Foto: internet



ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” çərçivəsində həyata keçirilən missiyanın müvəqqəti dayandırıldığını açıqlayıb.

 

O, bu barədə özünün “Truth Social” platformasında yazıb.

Amerika prezidenti bildirib ki, qərar Pakistanın və digər ölkələrin müraciəti, eləcə də İranla danışıqlarda müşahidə olunan müsbət irəliləyişlər nəzərə alınmaqla qəbul edilib.

“Pakistanının və digər dövlətlərin müraciətini, İrana qarşı kampaniya çərçivəsində əldə etdiyimiz böyük hərbi uğuru, həmçinin İran nümayəndələriylə tam və yekun razılaşmaya nail olmaq istiqamətində ciddi irəliləyişi nəzərə alaraq razılaşdıq ki, blokada tam qüvvədə qalmaqla, “Azadlıq” layihəsi yekun sazişin hazırlanıb imzalanmasının mümkün olub-olmayacağını yoxlamaq üçün qısa müddətə dayandırılsın” deyə, ABŞ prezidenti qeyd edib.

Bundan əvvəl Pentagon Hörmüz boğazında “Azadlıq Layihəsi” adlı yeni müdafiə əməliyyatına start verildiyini açıqlamışdı. Ardınca İran Hörmüz boğazı üzərindən tranzitə nəzarət üçün yeni mexanizm tətbiq etmişdi.

Trampın açıqlamasından sonra neft qiymətlərində eniş başlayıb.

“Brent crude” markalı neft 6,70 dollar (6,1%) ucuzlaşaraq bir barel üçün 103,17 dollara – son iki həftənin ən aşağı səviyyəsinə enib.

ABŞ-nin WTI markalı neftinin qiyməti isə 6,77 dollar (6,6%) azalaraq 95,50 dollara geriləyib.

 

“Politfm”