Ermənistanın Baş naziri Nikol Paşinyan dünən – aprelin 30-da yerli KİV üçün keçirdiyi brifinqdə deyib ki, ölkənin imkanları artdıqca, dövlət sərhədinə nəzarət tədricən sərhəd qoşunlarının nəzarətinə keçməlidir.
O bildirib ki, mərhələli əvəzolunma 1990-cı illərin əvvəlində imzalanmış razılaşmaya əsasən həyata keçiriləcək.
“Qeyd etmək istəyirəm ki, biz sərhədlərin qorunmasına görə Rusiya sərhədçilərinə ödəniş edirik. Elə hallar olub ki, rusiyalı tərəfdaşlar bu ödənişlərin artırılması məsələsini qaldırıblar, çünki mövcud vəsait bu xidmətin göstərilməsi üçün kifayət etmir” deyən Paşinyan əlavə edib ki, Ermənistan hökuməti ödənişlərin artırılmasına xərclənəcək vəsaiti ölkənin öz sərhəd qoşunlarının inkişafına yönəltmək variantını nəzərdən keçirir.
Paşinyan Yerevanla Bakı arasında iqtisadi əlaqələrin qurulması prosesinə də münasibət bildirib. Paşinyanın sözlərinə görə, daha əvvəl Ermənistan və Azərbaycan sahibkarları malların siyahısını bu ölkələrin hökumətləri vasitəsilə mübadilə edirdilərsə, artıq buna ehtiyac yoxdur, onlar artıq birbaşa əməkdaşlıq edə biləcəklər.
“Politfm”



