər daha da artacaq. Neft gəlirlərinin zamanla azalması DSMF-yə artan ölçüdə büdcə vəsaiti ayırmağı çətinləşdirəcək. Hökumət yeni iş yerləri yaratmadağı və kiçik-orta sahibkarlıq sektoru da ildən-ilə daraldığı üçün fonda vergi ödənilərin həcmində azalmalar olacaq.
“Politfm”



