Foto:
Hər il sentyabr ayı yaxınlaşdıqca Azərbaycanda yüzminlərlə ailədə maddi və mənəvi gərginliklər yaşanır. Məktəb forması, ayaqqabı, çanta, dəftər-qələm və başqa nələrsə alınmalıdır. Azgəlirli ailələr bu, stresli və hətta əzablı prosesdir.
2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Aşağıdakı qiymətlər əsasında hesablandıqda bir uşağın məktəb bazarlığı 240–300 manata başa gəlir. Bu, minimum maaşın 60–75 faizi deməkdir.
Mövcud qiymətlər təxminən belədir:
Məktəbli forması – 60–70 manat
Çanta – 30–40 manat
Məktəb və idman ayaqqabısı – 50–60 manat
Dəftər-qələm və digər dəftərxana ləvazimatları – 40–50 manat
Əlavə tədris vəsaitləri və iş dəftərləri – 30–40 manat
İdman forması – 30–40 manat
Cəmi: 240–300 manat
Bu məbləğin minimum maaşla müqayisəsində başqa bir məqam da var: 400 manat tutulmalardan əvvəlki məbləğdir. Məsələn, qeyri-neft-qaz sektorunun özəl bölməsində əsas iş yerində çalışan və əlavə fərdi vergi güzəşti olmayan işçinin maaşından 6 manat gəlir vergisi, 26 manat sosial sığorta, 8 manat tibbi sığorta və 2 manat işsizlikdən sığorta haqqı tutulur. Beləliklə, işçiyə 358 manat qalır. Bir uşaq üçün 240-300 manatlıq məktəb bazarlığı isə həmin məbləğin 67–83,8 faizini təşkil edir. Ailənin yeganə aylıq gəliri bu maaşdırsa, məktəb bazarlığından sonra digər ehtiyaclara cəmi 58–118 manat qalır.
Ailədə məktəbli uşaqların sayı artdıqca yük də böyüyür:
| Məktəbli uşaqların sayı | Məktəb bazarlığı | Bir minimum maaşa nisbəti | İki minimum maaşa nisbəti |
| 1 uşaq | 240–300 manat | 60–75% | 30–37,5% |
| 2 uşaq | 480–600 manat | 120–150% | 60–75% |
| 3 uşaq | 720–900 manat | 180–225% | 90–112,5% |
| 4 uşaq | 960–1 200 manat | 240–300% | 120–150% |
Qeyd: Cədvəldə faizlər tutulmalardan əvvəlki maaşlara görə hesablanıb. Ailənin başqa gəlirləri və sosial ödənişləri nəzərə alınmayıb.
Üç məktəbli uşağı olan ailədə hər iki valideyn minimum maaş alsa belə, məktəb bazarlığı onların ümumi aylıq maaşının 90–112,5 faizini tələb edir. Yəni bəzi hallarda iki minimum maaş da bu xərclərə kifayət etmir. Dörd məktəblinin hazırlığı isə bir minimum maaşın 2,4–3 mislinə başa gəlir. Ailənin əvvəlcədən yığdığı vəsait yoxdursa, bu məbləği digər ehtiyaclardan kəsmədən ödəmək çətinləşir.
Bu xərclər sosial ödənişlərə arxalanan ailələr üçün də ağırdır. Ailə başçısını itirməyə görə uşağa verilən aylıq sosial müavinət 140 manatdır. Bir məktəbli üçün bazarlıq xərci isə həmin ödənişin 1,7–2,1 aylıq məbləğinə bərabərdir (Bu müqayisə yalnız müavinətin məbləği ilə aparılır; ailənin ümumi gəliri digər qazanc və ödənişlərdən asılıdır).
Ünvanlı sosial yardım alan ailələrə gəlincə, 2026-cı il iyulun 1-nə 78,9 min ailənin 349,3 min üzvü bu yardımdan faydalanıb. Yardımın adambaşına düşən orta aylıq məbləği 97,9 manat olub (Bu, həmin insanların toplam aylıq gəliri demək deyil, yalnız sosial yardımın payıdır).
Yardımın məbləği ailə üzvləri üçün ehtiyac meyarlarının cəmindən ailənin orta aylıq gəliri çıxılmaqla müəyyənləşdirilir. Hesablamada son 12 ayın gəlirləri nəzərə alınır. 2026-cı ildə ehtiyac meyarı adambaşına 300 manatdır.
Məsələn, yardım almaq şərtlərinə cavab verən dördnəfərlik ailənin digər aylıq pul gəliri 800 manat olarsa, yardım hesablanarkən də eyni gəlir məbləği əsas götürülərsə, ailəyə aylıq 400 manat yardım düşür. Bu zaman yardım da daxil, ümumi aylıq gəlir 1 200 manat olur. İki məktəblinin bazarlığı bu məbləğin 40–50 faizini təşkil edir.
Eyni şərtlərlə beşnəfərlik ailədə digər gəlir 800 manat, yardım 700 manat olarsa, ümumi məbləğ 1 500 manata çatır. Üç məktəblinin 720–900 manatlıq hazırlığı bu gəlirin 48–60 faizi qədərdir.
Əhalinin gəlirlərinə dair statistika da bu yükü qiymətləndirməyə imkan verir. Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə araşdırmasında adambaşına gəliri ən aşağı olan 20 faizlik qrupda orta aylıq gəlir 253,1 manat göstərilir. Bir məktəblinin bazarlığı bu məbləğin 94,8–118,5 faizinə bərabərdir.
2025-ci ilin sonundakı təxminən 10,26 milyonluq əhali sayına nəzərən həmin 20 faizlik qrup təxminən 2,05 milyon nəfər deməkdir. 2025-ci ildə rəsmi yoxsulluq səviyyəsi 5,2 faiz olub və bu, aşağı gəlirli qrupda təxminən 530 min nəfərin yoxsul olması deməkdir. Açıq statistik mənbələrdə 1,6 milyondan çox şagirddən neçəsinin yoxsul ailələrdə yaşadığını hesablamağa imkan verən məlumatlar olmasa da, məktəb bazarlığının xüsusilə belə ailələr üçün necə ağır yük olduğunu təxmin etmək çətin deyil.
Ailələr bu vəziyyətdən necə çıxırlar?
Ağır maliyyə yükü ailələrin gündəlik davranış modellərinə və həyat keyfiyyətinə bilavasitə təsir edir. Nəticədə kredit bataqlığına düşmək zərurəti yaranır, ailə qazancının bir hissəsini növbəti 12 ay ərzində faiz ödənişlərinə yönəldir.
Təhsil prioritet sayıldığı üçün ailələr məcburi olaraq keyfiyyətli qidalanmadan, istirahətdən və təxirə salına bilən tibbi müayinələrdən imtina edirlər.
Daha ucuz, mənşəyi bilinməyən və sertifikatsız Çin istehsalı olan məktəbli ləvazimatları və çantaları almaq məcburiyyəti yaranır ki, bu da uşaqların sağlığına (onurğa əyriliyi, allergik reaksiyalar) mənfi təsir edir.
Ailə daxilində maliyyə çatışmazlığından yaranan gərginlik uşaqların psixologiyasına və dərs nailiyyətlərinə birbaşa təsir göstərir.
Beləliklə, Azərbaycanda məktəb bazarlığı sadəcə mövsümi xərc deyil. O, ailələrin həyat səviyyəsini aşağı salan sistemli maliyyə yükünə çevrilib.
Bu baxımdan aztəminatlı ailələrə dərs ili ərəfəsində məktəbli geyimi və dərs ləvazimatları üçün məqsədli yardım göstərilməsi, əlavə tədris vəsaitlərinin alınmasına dair aydın qaydaların olması bu yükü yüngülləşdirə bilər.
“Politfm”



