Foto: AFP

 

Bu gün – mayın 1-də Milli Məclis Avropa Parlamentiylə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

 

Qərara əsasən, Milli Məclisin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakı dayandırılır. Həmçinin Milli Məclisin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi proseduru başladılıb. Prosedur başa çatana qədər Azərbaycan nümayəndə heyəti Avronestin tədbirlərində iştirak etməyəcək.

Müzakirələr zamanı spiker Sahibə Qafarova bildirib ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə qərəzli mövqeyi əməkdaşlığın davam etdirilməsini çətinləşdirib.
Bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in yaydığı məlumata görə, görüş zamanı aprelin 30-da Avropa Parlamentində qəbul edilmiş qətnaməyə etiraz bildirilib və Aİ tərəfinə rəsmi nota təqdim olunub.
Nazirlik bildirib ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı yer alan müddəalar əsassız hesab olunur və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

XİN həmçinin qeyd edib ki, 2023-cü ildə təqdim olunan reinteqrasiya planına baxmayaraq, Qarabağda yaşayan erməni sakinlər bölgəni öz istəkləri ilə tərk ediblər.
Bundan başqa, Avropa Parlamentinin “müharibə əsirləri” ilə bağlı çağırışları da Bakı tərəfindən qəbul edilməyib. Nazirlik həmin şəxslərin ağır cinayətlərdə ittiham olunduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Avropa Parlamenti aprelin 30-da Azərbaycanla bağlı qətnamə qəbul etmişdi. Sənəddə Azərbaycanda həbsdə saxlanılan ermənilərin azadlığı və Qarabağ ermənilərinin hüquqları ilə bağlı çağırışlar yer almışdı.

Azərbaycan və Ermənistan arasında son illər sülh danışıqları davam edir. Ötən ilin avqustunda tərəflərin xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınması əsas prinsiplərdən biri kimi qeyd olunur.


“Politfm”