Foto: Christophe Licoppe / “Shutterstock”
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib. Brüsseldə bu mərhələni son iki ilin ən böyük sanksiya dalğası hesab edirlər.
Aİ-nin “qara siyahısına” daha 60 şirkət, 100-dən çox fiziki şəxs və “kölgə donanması”na aid təxminən 50 tanker daxil edilib. Əvvəlcə paketə Rusiya neftinin dəniz yoluyla daşınmasına tam qadağa da daxil edilməli idi, lakin sonradan bu bənd siyahıdan çıxarılıb.
Təfərrüatlar
20-ci sanksiya paketi Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) daşıyan tankerlərə və buzqıran gəmilərə münasibətdə texniki, maliyyə və broker xidmətlərinin göstərilməsini qadağan edir. Bu tədbir 25 aprel tarixindən qüvvəyə minir.
“Кölgə donanması” siyahısına daha 46 gəmi əlavə olunub və beləliklə ümumi say 632-yə çatıb. Həmin gəmilər Avropa limanlarına giriş hüququndan məhrum edilib.
Eyni zamanda Rusiyanın Murmansk və Tuapse limanları artıq Avropa şirkətləri ilə əməliyyat apara bilməyəcək. Oxşar məhdudiyyət Karimun limanı üçün də tətbiq edilib.
“Qara siyahıya” kimlər əlavə edilib?
Sanksiya siyahısına 120 fiziki və hüquqi şəxs daxil edilib. Bura yeddi Rusiya neft emalı zavodu, eləcə də “Başneft və “Slavneft” kimi neft şirkətləri daxildir. Həmçinin “Rosneft” və “Gazprom” şirkətlərinin bəzi törəmə müəssisələri də sanksiyalara məruz qalıb.
Maliyyə xidmətləri sahəsində əməliyyat məhdudiyyətləri daha 20 Rusiya bankına və digər ölkələrdən olan dörd təşkilata şamil edilib.
Siyahıya banklar və neft şirkətləriylə yanaşı, Moskva Fizika-Texnika İnstitutu, qızıl hasilatçısı “Mangazeya Mining” şirkəti, “Kalaşnikov” konserninin baş konstruktoru Vladimir Lepin, Mixail Piotrovski və rep ifaçısı Timati də daxildir.
Kriptovalyuta və rəqəmsal rubl
Kriptovalyuta sahəsində Rusiyadan olan provayder və platformalara qarşı sektoral qadağa tətbiq olunub. Rusiyanın RUBx tokeni ilə bağlı əməliyyatlar da sanksiyaya məruz qalıb. Aİ rəqəmsal rubl hazırlanmasına istənilən dəstəyi qadağan edib.
Üçüncü ölkələrə nəzarət güclənir
Aİ ilk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı xüsusi mexanizmi aktivləşdirib. Bu mexanizm Qırğızıstana dəzgah və radioavadanlıq idxalına aiddir.
Brüsseldə bildirilib ki, həmin məhsulların Rusiyaya reeksportunda ciddi artım müşahidə olunur.
Yeni cavab mexanizmi
20-ci paket həmçinin əks-sanksiyalara qarşı yeni reaksiya modelini tətbiq edir.
Bundan sonra Aİ,Rusiya tələblərini məcburi şəkildə icra edən istənilən şəxs və ya şirkətlə işgüzar münasibətləri qadağan edə biləcək.
Avropa müəssisələrinin aktivlərinin müvəqqəti idarə edilməsindən fayda götürdüyü düşünülən şəxslər və şirkətlər də qadağa altına düşəcək.
Ekspert rəyi
Vəkillər kollegiyasının tərəfdaşı Andrey Ryabinin bildirib ki, Aİ mövcud alətləri daha da genişləndirir və dərinləşdirir:
“Söhbət Avropa aktivlərini razılaşdırılmış sövdələşməylə alanlardan yox, Rusiyada sahibinin iradəsi olmadan yerli şəxslərə ötürülən Avropa aktivlərindən gedir”.
Onun sözlərinə görə, Avropa hökumətləri Rusiyadan olan şəxslərin üçüncü ölkə məhkəmələri vasitəsilə Avropa tərəfdaşlarına qarşı iddialar qaldırmaq, sonradan bu qərarları Avropada icra etdirmək cəhdlərini də məhdudlaşdırmaq niyyətindədir.
Ukraynaya 90 milyard avro kredit
Aİ səfirlər səviyyəsində Ukraynaya 90 milyard avroluq kredit paketini təsdiqləyib. Bu, Macarıstan vetosunu geri götürdüyü üçün mümkün olub.
12 apreldə ölkədə keçirilən parlament seçkilərində Viktor Orbanın partiyası məğlub olub, müxalifət konstitusion çoxluq qazanıb.
Aprelin 22-də Kiyev “Drujba” kəməriylə neft nəqlini bərpa edib.
“Şok olmadı”
Rusiya Beynəlxalq Münasibətlər Şurasının baş direktoru İvan Timofeyev hesab edir ki, bu paket iqtisadi baxımdan ciddi dəyişikliklərə səbəb olmayacaq:
“Bu, 2022-ci il deyil. O zaman bu addımlar şok xarakteri daşıyırdı. İndi isə bunlar daha çox əvvəlki mexanizmlərin davamıdır”.
Onun sözlərinə görə, əsas yenilik ixrac nəzarətinin üçüncü ölkələrə də şamil edilməsidir, lakin ümumi mənzərədə ciddi iqtisadi effekt gözlənilmir.
“Politfm”



