Foto: internet



Azərbaycanda balıqçılıq sektoru bir növ “keçid dövrünü” yaşayır. Bir tərəfdən təbii su hövzələrində və Xəzər dənizində balıq ehtiyatlarının azalması müşahidə olunur, digər tərəfdənsə süni yetişdirmə (akvakultura) hesabına bu boşluq doldurulmağa çalışılır. Statistik məlumatlar göstərir ki, Azərbaycanın balıqçılıq sahəsindəki potenisalı real vəziyyətlə ziddiyyət təşkil edir.

İstehsal, idxal və ixrac

Azərbaycan balıq sahəsində daha çox idxalçı ölkədir. Lakin son illərdə ixracda müəyyən sıçrayışlar var. Xüsusən kürü ixracı üstünlük təşkil edir.

2025-ci ilin məlumatına görə, Azərbaycan 57.88 milyon dollarlıq balıq idxal edib. Bu dövrdə balıq ixracı 4.22 milyon dollar olub. Keçən il 3.2 ton qara kürü istehsal edilib. Bu, 2024-cü illə müqayisədə 2.4 dəfə artım deməkdir. 2025-ci ildə kürü ixracı 1 ton, ixrac edilən kürünün bir kiloqramının qiyməti 1018 dollar olub.

Azərbaycan həm də xarici bazarlardan, xüsusilə Çindən 8.4 ton qara kürü idxal edib ki, bunun ümumu dəyəri 2.5 milyon dollar olub. Çindən idxal edilən kürünün 1 kilqoramının qiyməti 513 dollar olub.

Rəsmi rəqəmlərə görə, ötən il ovlanmış və yetişdirilmiş balıq həcmi 60-65 ton təşkil edib.
2026-cı ilin birinci rübüylə bağlı məlumat bundan ibarətdir ki, Çilidən Azərbaycana 39,94 ton qızıl balıq (175,74 min dollar dəyərində), Türkiyədən 10,2 ton qızıl balıq (101,22 min dollar dəyərində), eləcə də Böyük Britaniya və Niderlanddan müəyyən miqdarda balıq idxal edilib.

Məlumat üçün qeyd edək ki, dünyada hər il 64.800 ton nərə əti istehsal olunur. İstehsalçı dövlətlər arasında Çin və Rusiyadan sonra qonşu Ermənistan 3-cü yerdədi. Təkcə bu fakt onu deməyə əsas verir ki, Azərbaycan bu sahədə böyük irəliləyiş edə bilər.

2024-cü ilin sonuna olan məlumata görə, dövlət qeydiyyatında olan akvakultura təsərrüfatlarının sayı 88-ə çatıb. Ümumilikdə isə ölkədə 600-ə yaxın orta və iri balıqyetişdirmə təsərrüfatı fəaliyyət göstərir.

Kölgə iqtisadiyyatı, yoxsa qeydiyyat problemi?

Niyə balıqçılıq təsərrüfatlarının cəmi 15%-i qeydiyyatdadır?

Mütəxəssislər bunu aşağıdakı səbəblərlə izah edirlər:

– torpaq və su resursları müxtəlif qurumlar tərəfindən idarə olunur;
– lisenziya və qeydiyyat prosedurları çoxmərhələlidir;
– kiçik təsərrüfatların formal iqtisadi sistemə inteqrasiyası ləng gedir;
– regionlarda inzibati qeydiyyat fərqləri var.

Bundan başqa, qeydiyyat fermerlər üçün əlavə xərc (vergi, audit, standartlar) yaradır. Halbuki qeydiyyatsız fəaliyyətin mənfi tərəfləri daha çoxdur. Bu, institusional qeyri-bərabərlik, bazara giriş maneələri və subsidiyalara qeyri-bərabər çıxış deməkdir.

Bu məsələnin dövlət maraqlarına toxunan hissəsi isə rəsmi vergi sistemindən kənar dövriyyə, tam uçotun olmaması və statistikada “görünməyən istehsal” problemləridir. Ən azı buna görə hökumət qeydiyyat üçün tələb olunan xərci və inzibati yükü azaltmaq barədə düşünməlidir.

Torpaq və su resurslarından istifadəyə izacə mexanizmini sadələşdirmək, sahələr səviyyəsində məlumat toplamaq, monitorinq etmək və təsərrüfatları kateqoriyalaşdırmaq yoluyla reyestrlışdirmə prosesini sürətləndirmək mümkündür. Rəqəmsal kadastrın zəifliyi, monitorinq resurslarının çatışmazlığı prosesi yavaşladır. Sistemin eyni anda həm hüquqi, həm iqtisadi, həm də inzibati sinxronlaşdırılmasına ehtiyac var.

İstehlak

Azərbaycanda balıq istehlakı aktual məsələlərdən biridir. Azərbaycanın dəniz sahilinin uzunluğu 955 kilometrdir. Ölkə əlverişli coğrafi mövqeyə malik olsa da, rəsmi statistikaya görə ölkə əhalisinin illik balıq əti istehlakı 2-7 kiloqramdır. Bu, digər ölkələrlə müqayisədə olduqca azdır.

Məsələn, Rusiyada adambaşına düşən balıq istehlakı 22, Avropa ölkələrində 21 Şimali Amerikada 24, Yaponiyada 60 kilqoramdır. Bu göstəriciyə görə Gürcüstan və Ermənistan da Azərbaycandan öndədir. Son ikisi balıq ətinin qiymətinə görə də Azərbaycandan üstün  vəziyyətdədir.  

Gürcüstan və Ermənistan nisbətən kompakt bazar strukturuna malikdir. Gürcüstanda daha açıq ticarət rejimi var, supermarket və bazar şəbəkələri arasında daha sərt qiymət rəqabəti mövcuddur, Türkiyə bazarına yaxınlığı qiymətləri aşağı saxlayır. Ermənistan İran və Rusiya istiqamətindən nisbətən sabit idxal kanallarına çıxış əldə edir, kiçik istehsalçıların bazara birbaşa çıxış imkanları var.

Azərbaycanda isə topdansatış strukturu daha mərkəzləşmiş formadadır və bu, pərakəndə qiymətlərin yuxarıda qalmasına səbəb olur. Üstəlik, bəzi balıq növləri, xüsusilə də dəniz məhsulları daha çox premium kateqoriyaya – restoran sektoruna, yüksək gəlirli istehlakçılara və ixrac potensialı olan məhsullara yönəldilir.

Ekspertlər Azərbaycanda balıq ətinin baha olmasını həm təbii, həm də iqtisadi faktorların birləşməsindən qaynaqlanandığını bildirirlər.

Xəzər dənizinin ekoloji vəziyyəti və suyun səviyyəsinin aşağı düşməsi balıq populyasiyasına ciddi təsir edir. Nərə kimilər kimi qiymətli balıqların ovuna qoyulan beynəlxalq moratorium və digər növ balıqların ovlanmasına tətbiq edilən sərt kvotalar təklifi azaldır.

Balıqların kürü tökmək üçün getdiyi Kür çayında suyun azalması və çirklənməsi təbii artımı minimuma endirib. Marketlərdə gördüyümüz balıqların böyük hissəsi dənizdə yox, fermalarda yetişir. Bu sahədə xərclər kifayət qədər yüksəkdir. Balıq yemlərinin əksəriyyəti xaricdən (məsələn, Danimarka və ya Türkiyədən) gətirilir. Valyuta məzənnəsi və logistika xərcləri birbaşa balığın maya dəyərinə təsir edir.

Hovuzların təmizlənməsi, oksigen təminatı və temperaturun saxlanılması üçün sərf olunan elektrik enerjisi qiyməti artırır. Somon (qızılbalıq) və digər populyar növlər tamamilə idxal edildiyi üçün onların qiyməti birbaşa qlobal bazara və gömrük rüsumlarına bağlıdır.

Ekspertlər vurğulayırlar ki, balığın əlçatan olması üçün ölkədə yerli yem istehsalının qurulması, kiçik və orta balıqçılıq təsərrüfatlarına subsidiyaların artırılması və dəniz resurslarının bərpası üçün daha ciddi ekoloji tədbirlərin görülməsi vacibdir.

İnhisarçılıq – süni əngəllər

Balıqşılıq sektorundakı resurslarının ən böyük idarəedicisi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Sektorun ən böyük təsirə malik “oyunçusu” olan bu qurum böyük bir infrastruktura nəzarət edir:

– nərə balığının süni artırılması və bərpası müəssisələrinə;
– Xəzər dənizi üzrə kvota və ov icazələrinin verilməsinə;
– dövlət balıq yetişdirmə və artırma mərkəzlərinə.

Mingəçevir su anbarı ətrafında balıq yetişdirmə təsərrüfatları, Lənkəran rayonunda akvakultura kompleksləri, Neftçala rayonunda Xəzər sahilinə yaxın sənaye balıqçılığı və emal infrastrukturu, sahilyanı ərazilərdə kiçik və orta sənaye balıqçılıq müəssisələri var. Bu təsərrüfatlarda əsasən sazan, forel, kütüm və digər yerli balıq növləri yetişdirilir.

Müstəqil iqtisadçıların araşdırmaları göstərir ki, ölkədə bir çox təbii göllərdə və çay qollarında dambalar quraraq süni göllər yaradır və özəl təsərrüfatların istifadəsinə verirlər, bu isə balıqların təbii artımına və miqrasiyasına mane olur. Belə dambalar bazara daxil olan balığın həcmini nəzarətdə saxlamağa və qiymətləri süni şəkildə yuxarıda tutmağa imkan verir. Kiçik balıqçılar üçün ov sahələrinin məhdudlaşdırılması da bazarda rəqabəti azaldır.

Son illərdə Kür çayının səviyyəsinin düşməsi və suyun dambalar vasitəsilə özəl təsərrüfatlara yönləndirilməsi ekoloji tarazlığı pozmaqla yanaşı, balıqçılıq sektoruna da ağır zərbə vurub. Bu sahəylə məşğul olan kiçik sahibkarlar iddia edir ki, məmur inhisarçılığı balıqçılıqda sağlam rəqabətin qarşısını alır, süni əngəllər yaradır.

Balıqçılıq dövlət tərəfindən tənzimlənən (lisenziya və kvotalar əsasında) bir sahə olduğu üçün, məmur təsiri burada həlledici rol oynayır. Kvotalar (balıq tutma limitləri) çox vaxt şəffaf hərraclar vasitəsilə deyil, məmurlara yaxın olan şirkətlər arasında bölüşdürülür. Sahəyə yeni gələn və ya kiçik həcmli balıqçılar lisenziya almaqda süni maneələrlə üzləşir, nəticədə rəqabət mühiti daha doğulmadan məhv edilir.

Məmurlar nəzarət və təftiş mexanizmlərini rəqibləri bazardan kənarlaşdırmaq üçün bir alət kimi istifadə edə bilirlər. İnhisarçıya bağlı olmayan müəssisələr tez-tez sanitariya, ekologiya və ya vergi yoxlamalarına məruz qalır. Kiçik pozuntulara görə ağır cərimələr tətbiq edilərək rəqiblərin iflasına şərait yaradılır, inhisarçı müəssisələr isə eyni qanun pozuntularına görə toxunulmaz qalır.

İnhisarçı qurum resursun böyük hissəsinə nəzarət etdiyi üçün qiymətləri istədiyi kimi manipulyasiya edir. Rəqibləri sıradan çıxarmaq üçün qiyməti müvəqqəti aşağı salır (dempinq), rəqiblər çəkildikdən sonra isə qiyməti kəskin qaldırır. Balıq limanları, saxlama anbarları və soyuducu sistemlər məmurlara bağlı qrupların əlində toplandıqda, digər balıqçılar öz məhsullarını satmağa yer tapa bilmir və məhsulu inhisarçıya dəyər-dəyməzinə satmağa məcbur olurlar.

Sağlam rəqabət sahibkarı daha yaxşı gəmilər almağa, yeni texnologiyalar (məsələn, müasir akvakultura üsulları) tətbiq etməyə sövq edir. Sahibkar görəndə ki, uğur qazanacağı halda biznesi məmurlar tərəfindən əlindən alına bilər və ya qarşısı kəsiləcək, o, sahəyə investisiya qoymaq istəmir.

İnhisarçının rəqabət qorxusu olmadığı üçün o, keyfiyyəti artırmaqda və ya xərcləri azaltmaqda maraqlı deyil. Bu da son nəticədə istehlakçının keyfiyyətsiz və baha məhsul almasına səbəb olur.

Məmur inhisarı çox vaxt qeyri-qanuni balıq ovuna “çətir” rolu oynayır. Rəsmi kvotası olmayan, lakin məmura arxalanan qruplar dəniz resurslarını amansızca istismar edir. İnhisarçılıq həm ekoloji tarazlığı pozur, həm də ölkənin ərzaq təhlükəsizliyinə zərbə vurur.

Sağlam rəqabət üçün sahə tam şəffaflaşmalı, lisenziyalaşdırma rəqəmsallaşmalı və nəzarətedici orqanla sahibkar arasındakı birbaşa təmas minimuma endirilməlidir.

Balıçqılıq sektorundakı problemlər və təhlükələr

Azərbaycanda balıqçılıq hələ də böyük sənaye miqyasından çox, fərdi və ya kiçik təsərrüfat xarakteri daşıyır. Marketlərdə və bazarlarda təzə balıq çeşidi çox məhduddur. Əsasən dondurulmuş (okean balıqları) və ya standart göl balıqları təklif olunur. Keyfiyyətli və təzə dəniz balığı tapmaq isə həm çətindir, həm də xüsusi “tanışlıq” və ya yüksək ödəniş tələb edir.

Mütəxəssislər bildirirlər ki, balıqçılıq sahəsində müəyyən limitlər olmasa, gələcəkdə bəzi növlərin tamamilə tükənməsi baş verə bilər. Balıqçılıqda “həddindən artıq ovlanma” (overfishing) deyilən bir termin var ki, bu ekosistemin özünü bərpa edə bilməyəcəyi qədər balıq tutulması deməkdir. Balıq ovunda müəyən kovotalar olmalıdır ki, bu da balıqların populyasiya sayına görə müəyyən edilir.

Balıqların artım dövründə balıq tutmaq qəti qadağandır. Bu, balıqların sərbəst şəkildə kürü tökməsi və nəslin davam etməsi üçün kritik məqamdır. Brakonyerlik məhz bu dövrdə böyük zərər vurur. Nərə balıqlarının vəziyyəti bu məsələyə ən yaxşı nümunədir. Xəzəryanı ölkələrin razılığı ilə nərə balıqlarının kommersiya məqsədilə ovlanması qadağan edilib.
Bir növün həddindən artıq ovlanması təkcə həmin növün yox olması deyil, ondan yem kimi istifadə edən digər növlərin də azalması deməkdir.

Kağız üzərində limitlər olsa da, real həyatda vəziyyət fərqli olur. Qanunsuz torlar və elektrik avadanlıqları ilə populyasiya məhv edilir. Çox kiçik gözlü torlardan istifadə etdikdə hələ böyüməmiş körpə balıqlar da tora düşür və artım dayanır. Balıq ovundan əlavə dənizə atılan tullantılar balıqların yaşayış mühitini məhv edir.

Bəzi ekspertlər həyəcan təbili çalaraq bildirirlər ki, limitə nəzarət edilməsə gələcək nəsillər bəzi balıq növlərini ancaq kitablarda görə biləcək. Bu səbəbdən “dayanıqlı balıqçılıq” prinsiplərinə keçid Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Balıqçılıq təsərrüfatları stimullaşdırılmasa və Xəzərin bioresursları bərpa olunmasa bu sahədə ciddi problemlər yaranacaq.

Balıqçılığı necə inkişaf etdirməli və dövlətin hansı planları var?

Azərbaycanda balıqçılıq həm iqtisadi potensial, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm sahədir. Dövlət bu sahədə dağınıqlığı aradan qaldırmaq və vahid nəzarət mexanizmi qurmaq üçün müəyyən addımlar atıb.

2024-cü ilin sonunda “Balıqçılıq və Akvakultura Mərkəzi” yaradılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan bu mərkəz balıq ehtiyatlarının artırılması, idarə edilməsi və nəzarət sisteminin rəqəmsallaşdırılmasına cavabdehdir. Əsasən balıqçılıq təsərrüfatlarının qeydiyyatı prosesinin “ASAN xidmət” modelləri ilə asanlaşdırılması və bürokratik maneələrin aradan qaldırılması nəzərdə tutulur.

Ekspertlər balıqçılğın inkişafı üçün aşağıdakı addımların atılması tövsiyyə edirlər:

– Xəzər dənizində qəfəs tipli balıq yetişdirmə təsərrafatları yaradılmalıdır. Bu həm dəniz ehtiyatlarını qoruyur, həm də yüksək məhsuldarlıq təmin edir;
– az su sərfiyyatı ilə daha çox məhsul əldə etməyə imkan verən qapalı dövriyyəli su sitemləri tətbiq olunmalıdır;
– balıq istehsalçılarına satılan məhsula görə subsidiyalar verilməli və yem xərclərinin qarşılanması üçün güzəştlər edilməlidir;
– digər kənd təsərrüfatı məhsulları istehsalçıları kimi, balıqçılar da bir sıra vergilərdən azad edilməlidir;
-müasir avadanlıq və texnika alışı üçün aşağı faizli kreditlər verilməlidir;
-Xəzər dənizində qanunsuz ovun qarşısının alınması üçün texnoloji nəzərat (dronlar, sensorlar) gücləndirilməlidir;
– dövlətin hədəfi daxili istehsalı illik 50-100 min tona çatdırmaq olmalıdır.
– kənd təsərrüafatına yararsız, lakin balıqçılıq üçün əlverişli torpaqların təyinatının dəyişdirilməsi prosesurları sadələşdirilməlidir;
-yalnız balıq ovu deyil, həm də balıq konservi, hisə verilmiş və dondurulmuş məhsul istehsal edən zavodların inşası dəstəklənməlidir.

Bir sözlə, Azərbaycanda balıqçılığın inkişafı ənənəvi ovçuluqdan elmi əsaslı sənaye istehsalına keçiddən asılıdır.


“Politfm”