Fransa və Almaniya ortaq qırıcı təyyarə layihəsindən imtina ediblər (foto:”Reuters”)

 

 

Avropa Mərkəzi Bankının keçmiş rəhbəri və İtaliyanın keçmiş baş naziri Mario Dragi 2026-cı il fevralın 2-də Belçikanın KU Leuven Universitetində fəxri doktorluq dərəcəsi aldığı mərasimdə bildirmişdi ki, mövcud dünya düzəni artıq əvvəlki qaydalarla işləmir.

Onun fikrincə, ABŞ və Çin arasında sıxışan Avropa iqtisadi və texnoloji rəqabətdə geri qalmamaq, eyni zamanda müstəqil güc mərkəzinə çevrilmək üçün köhnə fikir ayrılıqlarını aradan qaldırmalıdır. Bunun üçün müdafiə, sənaye və xarici siyasət kimi strateji sahələrdə yalnız mövqeləri uzlaşdırmaq kifayət etmir. Ortaq qərarlar qəbul etməyə imkan verən işlək mexanizmlər də yaradılmalıdır.

Dragi bu yanaşmanı “praqmatik federalizm” adlandırmışdı. O, bütün Avropa İttifaqının dərhal federasiyaya çevrilməsini nəzərdə tutmurdu. Dragi əməkdaşlığa hazır olan ölkələrin əvvəlcə birgə addım atmasını, digərlərinin isə sonradan onlara qoşula bilməsini təklif edirdi.

Ancaq Avropa ölkələri, deyəsən, müstəqil güc mərkəzinə çevrilməyin əhəmiyyətini hələ də tam dərk etmir və ya aralarındakı fikir ayrılıqlarını həll edəcək siyasi praqmatizm göstərə bilmirlər. Fransa, Almaniya və İspaniyanın birlikdə hazırlamaq istədiyi yeni nəsil qırıcı təyyarə layihəsinin taleyi bunun ən son nümunəsidir.

“The Guardian” yazır ki, təxminən 100 milyard avro dəyərində qiymətləndirilən proqram illərlə davam edən mübahisələrdən sonra dayandırılıb. İndi Fransa öz təyyarəsini yaratmağa hazırlaşır. Almaniya isə Böyük Britaniya, İtaliya və Yaponiyanın rəqib proqramına qoşulmağı nəzərdən keçirir.

Məsələ yalnız bir qırıcı təyyarənin taleyi ilə məhdudlaşmır. Layihənin dağılması Avropanın müdafiə xərclərini bölüşmək, texnologiyanı birlikdə hazırlamaq və ABŞ silahlarından asılılığı azaltmaq imkanlarına dair ciddi suallar yaradıb.

Təyyarə istehsalı və üstəgəl bir çox başqa şey

Fransa və Almaniya Gələcəyin Döyüş Hava Sistemi (FCAS) proqramını 2017-ci ildə başladıb. Daha sonra İspaniya da layihəyə qoşulub. Yeni sistemin 2040-cı illərdə Fransanın “Rafale”, Almaniya və İspaniyanın isə “Eurofighter Typhoon” qırıcılarını əvəz etməsi nəzərdə tutulurdu.

FCAS yalnız yeni təyyarənin hazırlanmasını əhatə etmirdi. Proqrama həm də pilotsuz döyüş aparatları, məlumatların qorunan şəbəkə vasitəsilə paylaşılması və bütün bu vasitələrin vahid sistemdən idarə olunması daxil idi.

Yeni qırıcı təyyarə süni intellektdən istifadə etməli, radarlar tərəfindən çətin aşkarlanmalı və onu müşayiət edən pilotsuz aparatlara tapşırıqlar verməli idi. Təyyarənin geniş döyüş sisteminin əsas idarəetmə vasitəsinə çevrilməsi planlaşdırılırdı.

Amma Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts iyunda layihədə iştirak edən şirkətlərin razılığa gələ bilməməsi faktıyla barışdılar. Bundan sonra qırıcı təyyarə üzərində birgə iş dayandırıldı. Dronların və məlumat mübadiləsi sisteminin ayrıca davam etdirilməsi ehtimalı hələ qalmaqdadır, ancaq proqramın əsas hissəsinin gələcəyi qeyri-müəyyəndir.

Əsas mübahisə mövzusu – layihəyə rəhbərlik etmək

Proqramın qarşısındakı ən böyük maneə iş bölgüsü və layihəyə kimin rəhbərlik edəcəyi ilə bağlı mübahisə oldu. Fransanın “Dassault Aviation” şirkəti qırıcı təyyarənin hazırlanmasında əsas söz sahibinin özü olmasını istəyirdi. Şirkət “Rafale”-ın istehsalçısı kimi bu sahədə daha çox təcrübəyə malik olduğunu bildirirdi.

Almaniya və İspaniyanın maraqlarını təmsil edən “Airbus Defence and Space” isə işin və texnologiyanın tərəflər arasında daha bərabər bölünməsini tələb edirdi. “Dassault” texniki biliklərini və istehsal sirlərini qorumaq istəyir, “Airbus” isə daha geniş texnologiya mübadiləsində israr edirdi.

“Dassault”-un rəhbəri Erik Trappye layihənin bir neçə şirkət tərəfindən birlikdə idarə olunmasını qəbul etmədiyini açıq şəkildə bildirmişdi. “Airbus” isə proqramın əsas hissəsinin bir şirkətin nəzarətinə verilməsini bərabərhüquqlu əməkdaşlıq saymırdı.

İki ölkənin təyin etdiyi vasitəçilər tərəfləri razılaşdırmağa çalışsalar da, nəticə əldə olunmadı. Sentyabrın əvvəlində Fransanın “Safran” şirkəti Almaniyanın “MTU Aero Engines” şirkəti ilə qırıcı təyyarə üçün mühərrik hazırlamaq məqsədilə apardığı birgə işi dayandıracağını açıqladı. Bu qərar layihənin əvvəlki formada bərpa olunması ehtimalını daha da azaltdı.

Fransa və Almaniyaya fərqli təyyarələr lazımdır

Mübahisə yalnız müqavilələrin və istehsal payının bölüşdürülməsi ilə bağlı deyildi. Fransayla Almaniyanın hərbi ehtiyacları da fərqlənirdi.
Fransa yeni qırıcının təyyarədaşıyan gəmidən qalxıb-enməsini və ölkənin nüvə silahlarını daşımasını istəyirdi. Bunun üçün təyyarə nisbətən kiçik və dəniz şəraitində istifadəyə uyğun hazırlanmalı idi.

Almaniyanın isə təyyarədaşıyan gəmisi yoxdur. Berlin FCAS daxilində hazırlanacaq qırıcıya Fransanın tələb etdiyi imkanların verilməsinə də ehtiyac görmürdü. Merts hətta 2040-cı illər üçün pilotlu qırıcı təyyarə hazırlamağın Almaniya ordusunun maraqları baxımından nə dərəcədə məqsədəuyğun olduğunu açıq şəkildə sorğulamışdı.
Beləliklə, layihənin əsas sualı cavabsız qalırdı: tərəflər ortaq bir təyyarə hazırlayırdılarsa, o, ilk növbədə hansı ölkənin hərbi ehtiyaclarına uyğun olmalı idi?

Fransa təkbaşına davam etməyə hazırlaşır

Layihənin dayanmasına baxmayaraq “Dassault Aviation” yeni qırıcı hazırlamaq fikrindən vaz keçməyib. Şirkətin rəhbəri Fransanın təyyarəni təkbaşına və ya başqa tərəfdaşlarla birlikdə yarada biləcəyini deyib. İlk sınaq nümunəsini 2031-ci ildə havaya qaldırmaq hədəflənir.

Lakin müdafiə sənayesində “Dassault”-un bütün imkanlara təkbaşına yiyələnib-yiyələnmədiyinə şübhə edənlər var. Şirkət “Rafale”-ı yeni radar, mühərrik, silah və rəqəmsal sistemlərlə xeyli təkmilləşdirə bilər. Amma tamamilə yeni və radarlar tərəfindən daha çətin aşkarlanan altıncı nəsil qırıcının hazırlanması daha böyük maliyyə və texnoloji imkan tələb edir.

Ona görə də Fransanın sonda “Rafale”-ın daha güclü versiyasını hazırlaması ehtimalı da nəzərdən keçirilir. 2030-cu illərin əvvəli üçün planlaşdırılan növbəti “Rafale” modeli pilotsuz döyüş aparatları ilə birlikdə işləyə biləcək.

Almaniya başqa proqrama qoşula bilər

Almaniyanın seçimlərindən biri Böyük Britaniya, İtaliya və Yaponiyanın həyata keçirdiyi Qlobal Döyüş Hava Proqramına (GCAP) qoşulmaqdır. Bu proqram çərçivəsində “Tempest” adlı altıncı nəsil qırıcı təyyarə hazırlanır. Onun 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bu üç ölkə layihəni həyata keçirmək üçün “Edgewing” adlı birgə şirkət yaradıb. Tərəflər iş bölgüsü və idarəetmə ilə bağlı əsas mübahisələri proqramın ilkin mərhələsində həll etməyə çalışıblar.

GCAP iştirakçılarından bəziləri Almaniyanın da bu proqrama qoşulmasına müsbət yanaşırlar. Bu ölkə Avropanın ən böyük iqtisadiyyatıdır və layihəyə böyük maliyyə, sənaye və sifariş imkanı gətirə bilər. İtaliyanın “Leonardo” şirkətinin rəhbəri Lorenzo Mariani Almaniyanı güclü maliyyə tərəfdaşı adlandırıb.

Amma yeni tərəfdaşın cəlb edilməsi iş bölgüsünə dair razılaşmaların yenidən nəzərdən keçirilməsini tələb edə bilər. Bu, layihəni ləngidə və FCAS-da yaşanan mübahisələrin GCAP daxilində də təkrarlanmasına səbəb ola bilər.

Kanada proqrama müşahidəçi kimi qoşulub. Bu status ona gələcək təyyarənin mümkün alıcılarından biri olmaq imkanı verir, ancaq istehsalın bölüşdürülməsində əsas tərəfdaşlarla eyni hüquqları qazandırmır. Almaniyanın da yalnız alıcı kimi qoşulması ölkəni yüksək texnologiyalı istehsaldan və yaradılacaq iş yerlərindən məhrum edə bilər.

Üç fərqli qırıcı istehsalı nə dərəcədə realdır?

Fransa öz təyyarəsini hazırlasa, Almaniya ayrıca proqram başlatsa, Böyük Britaniya, İtaliya və Yaponiya da “Tempest” üzərində işi davam etdirsə, Avropada paralel olaraq üç yeni qırıcı yaradıla bilər.

Mütəxəssislər bu ssenarini iqtisadi baxımdan real saymırlar. Yeni nəsil qırıcıların hazırlanması on milyardlarla avroya başa gəlir. Layihənin xərcini doğrultmaq üçün yüzlərlə təyyarənin istehsalı və ixracı lazımdır. Müdafiə sənayesində təxminən 600 təyyarəlik sifariş uğurlu proqram üçün münasib göstərici hesab olunur.

Avropanın heç bir ölkəsinin təkbaşına bu qədər təyyarəyə ehtiyacı yoxdur. Məsələn, Fransa ordusunun hazırda 228 “Rafale” qırıcısı var. Bir neçə Avropa proqramının eyni xarici sifarişlər uğrunda rəqabət aparması onların hər birinin istehsal sayını azaldar, bir təyyarənin qiymətini artırar.

Ortaq proqram istehsal xərclərini bölüşdürməyə, daha çox sifariş toplamağa və müxtəlif ölkələrin texnoloji imkanlarını bir araya gətirməyə şərait yaradır. Tərəflər istehsal payı, iş yerləri və layihəyə rəhbərlik məsələsində güzəştə getməyə hazır olmadıqda isə bu üstünlüklər aradan qalxır.

Tarix təkrarlanır

Avropada buna bənzər vəziyyəti əvvəllər də yaranıb. 1980-ci illərin əvvəllərində Fransa, Böyük Britaniya, Qərbi Almaniya, İtaliya və İspaniya birlikdə yeni qırıcı hazırlamaq istəyirdi. Təyyarənin texniki imkanları və istehsal payının bölüşdürülməsi barədə mübahisələrdən sonra Fransa proqramdan çıxdı.

“Dassault” daha sonra “Rafale”-ı yaratdı. Qalan dörd ölkə isə “Eurofighter Typhoon”-u hazırladı. İlk uçuşundan 30 ildən çox vaxt keçməsinə baxmayaraq hər iki təyyarənin istehsalı davam edir.

İndi oxşar fikir ayrılıqları altıncı nəsil qırıcı proqramlarında yenidən üzə çıxıb. Bu dəfə təyyarələrin texnologiyası daha mürəkkəb, hazırlanması isə qat-qat bahadır.

FCAS-ın taleyi göstərir ki, Avropanın müstəqil müdafiə gücü yaratması üçün yalnız böyük büdcələr və qabaqcıl şirkətlər kifayət etmir. Ayrı-ayrı dövlətlər milli sənaye maraqlarını ortaq strateji məqsədlə uzlaşdırmağı da bacarmalıdırlar. Əks halda, Avropa ölkələri eyni işi bir neçə dəfə görəcək, milyardlarla avronu ayrı-ayrı layihələrə xərcləyəcək və nəticədə yenə xarici texnologiyadan asılı qalacaqlar.

“Politfm”