Azərbaycanın əlverişli coğrafi mövqeyi, münbit torpağı, geniş istehsal potensialı olsa da, uzun illərdir ki, ölkənin idxaldan asılılığı davam edir. Halbuki ölkə kənd təsərrüfatı məhsullarına olan tələbatının böyük hissəsini daxili istehsal hesabına ödəyə bilər.

İdxaldan asılılıq problemi həm daxili bazarın təminatı, həm də makroiqtisadi sabitlik baxımından ən çox müzakirə olunan mövzulardan biridir. Azərbaycan ixracatının böyük hissəsi neft-qaz sektoruna söykənsə də, gündəlik istehlak və sənaye ehtiyaclarının da əhəmiyyətli hissəsi xarici bazarlardan gəlir.

İdxaldan asılılıq rəqəmlərin diliylə

Ən son statistik məlumatlar vəziyyətin acınacaqlı olduğunu göstərir. Elə məhsullar var ki, Azərbaycan nəinki idxaldan asılı olmamalıdır, əksinə, istehsal qabiliyyətli olmalıdır.

Məsələn, 2026-cı ilin yanvar ayında ölkəyə 8 milyon 208,93 min ABŞ dolları dəyərində 3 min 331,68 ton ət, 83 milyon dollar dəyərində çay idxal olunub.

2025-ci ildə Azərbaycan 54.964.07 ton düyü, 172 milyon dollarlıq kərə yağı idxal edib.

2026-cı ilin yanvar ayında Azərbaycana idxal edilən buğdanın həcmi 129 932.80 ton təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövrüylə müqayisədə buğda idxalı həcm baxımından 50%, dəyər baxımından isə 54.4% artıb.

2025-ci il ərzində ölkəyə 131 milyon 961,13 min ABŞ dolları dəyərində tütün və tütün sənaye əvəzediciləri idxal edilib.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycana 224 min ABŞ dolları dəyərində 337 ton qarpız gətirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 900 ton qarpızın 88,8 %-i İranın payına düşüb.

Ötən il bitki və heyvan mənşəli piylər və yağların idxalı 88 588 ton həcmində, 137,1 milyon dollar dəyərində olub.
Ümumilikdə 2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590 milyon 994 min ABŞ dollarına bərabər olub.

Bu ilin yanvar ayında Azərbaycandan 2,2 milyard dollarlıq ixrac qeydə alınıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bunun 1,9 milyard dolları neft-qaz sektorunun payına düşür.

İdxal rəqəmləriylə bağlı statistikanı davam etdirmək olar. Amma elə bu nümunələrdən də görünür istəyirik ki, Azərbaycan öz potensialından dəfələrlə az nəticə göstərir. İdxaldan bu səviyyədə asılılıq iqtisadi siyasətin yarıtmazlığıyla bağlıdır.

Niderland nümunəsi

Azərbaycandan dəfələrlə kiçik olan bir neçə ölkənin nümunəsinə diqqət edək.
Niderlandın 44.4 min km² ərazisi var. Təqribən Azərbaycanın yarısı boydadır. Niderland, ABŞ-dan sonra dünyanın ikinci ən böyük kənd təsərrüfatı məhsulları ixracatçısıdır, yüksək texnologiyalı, intensiv əkinçilik və heyvandarlıqla seçilir.

Ərazicə kiçik olmasına baxmayaraq innovativ istixana texnologiyaları, yüksək məhsuldarlıq, logistika və dayanıqlı idarəetmə sayəsində qlobal bazarda qida (xüsusilə tərəvəz, pendir, gül) istehsalı üzrə liderdir.

Bu ölkə “ağıllı” kənd təsərrüfatı, dayanıqlı su-torpaq idarəetməsi və istixana texnologiyalarından istifadə edərək digər Avropa ölkələriylə müqayisədə məhsuldarlığı beş dəfə yüksək saxlayır. Avropadan ixrac edilən tərəvəzlərin dörddə biri Niderlandın payına düşür.

Quşçuluq, qırmızı ət emalı, pendir istehsalı, həmçinin lalə və digər bəzək bitkilər (gülçülük) sektoru çox inkişaf edib. Kənd təsərrüfatı sektoru Niderland iqtisadiyyatının təxminən 10%-ni təşkil edir və 660.000-dən çox insanı işlə təmin edir.

İsrail nümunəsi

İsrail 21 km² əraziyə malikdir, Azərbaycandan 4 dəfə kiçikdir. Məhdud su resurslarına və quraq iqlimə baxmayaraq bu ölkənin kənd təsərrüfatı yüksək texnologiyalı suvarma (damlama), çirkab suların təkrar emalı və innovativ istixana metodları sayəsində dünyanın ən qabaqcıl sahələrindən biridir. İsrail daxili tələbatını böyük ölçüdə özü qarşılayır və ildə 600-700 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir.
Əsas sahələr yüksək məhsuldarlığı olan heyvandarlıq (tövlə şəraitində), sitrus meyvələri, tərəvəz və texniki bitkilərdir (günəbaxan, pambıq). Torpaqlar dövlət mülkiyyətindədir. 700 min hektar əkin sahəsinin təxminən 250 min hektarı suvarılır, susuz ərazilərdə də yüksək taxıl məhsuldarlığı əldə edilir. İsrail tərəvəz, meyvə və süni zəka əsaslı kənd təsərrüfatı məhsullarını ixrac edir.

Sinqapur modeli

Sinqapurun ərazisi 734 km²-dir, Abşeron yarımadasından 3 dəfə kiçikdir. Sinqapurda məhdud torpaq sahəsi səbəbindən kənd təsərrüfatı yüksək texnologiyalı, intensiv və daxili məkan (şaquli fermalar) üsullarına əsaslanır.

Ölkə ərzaq təhlükəsizliyini təmin etmək üçün “30 by 30” hədəfi çərçivəsində 2030-cu ilə qədər ərzaq ehtiyacının 30%-ni yerli istehsal hesabına qarşılamağı planlaşdırır. Ölkədə adambaşına düşən ÜDM-in həcmi 99000 dollardan artıqdır. Sinqapurun təbii sərvətləri yoxdur. Bu ölkə hətta içməli suyu da Malayziyadan idxal edir.

Torpaq çatışmazlığını aradan qaldırmaq üçün binaların içində və damlarında süni işıqlandırma üsuluyla becərmə aparılır. Torpaq sahəsini artırmaq üçün sahil bölgələrində meliorasiya layihələri həyata keçirilir. Dəniz məhsulları istehsalı yerli təsərrüfatın bir hissəsini təşkil edir.

Nə etməli?

Torpaq ehtiyatları az olan bu 3 ölkənin nümunəsindən d göründüyü kimi, daxili istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq mümkündür.

Azərbaycanda isə mövcud fürsətlər və imkanlar dəyərləndirilmir. Hökumət daxili tələbatı idxal hesabına ödəmək siyasəti yürütməkdə davam edir. Femerə, sahibkara, kəndçiyə əlavə imkanlar yaratmaq, əyalətlərdə kənd təsərrüfatını dirçəltmək onun prioritetləri arasında deyil.

İdxaldan asılılığı aradan qaldırmaq üçün yerli istehsalın stimullaşdırılması, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması və idxalı azaldacaq sənaye müəssisələrinin yaradılması lazımdır. Yüksək texnologiyalı istehsalın dəstəklənməsi, rəqabətli yerli məhsulların istehsalı və gömrük-tarif tənzimlənməsinin optimallaşdırılması da asılılığı azaltmağa xidmət edər.

“Politfm”