Foto: DHA
Bu gün İstanbulda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər və müdafiə nazirləri, eləcə də Baş Qərargah rəislərinin iştirakı ilə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısı keçirilib.
Bu barədə “Milliyet” nəşri məlumat yayıb.
Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində baş tutan iclasdan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlama verib.
Onun dedikləri arasında önə çıxan əsas məqamlar bunlardır:
– komitənin ilk iclasında üç ölkə arasında qurulan hərbi-siyasi birliyin rəsmi adı Məkkə Müdafiə İttifaqı olaraq təsdiqlənib;
– sazişdə nəzərdə tutulan institusional strukturun formalaşdırılması üzrə praktiki işlərə start verilib;
– ittifaq müdafiə xarakterlidir, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə istinad edir, heç bir dövlətə qarşı yönəlməyib və beynəlxalq hüquqa riayət edən regional ölkələrin üzvlüyünə açıqdır;
– yeni platforma bölgədə qeyri-müəyyənliyi azaldacaq və yeni təhlükəsizlik memarlığının əsasını qoyacaq.
Hakan Fidan regional təhdidlər barədə də danışıb, İsrailin Baş naziri Benyamin Netanyahunun yürütdüyü siyasətin yalnız region üçün yox, qlobal təhlükəsizlik üçün ciddi təhdid olduğunu vurğulayıb və beynəlxalq birliyi bu təhlükəyə qarşı birgə mübarizə aparmağa çağırıb.
Məkkə Ortaq Müdafiə Sazişini avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.
Bəyan olunub ki, saziş regional çəkindiriciliyi artırmağı hədəfləyir. Sənədin ən vacib bəndi tərəflərdən birinə edilən hücumun bütün üzv ölkələrə edilmiş sayılmasıdır.
“Politfm”



