Foto: internet


Azərbaycanda səhiyyə sistemi ilə bağlı narazılıqlar artmaqdadır. Sosial mediada yayılan rəqəmlər bu narazılıqların sistem xarakterli olduğunu göstərir. Xəstə yükü sürətlə artır, infrastruktur və kadr potensialı isə əksinə, azaldılır.


2001–2025-ci illər arasında xəstələrin sayında ciddi artım qeydə alınıb – 2001-ci ildə 1.345.770, 2025-ci ildə isə 2.870.154 nəfər olub.
Bu, təxminən 2 dəfədən çox artım deməkdir.
Bu illər ərzində ölkə əhalisinin sayı təxminən 25-27% artdığı halda, qeydiyyata alınan xəstələrin sayı 113% artıb. Yəni xəstə yükünün artım tempi əhalinin artım tempini xeyli üstələyir.
Amma xəstəxanaların sayı ciddi dərəcədə azalıb – 2001-ci ildə 735, 2025-ci ildə isə 350 xəstəxana olub.

Tibbi personalın və resursların azalması 

Əhali sayının və xəstə yükünün artması fonunda tibbi resurslarda da azalma var.
Azərbaycanda hər 10 000 nəfərə düşən həkim sayı 2002-ci ildə 36,3, 2025-ci ildə isə 34,4 olub.
Başqa göstəricilər üzrə də geriləmə müşahidə olunur:

– hər 10 000 nəfərə düşən tibb işçilərinin sayı: 60 (2001) – 57,7 (2025);
– hər 10 000 nəfərə düşən çarpayı sayı: 87,4 (2001) – 39,4 (2025);

Həkim köçü

Səhiyyə sistemində ən ciddi problemlərdən biri ixtisaslı həkimlərin ölkəni tərk etməsidir. Onların böyük əksəriyyəti Almaniyaya gedib və bu proses aşağıdakı miqyasda baş verib:

2017-ci il – 603 nəfər;
2020-ci il – 1085 nəfər;
2022-ci il – 1432 nəfər;
2024-cü il – 1966 nəfər.

Bu statistikadan məlum olur ki, 7 il ərzində Almaniyada azərbaycanlı həkimlərin sayı 3 dəfədən çox artıb. Bu isə artıq sistemli miqrasiya tendensiyası kimi qiymətləndirilə bilər.
Həkimlər niyə gedirlər sualına cavab verməyə çalışaq. 

Əvvəla ona görə ki, Almaniyada həkimlərin orta aylıq maaşı 4000–6000 avro civarındadır.

İkincisi, Azərbaycanda ildən-ilə artan xəstə yükü və azalan resurslar həkimlərdə peşə yorğunluğu yaradır.

Üçüncüsü, xaricdə müasir avadanlıq, davamlı təhsil və ixtisaslaşma imkanları daha genişdir.

Nəhayət, dördüncüsü, idarəetmə, şəffaflıq və gələcək perspektivlə bağlı problemlər həkimlərin ölkədən getmək qərarında mühüm rol oynayır.

Hökumətin atdığı addımlar

Son illərdə dövlət səhiyyə sahəsində müəyyən addımlar atıb. Bunlara icbari tibbi sığortanın genişləndirilməsi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı, maaşların və səhiyyə büdcəsinin mərhələli şəkildə artırılması daxildir.

2026-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 2 milyard 24,3 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5% çoxdur.
Amma ekspertlər də, ölkə vətəndaşlar da hesab edirlər ki, bu tədbirlər sistemin problemlərini aradan qaldıracaq miqyasda deyil.

İlk növbədə ona görə ki, səhiyyə sistemindəki islahatlar mövcud problemləri nəinki həll etmir, əksinə, xidmət keyfiyyətini aşağı salır və təkcə regionlarda yox, hətta paytaxt Bakıda da tibbi əlçatanlığı azaldır.

Digər tərəfdən, icbari sığorta sisteminin tətbiqi həkimlərin maaşlarını müəyyən qədər artırsa da, iş yükünü xeyli dərəcədə artırıb, əlavə ödənişləri qeyri-sabit hala gətirib. Tibb bacılarının və feldşerlərin çoxsaylı ixtisarı tibbi prosedurlarının icrasını çətinləşdirib.

İslahat, yoxsa ixtisar?

Son illərdə səhiyyə sistemi TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə mərkəzləşdirilmiş idarəetməyə keçib. Bu keçid çərçivəsində:

– xəstəxanaların maliyyələşmə modeli dəyişib ;
– xidmətlər paketləşdirilib;
– ştat vahidlərinin optimizasiyası prosesi başlayıb.

“Struktur dəyişikliyi” və “resursların səmərəli bölgüsü” kimi təqdim edilən bu dəyişikliklər həm tibbi personalın ixtisarına, həm də dövlət xəstəxanalarında çox böyük növbələrə səbəb olub.

İnsanlar xəstəxanalara çox erkən saatlarda gedərək uzun müddət növbə gözləməyə məcbur olurlar. Məsələn, dünən jurnalist Elçin Rüstəmli sosial şəbəkə hesabında yazıb ki,  saat 07:46-da “Yeni klinika”da növbədə olanların sayı artıq 398 nəfərə çatıb.

Bunun səbəbi resursların səmərəli yox, səmərəsiz bölgüsüdür – xəstəxanalarda ştatlar azaldılır, bəzi şöbələr bağlanır və ya digərlərinə birləşdirilir.

İslahatların yaratdığı daha bir problem müvəqqəti və ya xidmət müqavilələrinin artması -sabit iş yeri faktorunun zəifləməsidir.
Digər tərəfdən, kiçik rayon xəstəxanalarının funksiyaları bölgə mərkəzlərinin böyük xəstəxanalarına yönəldilir, nəticədə personalın bir hissəsi işsiz qalır və ya köçməyə məcbur olur.

Başqa sözlə, Azərbaycanın səhiyyəsindəki kadr çatışmazlığı fonunda ixtisar paradoksu yaşanır – struktur optimallaşdırması selektiv-gizli ixtisarlara gətirib çıxarır.

Bu isə təkcə tibbi xidmətin keyfiyyətini və əlçatanlığını yox, səhiyyə sisteminin ümumi dayanıqlığını da risk altına qoyur. Halbuki isan kapitalı və əhalinin əmək qabiliyyəti baxımından bu dayanıqlıq həm də bir milli təhlükəsizlik məsələsidir.

 

“Politfm”